Rusiya paytaxtında ulu öndərin yubileyinə həsr olunmuş sərgilər

post-img

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti dünən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Heydər Əliyev Fondunun dəstəyi ilə ümummilli liderin 100 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasiminə qatılıb.

Milli Məclisin mətbuat xidmətin­dən aldığımız məlumatda bildrilir ki, tədbirdə Azərbaycan Respubli­kası Prezidentinin köməkçisi Anar Ələkbərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin depu­tatları, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəm­lərini əks etdirən fotoşəkillər nümayiş olunub.

Mərasimi açan Federasiya Şurası­nın sədri Valentina Matviyenko müa­sir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliy­yəti haqqında fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən Sahibə Qafa­rova Azərbaycanın müasir tarixinin bir qərinədən çoxunun milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə – adını ölkəmizin tarixinə əbədi yazdırmış, ömrünü Azərbaycan xalqının rifahına xidmətə fəda etmiş dahi insanla bağlı olduğunu bildirib.

Vurğulanıb ki, Heydər Əliyevin tarixi proqnozu bu gün artıq gerçəkləşib, iş­ğaldan azad edilmiş ərazilərdə hazırda sürətli bərpa işləri aparılır, genişmiq­yaslı infrastruktur layihələri icra olunur.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarovanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təkbətək görüşü olub.

***

Həmin gün nümayəndə heyəti Hey­dər Əliyev Fondunun dəstəyi ilə Rusi­ya Dövlət Dumasının inzibati binasında təşkil edilmiş “Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möh­kəmləndirilməsində Heydər Əliyevin rolu” adlı sərgi ilə də tanış olub.

Tədbiri TASS agentliyinin baş di­rektorunun birinci müavini Mixail Qus­man açıb.

Milli Məclisin Sədri Sahibə Qafa­rova görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Ulu öndər Heydər Əliyevin Azər­baycan dövlətçiliyinin inkişafına əvəz­siz töhfələrindən danışan Milli Məclisin sədri dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsin­də, beynəlxalq aləmdə nüfuzunun ar­tırılmasında müstəsna rol oynadığını deyib. Bildirilib ki, məhz Heydər Əliye­vin sayəsində bu gün Azərbaycanda hüquqi, demokratik dövlət qurulub və inkişaf edir. 

Qeyd edilib ki, Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamət­lərini müəyyənləşdirən ümummilli lider Rusiya ilə mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verib. Hazırda Azərbay­canla Rusiya arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün ümummilli liderin bütün vəsiy­yətləri müvəffəqiyyətlə yerinə yetirilir. Azərbaycan regionun güclü dövlətlə­rindən birinə və etibarlı siyasi, iqtisadi tərəfdaşa çevrilib. Vətən müharibəsin­də Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlü­yünü və suverenliyini bərpa etdi. İşğal­çılar tərəfindən dağıdılmış tarixi şəhər və kəndlərimizin bərpası, məcburi köç­künlərin daimi yaşayış yerlərinə dinc və təhlükəsiz şəkildə qayıtmaları üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı fəaliyyət həyata keçirilir. 

Sonra Rusiya Federasiyası Fede­ral Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edərək, ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə fikirlərini bölüşüb. O, Heydər Əliyevin keçmiş SSRİ-dəki fəa­liyyətini, Azərbaycan–Rusiya münasi­bətlərinin inkişafındakı rolunu yüksək dəyərləndirib.

Sərgidə çıxış edən Dövlət Duması­nın fraksiya rəhbəri Gennadi Züqanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ulu öndər Heydər Əliyev haqqında xatirələrini və ürək sözlərini söyləyiblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Dumasının sədri Vya­çeslav Volodinlə görüşüb.

***

Həmin gün Milli Məclisin sədri TASS agentliyində ulu öndərin100 illi­yinə həsr olunmuş sərgi ilə tanış olub.

Sərgidə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks et­dirən fotolar nümayiş olunur. 

Sərgi ilə tanışlıqdan sonra TASS agentliyinin mənzil-qərargahında Azər­baycan nümayəndə heyəti ilə agentli­yin rəhbər şəxsləri arasında görüş ke­çirilib.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 100 illik yubi­leyinə göstərilən yüksək diqqətə və sərginin təşkilinə görə təşəkkürünü bildirib. Söhbət zamanı TASS agent­liyinin baş direktoru Sergey Mixaylov və agentliyin əməkdaşları ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi misilsiz fəaliyyətindən bəhs ediblər.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”



Son xəbərlər