Türkiyənin indiki qüdrətli dövlətə çevrilməsi heç də təsadüfi olmayıb. Qardaş ölkə yeni iqtisadi inkişaf mərhələsinə aydın, düşünülmüş bir proqram əsasında qədəm qoyub. Ekspertlər tərəfindən həmin proqramda nəzərdə tutulan məqsədlər belə sıralanıb:
–iqtisadiyyatın dövlət tənzimlənməsinə yenidən baxılması və iqtisadi həyatda dövlətin birbaşa iştirakından tədricən imtina edilməsi;
–iqtisadiyyatın bütünlüklə bazar və rəqabət prinsiplərinə uyğunlaşdırılması;
–iqtisadi yüksəlişin sürətləndirilməsi və modernləşdirilməsi üçün xarici amillərdən və ehtiyatlardan hərtərəfli istifadə olunması;
–xarici malların və kapitalın ölkədə azad fəaliyyətinə lazımi şərait yaradılması;
–sənayeləşdirmənin idxal yönümlü modelindən ixrac yönümlü modelinə keçilməsi.
Yeri gəlmişkən, Türkiyənin Avropa Birliyində tam hüquqlu üzv kimi təmsil olunması istəyi də həmin proqramda nəzərdə tutulan tədbirlərin başlıca qayəsini təşkil edib. O zaman ölkənin “ümumi bazar”a girməklə ixrac yönümlü və yüksək keyfiyyətli məhsullar buraxan iri istehsal sahələrini genişləndirmək və dəstəkləmək, müasir texnologiyadan və elektrik hesablama maşınlarından istifadə etmək imkanı qazanacağı düşünülüb.
Yeni iqtisadi kursla bağlı tədbirlərin görülməsi xronoloji baxımdan iki mərhələni əhatə edir. Birinci mərhələ 1980–1983-cü illərə, başqa sözlə desək, hərbçilərin hakimiyyəti dövrünə düşür. İkinci mərhələ isə 1983-cü ilin sonlarından başlanır və əsas istiqamətləri bu gün də qorunub saxlanılır. Hər iki mərhələdə tətbiq olunan iqtisadi kurs ümumi cəhətlər baxımından eyni olsa da, bəzi fərqlərə də malikdir.
Birinci mərhələdə ölkədə qarışıq iqtisadiyyatın inkişafı, mövcud valyuta nəzarəti sistemindən imtina zamanı hakimiyyətin ehtiyatlı olması, dövlət bölməsinin məhdudlaşdırılması və s. kimi məsələlər diqqətdə saxlanılıb.
Sonrakı dönəmdə isə azad bazar iqtisadiyyatına keçilməsi, özəlləşdirmə və s. məsələlərin həlli qarşıya prioritet vəzifə kimi qoyulub.
Qeyd edilən hər iki mərhələdə inflyasiyanın qarşısının alınması üçün əmək haqqının olduğu səviyyədə saxlanılması, sərt maliyyə və kredit siyasətinin tətbiq edilməsi, bank faizlərinin artırılması, iqtisadi dövlət təşkilatlarına ayrılan xərclərin ixtisarının aparılması və vergi islahatının keçirilməsinə prioritet istiqamətlər kimi yanaşılıb. Bundan savayı, ixracın gücləndirilməsi üçün daxili bazarı daraltmaq hesabına əmtəə bolluğu yaradılması və onun xarici bazara çıxarılmasının gerçəkləşdirilməsi, xarici ticarət fəaliyyəti göstərən şirkətləri dəstəkləmək və həvəsləndirmək məqsədilə əlverişli maliyyə-kredit siyasətinin yürüdülməsi, türk mallarının rəqabətə dözümlü səviyyəyə yüksəlməsinə nail olunması, sənayenin ixrac malları istehsal edən sahələrində yeni və modern müəssisələr qurulması da diqqət mərkəzində saxlanılıb.
Onu da qeyd edək ki, ötən müddətdə Türkiyədə iqtisadi inkişafı sürətləndirmək üçün digər layihələr də həyata keçirilib. Məsələn, valyuta əldə edilməsinin yeni yollarını aramaq və dövlət büdcəsindəki kəsiri ləğv etmək üçün xaricdə işləyən türk vətəndaşlarının pullarının ölkəyə gəlməsinə əlverişli maliyyə şərtləri yaradılıb, xarici turizmə hərtərəfli dəstək verilib, xaricdə müxtəlif tikinti və podrat işlərinə yardım göstərilib, xarici kapitalın ölkəyə daha çox cəlb edilməsi məqsədilə lazımi tədbirlər görülüb.
Qardaş ölkə iqtisadiyyatında inkişafı şərtləndirmək üçün sənayedə struktur dəyişiklikləri etmək və idxalı liberallaşdırmaq, başqa sözlə, proteksionist tədbirləri tədricən aradan qaldırmaq, habelə daxili bazarda azad rəqabət şəraiti yaratmaq və sərt maliyyə siyasəti aparmaq kimi məsələlərə xüsusi önəm verilib.
Yeri gəlmişkən, sadalanan bu tədbirlərin gerçəkləşməsi üçün genişmiqyaslı layihələr icra olunub. Məsələn, 1980–1983-cü illərdə güzəştli qiymətlər sistemindən imtina edilib. Kəndlilərə gübrə və digər aqrotexniki vasitələr alınması üçün verilən dotasiya ləğv olunub. Əlbəttə, bu layihələr heç də normal qarşılanmayıb. Təsadüfi deyil ki, o zaman–1982-ci ilin yanvarında T.Özal hökuməti tərəfindən güzəştli qiymətlər sistemi siyasəti, bəzi istisnalar saxlanılmaqla ləğv olunub.
Beləliklə, o dövrdə sənaye məhsullarına qiymət qoyulması liberallaşdırılıb. Qiymətlərə Nəzarət Komitəsi ləğv olunub və onun funksiyası Sənaye və Texnologiya Nazirliyinə verilib. Öz məhsuluna qiymət qoyan hər hansı müəssisənin lazımi deklarasiyanı həmin nazirliyə təqdim etməsi qərara alınıb. Tədqiqatçıların müşahidələrinə əsasən, bu tədbir qısa zaman kəsiyində müəssisələrin gəlirlərinin artmasına zəmin yaradıb və istehsal canlanıb. Bütün bunlarla bərabər, sənaye kapitalı gəlirinin artmasına dövlət tərəfindən dəstək verilib. Bank faizləri üzərində nəzarət bir qədər yumşaldılıb. Bununla da banklarda saxlanılan əmanətlərin məbləğinin getdikcə artması reallaşıb.
Ekspertlərin fikrincə, həmin dövrdə yürüdülən iqtisadi siyasətin nəticəsi uğurlu göstəricilərlə müşahidə olunub. Məsələn, ümumi milli gəlirin illik artımı orta hesabla 8 faiz təşkil edib. Elektrik enerjisi və polad hasilatı, avtomaşın, məişət texnikası, paltar və ayaqqabı istehsalı dəfələrlə arıb. Dənli və texniki bitkilər, ət və süd istehsalının artım sürəti əhalinin artım sürətini qabaqlayıb. Həmin vaxt Türkiyənin müasir sənaye ölkəsinə çevrilməsi prosesi faktik olaraq başa çatıb. Hakimiyyət orqanlarının təsərrüfat mexanizmi sistemi bütünlüklə yenidən qurulub, iqtisadi proseslərə hər cür bürokratik müdaxilələrə və köhnəlmiş nəzarət formalarına son qoyulub.
Burada bir məqamı da xatırlatmaq istərdik. Türkiyə iqtisadiyyatının inkişafının ayrı-ayrı mərhələlərində geriləmələr, böhranlar da nəzərə çarpıb. Lakin bütün bu çətinliklərə baxmayaraq, həyata keçirilən uğurlu layihələr hesabına iqtisadi sahədə yüksək göstəricilər əldə olunub. Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, ayrı-ayrı vaxtlarda müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə çoxalıb. 2003-cü ildə 314 milyard dollar ÜDM-yə malik Türkiyə iqtisadiyyatı hazırda 900 milyard dollar səviyyəsinə yüksəlib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-nin 1 trilyon 29 milyard dollara çatacağı proqnozlaşdırılıb.
Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab edilir.
V.BİNYƏTOĞLU, “Xalq qəzeti”