Böyük Qayıdışın təməl addımları

post-img

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat–logistika dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat–tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır.

Prezident İlham Əliyevin İkinci Qa­rabağ savaşından sonra azad edilən rayonlara– Şuşa, Füzuli, Zəngilan, Xocavənd, Cəbrayıl, Ağdam, Qubadlı, Laçın, Kəlbəcər, Talış və Suqovuşana, ümumilikdə, 50-dən çox səfəri zamanı bir sıra strateji infrastruktur obyektləri işə salınıb, yenilərinin təməli qoyulub. Bununla da düşmənin darmadağın etdi­yi şəhər və kəndlərimizə həyat yenidən qayıdıb. Azadlığına qovuşan torpaqları­mızda aparılan böyük quruculuq və bər­pa işlərinin sürəti getdikcə artıb. 

Horadizdən Şuşayadək 101 kilo­metr uzunluğunda Zəfər yolu, Füzu­li Beynəlxalq Hava Limanı, həmçinin Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansi­yaları istifadəyə verilib. Şuşada Molla Pənah Vaqifin büstü və muzey-məq­bərə kompleksinin, Bülbülün ev-mu­zeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub, yeni məscidin, yaşayış məhəlləsinin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın, Daşaltı məscidinin təməli atılıb.

Bundan başqa, Əhmədbəyli–Füzu­li–Şuşa, Füzuli–Hadrut, Füzuli–Ağdam, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Bərdə–Ağdam, Zəngilan–Horadiz, Xanlıq–Qubadlı, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yollarının, Horadiz–Ağbənd dəmir yolu xəttinin çəkilişinə başlanılıb. 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də isə Qubadlı, Zəngilan və Cəbrayılda olub, dövlətimizin başçısının iştirakı ilə həmin rayonlarda bir sıra ya­şayış sahələrinin, sosial və infrastruktur obyektlərinin, həmçinin “Araz Vadisi İq­tisadi Zonası”nda bir neçə müəssisənin təməlqoyma mərasimləri keçirilib. 

Göründüyü kimi, hazırda düşmən­dən azad edilən ərazilərimizdə geniş miqyasda tikinti, bərpa-quruculuq işləri aparılır. Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaq­larında indi bir coşğunluq yaşanır, yeni layihələr uğurla həyata keçirilir. Hər bir keçmiş məcburi köçkün məskunlaşma gününü həsrətlə gözləyir. 

Belə bir arzu artıq Zəngilan rayonun­da “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınan Ağalı kəndinə ilk sakin­lərin köçürülməsi ilə gerçəkləşib. Uzun bir dövr doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlə­rin gözlədikləri tarixi hadisə reallaşıb. Bu kənddə sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait quru­lub. Ağalı kəndində “ağıllı kənd” kon­sepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrü­fat və biznes mühiti yaradılıb.

Belə bir yaşayış sahəsinin layihəsi Füzuli rayonunun Dövlətyarlı kəndin­də də icra olunur. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin reallaşdırılacağı bu “ağıllı kənd”də üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası həyata keçirilir. Burada, həmçinin məktəb və uşaq bağçası tikilir. Kəndin ətrafında isə “Ağıllı kənd təsərrüfatı” yaradılır. 

Prezident İlham Əliyevin Qarabağa səfəri çərçivəsində Cəbrayıl rayonu­nun Horovlu, Şükürbəyli kəndlərinin, Xudafərin qəsəbəsinin, Zəngilanın Cahangirbəyli, Laçının Güləbird kənd­lərinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, həmçinin rayonun Zilanlı, Mahruzlu, Xanlıq yaşayış sahələrinin təməlqoyma mərasimlərində iştirak et­məsi də keçmiş məcburi köçkünlərin məskunlaşdırılmasının diqqət mərkə­zində saxlanılmasından xəbər verir. 

Qarabağ və Şərqi Zəngəzurun dir­çəldilməsində sənayeləşmə siyasətinə də mühüm önəm verilir. Bu, təsadüfi deyil. Çünki işğaldan azad edilən əra­zilərdə sənaye parklarının qurulması və bu müəssisələrə investisiya cəlb olun­ması bölgənin resurslarından, həmçi­nin iqtisadi imkanlardan yararlanmağa, regionun ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır. 

Bu coğrafiyada sənayeləşmə pro­sesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qo­şulur. Nəzərə alsaq ki, əhali tezliklə düşməndən təmizlənən ərazilərə qayı­dacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi də xü­susi diqqətdə saxlanılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sə­nayesinin formalaşdırılması prosesinin həyata keçiriləcəyi planlaşdırılır. 

Bu baxımdan, “Araz Vadisi İqtisadi Zonası”nın təşkili ilə Qarabağ və Şərqi Zəngəzurda iqtisadi siyasətin ən önəm­li istiqamətlərindən biri olan qeyri-neft sənayesinin sürətli inkişafına zəmin yaranıb. Bu, yaxın gələcəkdə bölgədə sözügedən istiqamətdə yüksək texno­logiyalar, innovativ metodlar və möv­cud təbii- iqtisadi resurslardan səmərəli istifadə hesabına sənaye istehsalının formalaşmasını, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul is­tehsalına başlanılmasını şərtləndirib. Ən başlıcası isə sözügedən ərazidə sa­hibkarlıq fəaliyyətinin genişlənməsinin, neft-qaz amilindən asılılığın azaldılma­sının, əhalinin məşğulluğunun təmin olunmasının əsası qoyulub. 

Yeri gəlmişkən, Şərqi Zəngəzur iq­tisadi məkanına daxil olan Cəbrayıl ra­yonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zonası” 200 hektarlıq sahəni əhatə edəcək və bu layihə bölgənin in­kişafında önəmli rol oynayacaq.

Prezident İlham Əliyev səfər çər­çivəsində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkın­da “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azər­baycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin də təməllərini qoyub. Bu münasibət­lə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye parkında görülən işlər barədə məlumat verərək bildirib ki, Şərqi Zəngəzur iqtisadi ra­yonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub is­tiqamətində giriş qapısı mövqeyinə ma­lik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının səmərəli fəaliyyətini şərtləndirir. 

Parkın logistik imkanlar baxımın­dan əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, sənaye parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerlə­şir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edir. 

Bu avtomobil və dəmir yolları Zən­gəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və qardaş ölkədən respubli­kamıza, eləcə də Azərbaycan ərazisin­dən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

“Araz Vadisi İqtisadi Zonası” Səna­ye Parkına sahibkarlar tərəfindən bö­yük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti parkın rezidenti kimi, 1 sahi­bkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Müəyyən layihələrin reallaşması nəticəsində, ümumilikdə sənaye parkına 32,7 milyon manat in­vestisiya yatırılacağı, 420-dən çox da­imi iş yerinin açılacağı nəzərdə tutulub. 

Ərazisində topoqrafik və mühən­dis-geoloji tədqiqat işləri tam yekunlaş­dırılan parkda hazırda inzibati binanın tikintisi işləri, rezidentlər üçün infrast­ruktur sisteminin qurulması, əraziyə dəmir yolu xəttinin çəkilməsi üçün la­yihələndirmə istiqamətində işlər davam etdirilir.

 

Vaqif BİNYƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat