Heydər Əliyev dərsləri

post-img

(əvvəli https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri
https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri)

Öz səhvlərinizin bəlasını çəkirsiniz

Doxsanıncı illərin ortalarında Azərbaycan Milli Elmlər Akademiyası ətrafında cərəyan edən xoşagəlməz hadisələr elmi ictimaiyyət arasında bir çaşqınlıq yaratmışdı. Heydər Əliyev 1997-ci ilin yanvarında AMEA-nın rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşündə yaranmış vəziyyətin səbəblərini müzakirə etmişdi. 

Eldar Salayev (AMEA-nın o vaxtkı prezidenti-F.S.) görüşdə bildirdi ki, qa­nun qəbul olunub, indiyə qədər imzalan­mayıb. Ulu öndər dərhal ona cavab ver­di, bunda sizin günahınız var. Elə qanun qəbul edin ki, imzalansın. Bir tərəfdən deyirsiniz ki, akademiyanı kimsə dağıt­maq istəyir, o biri tərəfdən də 1992-ci ildə qərar qəbul etmisiniz ki, akademiya özünü idarə edən təşkilatdır, müstəqildir, filandır, heç kəsdən asılı deyil, bir Alla­ha tabedir. Elə bu dağıntı işini özünüz etmisiniz. Nizam-intizam pozulanda, dövlətçilik pozulanda hər şey ola bilər. 

O vaxt ki, – 1992-ci ildə – dövlətçiliyi pozurdular onda siz bu fürsətdən istifadə edib bunu pozmusunuz. Elə bildiniz ki, bu, sizə xeyir gətirəcək? Xeyir gətirməyəcək­dir. Görürsünüz gəlib nə günə düşdünüz? Ona görə öz səhvlərinizin bəlasını çəkirsiniz və mən bu səhvlərə yol verə bilmərəm. Bəli, mən göstəriş vermişəm o qanunu işləsinlər. Şübhəsiz ki, elm müstəqildir, başqa sahələrdəki kimi el­mdə də demokratik prinsiplər tam tətbiq olunmalıdır. Amma Azərbaycanın Elmlər Akademiyası Azərbaycan dövlətinindir və Azərbaycanın Prezidentinə tabedir. Bu, özəl təşkilat deyil ki, özünüz-özünüzdən bir şey çıxarasınız...

Si̇z özünüzü kənara çəkmisiniz

1990-cı ilin Yanvar faciəsinə vax­tında siyasi qiymət verilməməsinin əsas günahkarları o dövrki hakimiyyət təmsilçiləri idi. 1997-ci ilin yanvarında AMEA-da keçirilən görüşdə Heydər Əliyev tanınmış bir çox ziyalıların, alimlərin də bu məsələyə münasibət­də biganə qalmasının bağışlanılmaz səhv olduğunu diqqətə çatdırdı:

– 1989-cu ildə Tbilisi hadisələri olmuşdu. Orada 16 adam həlak olmuş­du, özü də oraya kənardan qoşun gəlməmişdi, Zaqafqaziya Hərbi Dairəsi­nin qoşunları idi. Meydanda 16 adam həlak olmuşdu. Amma gürcülər bu məsələni qaldırdılar. Moskvada xalq deputatları, – sizlər də onların arasında vardınız, – həmin o Qurultaylar sarayın­da hamını ayağa qaldırdılar ki, həlak olanların xatirəsi yad edilsin. Qorbaçovu məcbur elədilər– o, gürcü xalqından üzr istədi. Amma ondan yarım il, yaxud yed­di-səkkiz ay sonra Azərbaycanın başına bundan on qat artıq bəla gəldi. Nə etdi­niz? Bizdən, xalqımızdan üzr istədilərmi? Yox! Buna qiymət verildi? Yox! Həmin o yanvarın 24-25-də keçirilən plenumda – indi vəzifədə olan bəzi adamlar da var, deyirlər ki, biz nə edəcəkdik? – Görün, nə edərdiniz. 

O vaxt Kommunist Partiyasının Mərkəzi Komitəsi ən yüksək, hakim dövlət strukturu idi. Sessiyada qəbul olunmuş qərarı təsdiq edəydiniz, təkrar edəydiniz, – əgər bundan artığına gücünüz, yaxud qüdrətiniz çatmırdısa. O plenumda iştirak edənlərin bəziləri buradadır, mən sizin üzünüzə deyirəm – onu təsdiq edəydiniz, təkrar edəydiniz, yaxud da ona bənzər bir bəyanat qəbul edəydiniz ki, Azərbaycan KP MK plenumu Azərbaycan xalqına qa­rşı edilmiş hərbi təcavüzü pisləyir və tələb edir ki, buna son qoyulsun. Bunu etmədi­niz. Camaat küçələrdə qırıldı. Küçələrdə partiya biletlərini atanlar atdı, yandıran­lar yandırdı. Amma Mərkəzi Komitənin üzvləri, deputatlar faciədən beş gün son­ra yığışdılar, ağızlarına su alıb oturdular, cinayətkarları da başladılar müdafiə et­məyə. 

Budur, bizim tariximiz! Bu, həqiqət­dir. Bu həqiqətdən heç kim qaça bilməz. Ona görə də, Eldar (Salayev-AMEA-nın o vaxtkı prezidenti-F.S.), sən necə çıxış etmisən, hansı cür çıxış etsən də onun qiyməti yoxdur. Çünki niyə, mən bunu belə hesab edirəm. Sənin mart ayın­dakı çıxışını oxumamışam, bilmirəm. Amma əgər sən orada çıxış edib ittiham etmisənsə, doğrudan da, öz etirazını bildirmisənsə, nəyisə tələb etmisənsə, gətir o sənədi, qoy mənim qabağıma, deyim onu sabah televiziya ilə versinlər. Gətir o stenoqramı. Amma sən orada durub onu bir balaca tənqid etmisənsə, bunu bir balaca tənqid etmisənsə – hesab edirsən ki, böyük iş görmüsən – bu, böyük iş deyil. 

... Ona görə Qanlı Yanvar faciəsi­nin günahkarları, – şübhəsiz ki, on­lar məlumdur, həm Moskvada, həm də Azərbaycanda – başqaları da. O cümlədən sizin çoxunuz da ki, bu işlərə biganə qalmısınız, özünüzü kənara çək­misiniz – bağışlanılası deyil. Qətiyyən bağışlanılası deyil! 

Səməd Vurğunu heç kim qınaya bilməz

Müstəqilliyin ilk illərində müəyyən dairələr sovet dönəmi ədəbiyyatından tamamilə imtina etmək barədə məsələ qaldırır, o dövrün yazıçı və şairlərini kommunist rejiminə xidmət etməkdə günahlandırırdılar. Tanınmış ədəbiyyat xadimləri, o cümlədən, Səməd Vurğun ciddi tənqid hədəfinə çevrilmişdi. Hey­dər Əliyev isə “Səməd Vurğunu heç kim qınaya biməz”– deyərək, öz fikrini belə əsaslandırmışdı:

– Səməd Vurğunun əsərləri öz dövründə yazılıbdır. O dövrün hökmü, tələbləri Səməd Vurğunun əsərlərində də öz əksini tapıbdır. Bu gün heç kəs buna görə Səməd Vurğunun əvəzindən üzr istəməməlidir. Səməd Vurğunun bütün əsərləri ilə Azərbaycan xalqı əvvəldən axıradək fəxr edir, bundan sonra da fəxr edəcəkdir.

Səməd Vurğun komsomola həsr etdi­yi poemasında da, Kommunist Partiyası­na həsr etdiyi “Zamanın bayraqdarı” poe­masında da öz əqidəsinə xidmət edib, öz əqidəsinə sadiq qalıbdır, eyni zamanda, yüksək şeir sənətini nümayiş etdiribdir.

Şərqdə həmişə şeir böyük hörmətə layiq olubdur və hər bir şair öz dövrünün aşiqi olubdur, öz dövrünü yazıbdır. Biz buna görə keçmiş əsrlərin heç bir şairinə hər hansı bir mənfi münasibət göstərə bilmərik və kimisə qınaya bilmərik. Səməd Vurğunu da heç kəs qınaya bilməz ki, o şeirləri, poemaları yazıbdır.

İran bizim daxili işlərimizə qarışmamalıdır!

1997-ci ilin martında Fransaya səfəri zamanı mətbuata bəyanatla çıxışı zamanı fransız jurnalistin İran­la bağlı verdiyi suala Heydər Əliyev tutarlı və əsl hədəfə tuşlanmış cavab verir. 

Sual: Cənab Prezident, Sizinlə qonşu olan bir dövlət də var, onun haqqın­da danışmamışıq. Bu, İran dövlətidir... Bilmək istərdim ki, İrana Siz necə baxırsınız, ümumiyyətlə, İrandan inqilabın ixrac edilməsi faktı, prosesi olubmu? Ümumiyyətlə, İranın gələcək inkişafını necə görürsünüz?

Cavab: İran bizim böyük qonşu­muzdur. Bizim İranla çox böyük sərhədimiz var. İranda da çoxlu azər­baycanlı yaşayır. Bəzi məlumatlara görə, İranda 30 milyona qədər azərbaycanlı yaşayır. Elə bilməyin ki, siz burada, Fran­sada hər şeyi bilirsiniz. Çox şeyi bilmir­siniz. 

Jurnalist: Siz bu 30 milyonu deyəndə mənşəcə azərbaycanlı olan iranlıları nəzərdə tutursunuz?

Cavab: Əlbəttə, azərbaycanlıları deyirəm. Necə mənşəcə? Bunlar həqiqi azərbaycanlıdırlar. Tarixən Azərbay­can keçmişdə bir olubdur. XIX əsrin əv­vəllərində Rusiya ilə İran arasında gedən müharibələr nəticəsində Azərbaycan iki yerə parçalanıbdır. Onun çox hissəsi İranın tərkibində qalıb, indi də oradadır. Az hissəsi Rusiyanın tərkibində qalıb. Rusiyanın tərkibində olan həmin o Azər­baycan da indi bizim yaşadığımız Azər­baycandır. Bizim aramızda ancaq Araz çayı var. Bəzi yerlərdə heç Araz çayı da yoxdur. İranda olan kəndlə bizim kəndin arasında yüz metrlik məsafə var. Ona görə də sərhədimizin İran tərəfində olan əhalinin hamısı azərbaycanlıdır. Bunu siz bilməlisiniz.

...O ki qaldı İslam inqilabının Azərbay­cana təsirinə, bunun Azərbaycana heç bir təsiri yoxdur. Mənim təmsil etdiyim müstəqil Azərbaycan Respublikasının öz dövlət quruluşu, dövlət prinsipləri var. İran Respublikasının da öz dövlət quru­luşu, öz yaşayış prinsipləri var. Biz on­ların daxili işlərinə qarışmırıq, onlar da bi­zim daxili işlərimizə qarışmamalıdırlar… 

Eyni gözlə baxmayın

Heydər Əliyev diplomatiya eti­kası xatirinə dost, qardaş, qonşu ölkə adlandırdığı İranın həmişə Azər­baycana qarşı düşmən mövqedə dayandığını, xüsusilə Birinci Qarabağ müharibəsində Ermənistana hərtərəfli dəstək göstərdiyini çox yaxşı bilirdı. Bəzi görüşlərdə fars rejiminin Azər­baycana münasibətdə birtərəfli, ədalətsiz mövqe tutmasını bu ölkənin yüksək səviyyəlı rəsmilərinin üzünə deyirdi. 2002-ci ilin aprelində İranın xarici işlər naziri Kamal Xərrazinin ölkəmizə səfəri zamanı da belə bir hal olmuşdu.

Heydər Əliyev: Ermənistan–Azər­baycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində sizin bundan sonra da səylər qoymaq məqsədinizi mən alqışlayıram və təşəkkür edirəm. Bu münaqişə artıq çox illərdir davam edir. Münaqişənin həll edilməsində dost, qardaş, qonşu ölkə olan İranın həm dəstəyinə, həm də yardımına həmişə ehtiyacımız olubdur. Bu gün də belədir. Ancaq Ermənistanla əlaqələrinizin yax­şı olması sizin siyasətinizin nəticəsidir. Amma mən istəməzdim ki, siz Azərbay­canla Ermənistana olan münasibətinizi bir tərəzidə eyni çəkidə saxlayasınız. Siz buyurdunuz ki, xoşbəxtlikdən Azər­baycan ilə yaxşı əlaqə qurmusunuz, Ermənistanla da yaxşı əlaqə qur­musunuz, bu da Ermənistan–Azər­baycan, Dağlıq Qarabağ münaqişəsi­nin həll olunmasında faydalı ola bilər. Bu doğrudur. Ancaq İran–Azərbaycan əlaqələrini İran–Ermənistan əlaqələri ilə bərabərləşdirmək olmaz. Çünki bi­zim ölkələrimizi, xalqlarımızı bir-birinə bağlayan böyük tarixdir, bizim tarixi köklərimizdir, bizim müştərək mədəni­yyətimizdir, adət-ənənələrimizdir, bi­zim bir dinə mənsub olmağımızdır. Amma Ermənistanla sizin, yəqin ki, ancaq iqtisadi əlaqələriniz var. Ona görə rica edərdim ki, bu əlaqələrə eyni gözlə baxmayasınız. İqtisadi məsələlər, hansıları ki, siz dediniz, həqiqətən, bizim əlaqələrimizdə belə problemlər var. Biz bunları tədricən həll edirik. Xatirinizdədir, bizim müştərək iqtisadi komissiyamız bir neçə vaxt bundan öncə İranda toplaşdı və orada çox yaxşı müzakirələr keçdi. Ancaq hələ işlərin çoxu həll olunmayıb­dır. Mən öz tərəfimdən əlavə göstərişlər verəcəyəm ki, bu əlaqələrin inkişaf etdi­rilməsi üçün həm bizim müştərək komis­siya çərçivəsində, həm də bütün başqa sahələrdə lazımi tədbirlər görülsün. 

Kamal Xərrazi: Zati-aliləri, çox sağ olun. İran ilə Azərbaycan arasında bizi bağlayan əlaqələr, o cümlədən, tarixi, mədəni, dini əlaqələr, sözsüz ki, hər iki xalq üçün böyük sərvətdir. Biz bunların əsasında mövcud olan imkanlardan gələcək üçün geniş istifadə etməliyik. Amma bəlkə də bunları – İranın Azərbay­canla və İranın Ermənistanla əlaqəsini müqayisə etmək olmaz. İstər dərinliyi baxımından, istərsə də vüsəti baxımın­dan İranla Azərbaycanın münasibətləri­nin həddi-hüdudu ola bilməz. 

(ardı var)

Təqdim etdi:
Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat