Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair ictimai dinləmə keçirilib.
“Azərenerji” prezidentinin müşaviri Vüqar Əliyev deyib ki, ötən müddətdə 11 yeni 110 kilovoltluq, bir 330 kilovoltluq yarımstansiya tikilib. İdarəetmə mərkəzləri yaradılıb, 600 kilometrdən artıq xətt çəkilib. İşğaldan azad edilmiş ərazilərdə 11 su elektrik stansiyası yenidən qurulub. İşğalçılar tərəfindən dağıdılaraq yarıtmaz vəziyyətə salınmış 29 stansiyanın ümumi gücü 135,8 meqavat təşkil edib. Bunlardan da ümumi gücü 53,6 meqavat olan 11 ədədi bərpa olunaraq istifadəyə verilib. O, həmçinin deyib ki, işğaldan azad edilmiş ərazilərdə 237,55 meqavat gücündə 38 yeni su elektrik stansiyasının tikintisi təklif olunur.
“Azərenerji”nin nümayəndəsi onu da əlavə edib ki, SES-lər üzrə layihələr hazırlandıqda su resurslarından səmərəli istifadə, istehlakçıların suya olan tələbatının təmin olunması, ekoloji normaların qorunması və kinetik enerjisindən istifadə edilərək elektrik enerjisinin istehsalı məqsədləri nəzərə alınır.
“Xalq qəzeti”