Bu ilin yanvar–aprel aylarında İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə 51,1 milyon manat köçürüb.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 4 aylıq ödənişin 40,8 milyon manatı özəlləşdirmə, 10,8 milyon manatı isə icarə hesabına təmin edilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 dəfə və 25,2 faiz çoxdur.
Hesabat dövründə 16 hərrac keçirilib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 8 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 198 nəqliyyat vasitəsi özəlləşdirilib. Ötən müddətdə hərraca çıxarılmış dövlət əmlakları üzrə 130 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 26 onlayn qoşulma reallaşıb. İlin ilk 4 ayı ərzində hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Cari ilin yanvar–aprel aylarında bağlanmış 1045 yeni icarə müqaviləsinin 223-ü qeyri-yaşayış sahələrinə, 822-si isə torpaq sahələrinə aid olub.