Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Budapeştdə ziyafət təşkil olunub.
Səfir Tahir Tağızadə Macarıstan tarixində inqilabçı kimi yaddaqalan Baş nazir Layoş Koşut və islahatçı Baş nazir Gyula Andrassinin adlarını qeyd edərək Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra xoşbəxtlikdən ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin rəhbərliyi ilə hər iki yanaşmanı özündə birləşdirən uzaqgörən siyasət sayəsində böhrandan, həmin dövrdəki siyasi, təhlükəsizlik və iqtisadi çağırışlardan daha güclü çıxdığını vurğulayıb.
Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak ölkəmizi Müstəqillik Günü və ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib. O, Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Şandor Lejak bu yaxınlarda ölkəmizə səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb.
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxışında Heydər Əliyev Fondunun ölkə daxilində və xaricində çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Fondun prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bir sıra Avropa ölkələrində həyata keçirilən bərpa işlərini, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq proseslərini diqqətə çatdırıb. F. Novruzov Heydər Əliyev Fondunun ulu öndərin siyasi irsinin təbliğində böyük rol oynadığını vurğulayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışıb. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Çıxışlardan sonra Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” xalq musiqisi qrupunun üzvləri Azərbaycan mahnılarını ifa ediblər. Eyni zamanda, Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin rəhbərlik etdiyi, türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun üzvlərinin ifaları dinlənilib.