Avropa İttifaqı Meğridə Ermənistana keçid məntəqəsi tikəcək

post-img

Belə görünür ki, gömrük-keçid məntəqəsi heç də pis şey deyilmiş. Azərbaycan vaxtilə Ermənistana Laçın yolunda, eləcə də Zəngəzur dəhlizində keçid məntəqələri yaradılmasını təklif edəndə istər baş nazir Nikol Paşinyan, istərsə də digər erməni rəsmiləri və mətbuatı daş atıb başlarını tuturdular. Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin yaradılmasını Ermənistanda Qarabağ ermənilərinin blokadası kimi qələmə verir, haray salaraq beynəlxalq aləmi üstümüzə qaldırmağa çalışırdılar.

Amma Azərbaycan Prezidenti İlham Əliyev səbrlə hər şeyi xain qonşularımıza başa salırdı. Prezident bu il fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanal­larına müsahibəsində də bildirmişdi ki, Laçın–Xankəndi yolundakı vəziyyət mü­zakirə olunan əsas məsələlərdən biri olub. Dövlət başçısı demişdi: “Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsi­nin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən, Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqları­mızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiya­sından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”.

Azərbaycan lideri demişdi ki, Ermə­nistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini iki ölkənin sərhədində yaratmaq daha yaxşı olardı. Azərbaycan həmin gün bu təklifi də rəs­mi şəkildə vermişdi. Amma əsas məsələ bu idi ki, həm Avropada, həm Amerika­da Azərbaycanın təklifi məntiqli hesab olunmuşdu. Bu, hər iki ölkə arasında əlaqələrin normallaşmasında önəmli amil hesab olunmuşdu: “Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nə­zarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənis­tan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüş­də mən bunu rəsmən təklif kimi irəli sür­düm. Ermənistan tərəfindən cavab göz­ləyəcəyik”.

Doğrudur, Ermənistan tərəfdən cavab çox gec gəldi. Amma, nəhayət ki, keçid məntəqəsinin yaradılması ideyası başa düşüldü. Həm də, görünür ki, Azərbayca­nın bu təklifi İrəvanda o dərəcədə yaxşı başa düşülüb ki, indi Ermənistan Meğridə də yeni keçid məntəqəsi tikmək niyyətinə düşüb. Bu barədə hətta Ermənistan par­lamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan bildirib.

Əslində, parlamentdə məsələni depu­tat Qeqam Nazaryan qaldırıb və Ermənis­tan–İran sərhədində gömrük postunun pis vəziyyətdə olduğunu bildirib. Onun sözlə­rinə görə, postda problem yaranıb: “İran­dan Ermənistana avtomobillə sərhədi keç­mək, təxminən, bir saat çəkir. Ermənistan hissəsində isə 3-5 saat çəkir. Gömrük idarəsi tamamilə çirkab içində itib-batıb. Normal hamam yoxdur. Hətta itlər o vanna otağından istifadə etmir, çox pis qoxu gə­lir. İşçilər kobud və vulqardır. Minik avto­mobilləri mikroavtobuslarla eyni növbəyə girirlər. Gömrük idarəsinin hər yerində vəhşi, quduz itlər var. Nə zibil qabı var, nə də su. Məndən soruşurlar, siz bunu edirsi­niz ki, biz Ermənistana gəlməyək?”, – Na­zaryan qeyd edib.

Nikol Paşinyan isə ona cavabında de­yib ki, bu problemlərin bəzilərindən xəbər­dardır, hətta bəzilərini şəxsən özü qeydə alıb. Paşinyan daha sonra əlavə edib: “Avropa İttifaqının dəstəyi ilə Meğridə yeni keçid məntəqəsi tikmək qərarına gəldik. Səhv etmirəmsə, biz bu problemi əsaslı şəkildə həll etmək üçün 28 milyon dollar­lıq proqram hazırlayırıq”, – deyə o, bildirib.

Budur, dövlətlərin sərhədində sər­həd-keçid məntəqəsinin yaradılması, göründüyünə görə, heç də bəd məsələ deyilmiş. Belə bir məntəqə Ermənistan tərəfindən Laçın yolunun sonunda – Er­mənistan ərazisində qurulduqdan sonra Paşinyanın o qədər xoşuna gəlib ki, indi Meğridə bir məntəqə yaratmağa çalışır. Özü də ölkənin hesabına deyil, Avropa İt­tifaqının pulu müqabilində. Nə az, nə çox, 28 milyon dollar.

Olsun. Təki bizim xoş niyyətimizi düz­gün anlasınlar. Axı biz də Laçın yolunda keçid məntəqəsi yaradanda ermənilərə pislik etmək istəmirdik. Bu məntəqə Qa­rabağa silah və əks istiqamətdə təbii sər­vətlərimizin daşınmasının qarşısına sədd çəkməli idi. Vəssalam. Guya, Ermənistan da sülh istəyir. Sülh istəyən ölkənin qonşu əraziyə – Qarabağa silah-sursat daşıması nəyə lazımdır?! 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Siyasət