Lənkəranda ekoloji aksiya

post-img

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 5-də Lənkəran rayonunda silsilə ekoloji aksiyalar keçirilib.

İlk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eko­logiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə Lənkəran rayonunun meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib. Meşəbərpa məqsədilə keçirilən tədbir­də adı Azərbaycanın “Qırmızı kitabı”na düşmüş dəmirağac əkilib.

Sonra Hirkan Milli Parkında turistlə­rin rahat hərəkət etməsi üçün ekoturizm cığırının “çex modeli” üzrə nişanlanma­sı həyata keçirilib. Sözügedən üsulun ölkəmizdə ekoturizmin inkişafına təkan verməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində geniş tətbiq edilməsi nəzərdə tutulur.

Tədbirin davamı olaraq, IDEA İc­timai Birliyi və Ekologiya və Təbii Sər­vətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrində balıq populyasiyasının mühafizəsinə və artırılmasına yönəlmiş “Zəngin höv­zələr” layihəsi çərçivəsində Xanbulan gölünə balıq körpələrinin buraxılışı hə­yata keçirilib. Belə ki, sözügedən gölə, ümumilikdə, 50 000 ədəd çəki körpəsi buraxılıb.

Daha sonra Bakı Zooloji Parkı tərə­findən Azərbaycanın nadir və nəsli kə­silməkdə olan fauna növlərinin çoxal­dılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilən 7 baş tirəndaz (oxlu kirpi) Hirkan Milli Parkının ərazisinə buraxılıb.

Lənkəranda keçirilən ekoloji aksi­yaların təşkilatçıları ölkə ictimaiyyətini Azərbaycanın zəngin və həssas bio­müxtəlifliyinin mühafizə edilməsi, yaşıl­lıqların artırılması, bərpası və ətraf mü­hit naminə görülən digər səylərdə fəal iştirak etməyə çağırır.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Sosial həyat