Bakı–Tbilisi–Qars dəmir yolu Orta Dəhlizə qovuşur

post-img

Hazırda Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti ilə yüklərin daşınma potensialının artırılması istiqamətində tikinti tempinin sürətləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. BTQ-nin genişləndirilməsi isə Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi məqsədi daşıyır. 

Artıq “Azərbaycan Dəmir Yolları” Qa­palı Səhmdar Cəmiyyəti adıçəkilən dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunlu­ğu 183 kilometr olan mürəkkəb coğrafi rel­yefə malik sahəsində təmir-bərpa, rekons­truksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılma­sı üçün yeni podratçılar cəlb edib. 

Qeyd edək ki, 2017-ci ildən ilkin olaraq istifadəyə verilmiş sözügedən dəmir yolu xəttinin çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahə­sində təmir-bərpa işlərinə başlanılması yol təsərrüfatının sağlamlaşdırılması, onun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəzliyi baxımından həyata keçirilən tədbirlərdir. Hazırda aparılan iş­lər nəticə etibarı ilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq. Belə ki, Asiyadan gələn yüklərin Azərbay­can üzərindən biraşırımlı əməliyyatla Av­ropaya daha sürətli çatdırılması BTQ-ın regional nəqliyyat şəbəkəsindəki əhəmiy­yətini daha da önə çıxarır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, ötən müddətdə xətlər tam elektrikləşdiri­lib, dəmir yolunun inşası, əsasən, tamam­lanıb. Hazırda 12 stansiyada elektrik təc­hizatı, rabitə və işarəvermə qurğularının, stansiya işçiləri üçün inzibatı binaların, müasir köməkçi kommunikasiya işlərinin tamamlanması yerinə yetirilir. Layihə üzrə müvafiq tamamlama işlərinin qısa müd­dətdə yekunlaşdırılması üçün may ayının ortalarından etibarən yolda yüklərin daşın­ması müvəqqəti olaraq məhdudlaşdırılıb.

Yeri gəlmişkən, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dör­düncü beynəlxalq konfransda Prezident İlham Əliyev BTQ-nin Gürcüstan hissə­sində həyata keçirilən genişləndirmə iş­ləri ilə bağlı deyib: “Hazırda Azərbaycan Bakı–Tbilisi–Qars dəmir yolunun uzadıl­masına əlavə vəsaitlər ayırır. Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gün­dən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq”.

Xatırladaq ki, Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi ilə bağlı razılaşma sənədi Azərbaycan, Gürcüstan və Türkiyənin döv­lət başçılarının 2005-ci ilin yanvar ayında baş tutan görüşü zamanı imzalanıb. Bu­nunla belə, maliyyə çatışmazlığı ucba­tından layihənin icrası ləngiyib. 2005-ci ilin may ayında Azərbaycan paytaxtında Bakı–Tbilisi–Ceyhan boru kəmərinin açı­lışı zamanı üç ölkənin prezidenti yenidən bu məsələyə qayıdaraq dəmir yolu xətti­nin tikintisinə başlamağın vacibliyini növ­bəti dəfə bəyan ediblər. Yeri gəlmişkən, ABŞ və Avropa Birliyi Ermənistan amilinə görə layihəyə qarşı çıxaraq dəmir yolunun tikintisinin maliyyələşdirilməsindən imtina ediblər. Belə olan təqdirdə Azərbaycan tikintinin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 il müddətinə 220 milyon dollar kredit ayrılıb. Bütövlükdə isə, BTQ-nin tikintisinin maliyyələşdirilmə­sinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xətti ilə indiyədək təqribən 745 milyon dollar vəsait yönəldilib. Türkiyə hö­kuməti isə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin ölkə ərazisindən keçən hissə­sinin inşasına 345 milyon dollar ayırıb.

2007-ci il noyabr ayının 21-də Gür­cüstanın Marabda kəndində Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin təməli qoyulub. 10 il ərzində Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində nəhəng tikinti-quraş­dırma işləri həyata keçirilib. Bakı–Tbili­si–Qars dəmir yolu 2017-ci il sentyabrın 7-də də Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarının yola salınmasın­dan sonra istifadəyə verilib. Bu münasi­bətlə oktyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı yaxınlığındakı Ələt qəsəbəsində təntənə­li açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən dövlətimizin başçısı Bakı–Tbilisi–Qars dəmir yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini vurğulayaraq deyib: “Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan isti­fadə edən bütün ölkələr arasındakı əmək­daşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yo­lun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı–Tbilisi–Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələri­mizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.

Yeri gəlmişkən, Bakı–Tbilisi–Qars də­mir yolu Türkiyə və Azərbaycanı, xüsusən də Mərkəzi Asiya və Çini Avropa ilə dəmir yolu vasitəsilə birləşdirmək məqsədilə inşa olunub. Hazırda adıçəkilən marşrutla Asiyadakı məhsulların 15 gün müddətində Avropaya çatdırılması mümkündür. İndiki mərhələdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu ilə ildə təqribən 6-8 milyon ton yük daşınır. Layihəyə əsasən, polad ma­gistralla növbəti illərdə 3 milyon sərnişin və 17 milyon ton yük daşınması nəzərdə tutulur.

BTQ-nin ümumi uzunluğu 826 kilometr təşkil edir. Bunun da 504 kilometri Azər­baycana aiddir. Bu isə BTQ-nin ölkəmizin ən mühüm nəqliyyat infrastrukturu oldu­ğunu deməyə əsas verir. Pezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı–Tbilisi–Qars dəmir yolu tarixi, strateji əhəmiyyətli layihədir. Layihə Azərbaycan üçün siyasi, iqtisadi və strateji baхımdan xüsusi əhə­miyyət daşıyır. Hər şeydən əvvəl, ölkəmiz bu marşrut vasitəsilə beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanı qazanıb. Belə ki, dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür. Azərbaycanın iqtisa­di inkişafına mühüm töhfələr verən BTQ, həm də ölkəmizin tranzit imkanlarını xeyli artırıb. 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

İqtisadiyyat