Avrasiyanın üzləşdiyi risk və təhdidlər, eyni zamanda yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu tədbir, həmçinin postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin gerçəkləşdirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər.
Prezident İlham Əliyev konfransda Böyük Britaniyanın “Methkins” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Robertsin Qazaxıstana alternativ enerji marşrutlarını tapmağa kömək etmək üçün Azərbaycan nə edə biləcəyi ilə bağlı sualına cavabında yuxarıda vurğulanan məsələlər fonunda Qazaxıstanın ənənəvi marşrutlarla öz karbohidrogen ehtiyatlarının ixracı üçün heç bir problemi olmadığını, boru kəmərlərində və ya terminalda yaranan bəzi texniki çətinliklərin aradan qaldırıldığını, bu ölkə neftinin yenə də ənənəvi marşrutlarla ixracının həyata keçirildiyini bildirib.
Prezident İlham Əliyev çıxışında Azərbaycandan nəql olunan Qazaxıstan neftinin həcmini artırmaq üçün danışıqlar aparıldığını da söyləyərək, respublikamızın boru kəməri infrastrukturunun buna imkan verdiyini qeyd edib. Bakı–Tbilisi–Ceyhanla neft nəqlinin həcminin artırılması ilə əlaqədar problemin yekun məhsulun keyfiyyəti ilə bağlı ola biləcəyini vurğulayan dövlət başçısı bu barədə danışarkən, qeyd edib ki, ötən ay Qazaxıstana rəsmi səfər zamanı bu ölkə ilə enerji sahəsində əməkdaşlıq perspektivləri geniş müzakirə olunub. Müəyyən danışıqlardan sonra Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə edilib.
Beləliklə, proses sadəcə bu yaxınlarda başlayıb və 1,5 milyon ton neftin təchizi və onun Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilə imzalanıb. “Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastrukturu buna imkan verir. Bakı–Tbilisi–Ceyhanla neft nəqlinin həcminin artırılması ilə əlaqədar olaraq problem yekun məhsulun keyfiyyəti ilə bağlı ola bilər. Çünki Qazaxıstan nefti “AzeriLight” markasından fərqlidir və əgər Bakı–Tbilisi–Ceyhan vasitəsilə böyük neft həcmi nəql olunarsa, biz keyfiyyətdə itirəcəyik. Çünki Bakı–Tbilisi–Ceyhanla ixrac etdiyimiz “AzeriLight” markalı neft, hətta “Brent” markalı neftdən də dəyərlidir”,– deyə ölkə rəhbəri vurğulayıb.
Beləliklə, dövlətimizin başçısı bir sıra dövlətlərin neft ixracı ilə bağlı Azərbaycanın infrastrukturundan istifadə etməsini yüksək dəyərləndirib. Ölkə rəhbəri Türkmənistan “qara qızılı” ilə bərabər, Rusiyanın Xəzər dənizində hasil etdiyi neftin ildə təqribən 2,5 milyon tona yaxın hissəsinin Ceyhana nəql olunmasını müəyyən geosiyasi dəyişikliklərin, siyasi üstünlüklərin nəticəsi deyil, sadəcə kommersiya məsələləri olduğunu diqqətə çatdırıb və belə bir vəziyyətin Azərbaycanın tranzit ölkə olmasından irəli gəldiyini söyləyib.
Konfransda Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı da fikirlər səsləndirilib. Azərbaycanın bu infrastrukturla əlaqədar böyük gözləntilərinin olduğu, ticarət zonasının güclü qanunvericilik bazasının hazırlandığı, burada investorlar üçün cəlbedici şərait yaradıldığı, hazırda ilkin infrastruktur qurulduğu, yaxın gələcəkdə bundan istifadə edilərək, yeni istehsal sahələri və yeni biznes imkanlarının təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
“Azərbaycanda getdikcə yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, bizim bütün maliyyə sistemimizin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar hesab edirəm ki, böyük potensial yaradır. Bundan əlavə, coğrafi yerləşməmiz. Dediyim kimi, Azərbaycan təkcə Şərq–Qərb deyil, Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib. Yəni, potensial böyükdür. Yenə də deyirəm, bu imkanlara daha geniş baxılmalıdır. Sadəcə tranzit ölkəsi olmaq kifayət deyil”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi ilə bağlı zəngin potensialı var. Konfransda vurğulandığı kimi, respublikamız planlarında hər zaman bu məsələni gələcək baxımından nəzərə alıb. Ümummilli lider Heydər Əliyevin fəaliyyətində də bu, prioritet istiqamət olub. Məsələn, Bakı–Tbilisi–Ceyhanın tutumu 50 milyon ton təşkil edib. Amma dövlətimizin başçısının qeyd etdiyi kimi, heç vaxt belə bir göstərici əldə edilməyib. Lakin indi Azərbaycana Mərkəzi Asiyadan, Rusiyadan neft nəql olunması, “Şahdəniz” kondensatının mövcudluğu, bu il “Abşeron”dan və bir çox başqa yataqlardan kondensat hasil ediləcəyi deməyə əsas verir ki, yuxarıda diqqətə çatdırılan 50 milyon ton rəqəmi heç də təsadüfi müəyyənləşdirilməyib. Bu, göstərici Azərbaycanın neft və kondensatı, həmçinin Mərkəzi Asiyanın nefti sayəsində Bakı–Tbilisi–Ceyhanın tam gücü ilə işləyəcəyi barədə uzaqgörənliklə düşünülən proqnoza əsaslanılıb.
Azərbaycan neft ixracı ilə heç də Bakı–Tbilisi–Ceyhanın tam gücü ilə işləyəcəyi proqnozuna arxayınlaşmır. Burada TANAP və TAP-ın imkanları da nəzərə alınır. Yeri gəlmişkən, adları çəkilən birinci kəmərin ötürücülük gücü 16 milyard kubmetr, ikincinin isə 10 milyard kubmetrdir. Hazırda Azərbaycan yaranan böyük tələbatı nəzərə alaraq, həmin həcmi iki dəfə genişləndirmək üçün tədbirlər həyata keçirir.
Prezident İlham Əliyev konfransda diqqətçəkən bir məqama da toxunub. Dövlətimizin başçısı deyib: “Uzun illər bundan əvvəl Azərbaycanın nefti yoxdur deyənlər, indi Azərbaycanın qazı yoxdur deyirlər. Bu yaxınlarda mənə məlumat verildi ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb. Bu, doğrudur. Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik”. Buradan aydın görünür ki, Azərbaycanda bu istiqamətdə layihələr gerçəkləşdirilərkən, kommersiya məsələsi diqqətdə saxlanılmaqla yanaşı, strateji planlaşdırma da unudulmur. Bu cür strateji yanaşmanın bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulur.
Respublikamızda hazırda bərpaolunan enerji layihələri də uğurla reallaşdırılır. Xatırladaq ki, ölkəmizdə iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Başqa sözlə, quruda 27 giqavatt enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavatt enerji potensialı mövcuddur. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük layihələr, habelə investisiyalar tələb edir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə münbit investisiya mühiti yaradılıb. Artıq yuxarıda bildirildiyi kimi, indiyədək xarici investisiyaların cəlb olunması istiqamətində bir sıra danışıqlar aparılıb, müqavilələr imzalanıb. Bununla da respublikamızda bərpaolunan elektrik enerjisi ixracını artırmaq üçün geniş imkanlar açılıb.
Azərbaycanın bərpaolunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislərin vaxtaşırı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq bərpaolunan enerji mənbələri sahəsində bir sıra mühüm investisiya müqavilələri imzalayıb. Ölkəmizdə günəş və külək enerjisi stansiyalarının tikintisinə başlanılıb.
Xarici investorlarla birlikdə Günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrdən danışarkən, qeyd edək ki, onlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. Bu şirkət mövcud sahədə Azərbaycan üçün əsas və güvənilən tərəfdaşlardan biridir. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacağı nəzərdə tutulub.
V.BAYRAMOV, “Xalq qəzeti”