İqtisadiyyat naziri Mikayıl Cabbarovun mətbuata verdiyi məlumata əsasən, Azərbaycanın nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olarkən, bu ölkənin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin Baş icraçı direktoru və “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurlu inkişafı, “yaşıl enerji” sahəsində Masdar şirkəti ilə birgə reallaşdırılan mühüm layihələr və energetika sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, nazir Mikayıl Cabbarovun BƏƏ-yə səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. SOCAR prezidenti Rövşən Nəcəfin də iştirak etdiyi tədbirlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru və “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberlə görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr, habelə onların icra vəziyyəti barədə məlumat verib.
Nazir M.Cabbarov daha sonra alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin güclü potensiala malik olduğunu və Azərbaycanın bu sahədə BƏƏ-nin “Masdar” şirkəti ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.
Yeri gəlmişkən, hazırda ölkəmizdə enerji istehsalının bərpaolunan mənbələr hesabına şaxələndirilməsi əsas vəzifələrdən biridir. Bu istiqamətdə “Masdar”ın fəaliyyəti xüsusi diqqət çəkir. Şirkətin respublikamızda həyata keçirdiyi layihə dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərin reallaşdırılmasına xidmət edir.
Xatırladaq ki, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ölkəmizin quruda 27 giqavatt enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavatt enerji potensialı mövcuddur. Bu enerjinin gerçəkləşdirilməsi, istehsalı və ixracı üçün genişmiqyaslı layihələrin reallaşdırılması, həmçinin investisiyaların qoyulması tələb olunur.
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib, xarici investisiyaların cəlb olunması istiqamətində bir sıra danışıqlar aparılıb, müqavilələr imzalanıb. Bununla da respublikamızda bərpaolunan elektrik enerjisi ixracını artırmaq üçün geniş imkanlar açılıb.
Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində bir sıra mühüm investisiya müqavilələrini imzalaması, respublikamızda günəş və külək enerjisi stansiyalarının tikintisinə başlanılması da yuxarıda vurğulanan fikrin bariz ifadəsidir. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsinin BƏƏ-nin “Masdar” şirkəti ilə birgə həyata keçirilməsi də həmin istiqamətdə atılan uğurlu addımlardan biridir. Mütəxəssislərin bildirdiyinə görə, adıçəkilən şirkət mövcud sahədə Azərbaycan üçün əsas və güvənilən tərəfdaşlardan biridir. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacağı nəzərdə tutulur.
Son məlumata görə, Qaradağ Günəş Elektrik Stansiyasında hazırda panellər tədricən əraziyə gətirilir. Eyni zamanda, 330/35 kV-luq yarımstansiyanın tikintisi davam etdirilir. Tək oxlu günəş izləmə sistemi ilə təchiz olunacaq GES-in cari ilin sonuna qədər istismara veriləcəyi də vurğulanır.
Bir sözlə, “Masdar” Azərbaycanda alternativ enerji sahəsində böyük layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu, cari il yanvarın 15-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası SOCAR ilə adıçəkilən xarici şirkət arasında imzalanan sazişlə öz təsdiqini tapıb.
Bu məqamda onu da qeyd edək ki, respublikamızın strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat Günəş enerjisini istehsal etməyi planlaşdırır ki, onun da 80 faizinin ixrac olunacağı planlaşdırılır. Bununla yanaşı, 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması da nəzərdə tutulur.
Göründüyü kimi, ölkəmizdə bərpaolunan enerji layihələrinin reallaşdırılması prioritet istiqamətdir. Dövlətimizin başçısı bu sahənin inkişafına, sözügedən istiqamətdə tədbirlərin genişləndirilməsini diqqət mərkəzində saxlayır.
ADA Universitetinin təşkilatçılığı ilə mayın 3-də Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bərpaolunan enerji ilə bağlı məsələyə münasibət bildirən Prezident İlham Əliyev deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaolunan enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. Onun, təxminən, 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaşdırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”.
Dövlətimizin başçısının diqqətə çatdırdığı bütün bu fikirlər Azərbaycanın Avropa üçün vacib “yaşıl enerji” təchizatçısına çevrilməsi yolunda atdığı uğurlu addımlardan xəbər verir.
Beləliklə, Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilən neft kəmərləri isə Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilir.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Hazırda respublikamızda elektroenergetika sistemində ümumi gücü 6642 meqavat olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 meqavat olan 30 su elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 meqavat gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 meqavat olan 8 Günəş elektrik stansiyası və ümumi gücü 7,4 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 faizini təşkil edir.
Bu məqamda onu da xatırladaq ki, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün güclü bərpaolunan enerji mənbələri hesabına yeni elektrik stansiyalarının istifadəyə verilməsi nəticəsində hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 meqavata çatıb. Bununla da ötən illə müqayisədə 392,4 meqavat və ya 4,9 faiz artım yaranıb.
Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”