Böyük maraqların toqquşduğu məkan – Zəngəzur dəhlizi

post-img

1991-ci il dekabrın 30-da Sovet İttifaqı süqut etdikdən sonra Qədim İpək yolunun bərpası layihəsi meydana çıxdı. Böyük bir coğrafi ərazidə bir çox ölkələrin və onların xalqlarının iqtisadi, mədəni inkişaf və tərəqqisinə güclü təkan verəcək bu nəhəng layihə dünyanın böyük güclərinin marağındadır. Onun reallaşması sadəcə zaman məsələsidir. 

Keçmiş ittifaqın dağıdılmasına rə­vac verən qüvvələr hazırda Avrasiya məkanında yeni nəqliyyat dəhlizlərinin tezliklə açılaraq fəaliyyət göstərmələ­ri üçün şərait yaratmağa çalışır və hər vasitə ilə onlara nəzarət etməyə can atırlar. Burada qeyri-adi heç nə yoxdur. Bəllidir ki, böyük siyasət, ilk növbədə, iqtisadi maraqlar üzərində qurulur. 

Böyük güclər başa düşür ki, geniş xammal mənbələrinə birbaşa çıxış əldə etmək, ucuz, rəqabətə davamlı mal və məhsullar istehsal etmək işin yalnız bir hissəsidir. Ən vacib olan əmtəələri tez və az məsrəflə dünyanın əsas istehlak bazarlarına çatdırmaqdır. İri nəqliyyət dəhlizlərinin açılması və səmərəli fəa­liyyət göstərməsi məhz bunun üçün la­zımdır. 

Rəsmi Pekinin hələ otuz il əvvəl təşəbbüsündə bulunduğu “Bir kəmər, bir yol” layihəsi onun dünya hegemon­luğuna ciddi iddiasından qaynaqlanır. Bu layihə işə düşərsə mal və məhsul­ların Çindən Avropaya, oradan da oke­anın o tayına və əks istiqamətdə daşın­masını təmin etmək mümkün olacaq. Bu məqsədlə “Şimal”, “Cənub”, “Orta” dəhlizlərin fəaliyyət göstərməsi üçün ciddi səylər ortaya qoyulub. 

Qeyd etmək lazımdır ki, Çindən Sibir boyu Rusiyadan keçməsi nəzər­də tutulan “Şimal dəhlizi” Ukraynadakı sonu görünməyən müharibə bataqlı­ğında ilişib qalan Rusiyanın dirçəlmə­sini arzu etməyən kollektiv qərbin ma­rağında deyil. Müharibə tezliklə bitsə belə, bu layihənin yaxın gələcəkdə icra olunacağına ümidlər azdır. 

Qalır “Orta və Cənub dəhlizləri”. Çindən Pakistana, oradan isə Əfqanıs­tan, İran və Suriyadan keçərək Aralıq dənizinə çıxmalı olan “Cənub dəhlizi” Suriya və İraqdakı qanlı münaqişələr səbəbindən gündəmdən çıxıb. Rəsmi Vaşinqton bu yolu daha məqbul saysa da, onun işə düşməsini obyektiv səbəb­lər üzündən hələlik həyata keçirə bilmir. Türkiyədən yan keçəcək bu layihə rəs­mi Ankaranı təmin etmir. 

Ən real və icrası tezliklə ehtimal olunan yol Orta Asiya, Azərbaycandan keçərək hazırda Ermənistan ərazisində yerləşən Zəngəzur dəhlizi üzərindən Türkiyəni və Şərqi və Qərbi Avropanı birləşdirən “Orta dəhliz”dir. Onun real­laşması üçün artıq müəyyən uğurlu ad­dımlar atılıb. 

Yeri gəlmişkən, bu dəhlizin açılma­sını Orta Asiya dövlətləri, Azərbaycan və Türkiyə ilə yanaşı, Böyük Britaniya, Çin də çox arzulayır. Burada Londonun siyasi və diplomatik dəstəyi həlledici əhəmiyyət kəsb edir. Bu işə iri bey­nəlxalq korporasiyalar da qoşulub. 

“Orta dəhliz” layihəsinin həyata keç­məsinə son otuz ildə Ermənistanın Qa­rabağı işğal etməsi mane olurdu. Lakin 2020-ci ilin payızında xalqımız 44 gün­lük şanlı savaşda yüksək qətiyyət və fədakarlıq nümayiş etdirərək öz torpaq­larını azad etdi. Regionda yeni reallıqlar yarandı və Zəngəzur dəhlizinin açılma­sı gündəmə gəldi.

10 noyabr üçtərəfli Bəyanatına uy­ğun olaraq Zəngəzur dəhlizinin təh­lükəsizliyinə nəzarəti Rusiya öz üzə­rinə götürüb. Bu yol Moskvaya çoxdan arzuladığı İrana və Suriyaya, oradan da İraqa quru yolla çıxış imkanları ve­rir. Amma ortaya yeni bir maneə çıxıb. Belə ki, İran dövləti dəhlizi özünün milli maraqları üçün təhlükə hesab edir və onun açılmasına mane olmağa çalışır. 

“Orta dəhliz”in açılması ağır iqtisadi durumla üz-üzə qalan Ermənistan üçün də şanslar açır. Lakin ermənilər qatı millətçilik niyyətlərindən əl çəkməyərək dəhlizin açılmasına qarşı çıxırlar. Nikol Paşinyan hökuməti erməni şovinistləri­nin terror və təxribata əl atacaqlarından çox çəkinir.

Bundan başqa, Türkiyənin və Bö­yük Britaniyanın regionda güclənmə­sini istəməyən Fransa da sözügedən dəhlizin açılmasına süni maneələr törətməyə cəhd edir. Ağ ev son vaxtlar dəhlizin açılmasına loyal yanaşmağa başlayıb. ABŞ öz nüfuzunu və gücünü ortaya qoymaq əzmindədir. 

Bir çox siyasi təhlilçilər Ağ evin bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gə­tirməsini məhz bununla izah edirlər. Birləşmiş Ştatlar regionda Rusiyanın mövqelərini zəiflətməyə çalışır və özü hakim rolunda çıxış etməyi arzulayır. Bunun üçün isə ABŞ-ın Türkiyə ilə əlbir fəaliyyət göstərməsi vacibdir. 

Aydın İBRAHİMOV,
BDU-nun xarici ölkələrin iqtisa­di-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor, siyasi icmalçı 

Fikrimcə, Zəngəzur dəhlizi ilə bağlı bir çox cəhətləri nəzərə almaq lazımdır. Üçtərəfli Bəyanatda Laçın yolu və Naxçıvanın Azərbaycanın digər rayonları ilə əlaqələrini təmin edəcək Zəngəzur dəhlizinin açılması nəzərdə tutulub. Azərbaycan bunu dəstəkləyir, ermənilər hər vasitə ilə buna qarşı çıxırlar. 

Azərbaycan regionun iqtisadi in­kişafının lokomotivinə çevrilir. Rəsmi Bakı bölgədə sülh və təhlüksizliyin təmin olunmasının aparıcı qüvvəsi rolunda çıxış edir. Ermənistan isə ehtiyat edir ki, dəhliz açılarsa, Azər­baycan daha da güclənə bilər və sülh danışıqlarında yeni üstün mövqelər əldə edər. 

Qərb dövlətlərinin bir çoxu bu mürəkkəb geosiyasi prosesdə rəsmi İrəvanı dəstəkləyir. Onlar, guya, Er­mənistanın mövcudluğuna zəmanət vermək istəyirlər. Bu məsələyə möh­tərəm Prezidentimiz İlham Əliyev Şuşadakı çıxışında da toxunub. 

İran isə “Şimal–Cənub” və “Qərb–Şərq” nəqliyyət dəhlizlərində müstəqil Azərbaycanın aparıcı rol oynayacağından narahat olaraq bu layihəyə qarşı çıxır. Onun əsas bə­hanəsi budur ki, Zəngəzur dəhlizi İranın Ermənistanla birbaşa əlaqələ­rini çətinləşdirə bilər. Eyni prinsipdən Ermənistan da çıxış edir. 

ABŞ hökuməti bu məsələdə ilk baxışda neytral mövqe nümayiş et­dirməyə çalışsa da, Azərbaycanın geosiyasi imkanları və nüfuzunun ar­tacağını başa düşür və bunu müsbət qarşılayır. 

Bu layihə Türkiyənin də regionda rolunu artırır. “Orta dəhliz” Ankara üçün qardaş Azərbaycan üzərindən Orta Asiya və Çinə birbaşa əlaqələr qurmaq üçün körpü rolunu oynayır. Bu, Türkiyənin Avrasiya məkanında güclənməsi istiqamətində geniş im­kanlar açır. 

Lakin Türkiyənin Avrasiya regi­onunda möhkəmlənməsi Rusiyanı tam təmin etmir. O, bu böyük regi­onda Türkiyəni özünə rəqib kimi gör­mək istəmir. Rusiya həmçinin başa düşür ki, dəhlizin açılması Azərbay­canın iqtisadi cəhətdən güclənməsi ilə yanaşı, onun bundan sonra da tam sərbəst xarici siyasət xətti yü­rütməsinə imkan yarada bilər. Üstə­lik, Azərbaycan–Türkiyə əlaqələrinin genişlənməsi Rusiyanın regiondakı maraqlarına uyğun gəlmir. 

Azərbaycan–Türkiyə tandeminin güclənməsi Qərbi də qorxudur. Fran­sa Ermənistanın regionda mövcudlu­ğu üçün zəmanət rolunu oynayaca­ğını vəd edib. Güclü və problemsiz Azərbaycan Qərbə sərf etmir. 

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət