Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir

post-img

Hər bir xalqın tarixində unudulmayan hadisələr çox, dahi şəxsiyyətlər isə az olur. Belə şəxsiyyətlər həmişə tərəqqiyə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin bayraqdarı olub, siyasi fürsətlərdən xalqının xoşbəxt gələcəyi naminə məharətlə, müdrikliklə istifadə edib, gələcəyə doğru inamla addımlayıblar.

Bənzərsiz ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyat yolu örnək olan ulu öndər Heydər Əliyev dünyanın ən qüdrətli simalarından biri kimi hər bir azərbaycanlının qəlbində əbədi iz bu­raxıb. O, Azərbaycan xalqının taleyinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuş tarixi şəxsiyyətdir. Ən mühüm məsələlərdən biri də odur ki, SSRİ döv­lət təhlükəsizlik sistemində sıravi işçi­dən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər Əliyev sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən respublikamızda böyük iq­tisadi, elmi yüksəlişlə yanaşı, ədəbi-mə­dəni inkişafa və müstəqil düşüncəyə yol açmışdır. Sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları, mədəni-mənəvi dəyərlərinin qorunması üçün mümkün olan bütün işləri görmüş­dür.

Azərbaycan 1991-ci ilin oktyabrın­da dövlət müstəqilliyini bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır. 1993-2003-cü illərdə dövlət­çiliyimizin əsasları qoyulmuşdur. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə haki­miyyətə gələn ulu öndər Heydər Əliyev rasional təfəkkürü və praqmatik fəaliyyət mexanizminin fonunda tətbiq etdiyi stra­tegiya ilə Azərbaycanı dərin xaos və kəs­kin kataklizm meyillərindən xilas edərək yeni inkişaf yolunu açmış oldu. Heydər Əliyev Azərbaycan dövlətçiliyini fəlakət burulğanından xilas etdi. Ulu öndərin bü­tün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xro­nologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir.

Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər et­məyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Azərbaycana rəhbərlik etdiyi ilk gün­lərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının formalaşmasına çalışan ümummilli lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalq­ları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünya­ya nümayiş etdirmək üçün həyatını şam kimi əritmişdir.

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azər­baycanın dahi rəhbəri dövlətimizi olduq­ca mürəkkəb zamanın dalğaları arasın­dan salamat çıxarıb və dünyada layiqli yer qazandırmışdır.

Heydər Əliyev elə nadir şəxsiyyət­lərdəndir ki, tarix belə dahilərin əməlləri, fəaliyyətləri ilə yaranır. Böyük tarixi qis­mətdir ki, Heydər Əliyevin ikinci qayıdışı ilə vətən naminə qurub-yaradan və dün­yaya tanıdılmaq fəlsəfəsi olan azərbay­cançılıq dövlətin milli-siyasi məfkurəsinə çevrildi. Onun bütün fəaliyyəti boyunca milli amil aparıcı xətt kimi özünü büruzə verir. Heydər Əliyev "azərbaycançılığı" bir ideologiya olaraq irəli sürməklə, ölkə­nin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini icra etdi. Ümummili lider bu ideya ilə bağlı əvvəlki iki yüz ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblə­rimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək azər­baycançılıq məfkurəsinə yeni bir ideoloji məzmun verdi.

Heydər Əliyev milli varlığımızın ide­ya təməli olan azərbaycançılıq haqqın­da belə demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıq­dır. Hər bir azərbaycanlı öz milli mən­subiyyətinə, mentalitetinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı -Azərbaycanın dilini, mədəniyyətini, mil­li-mənəvi dəyərlərini, adətlərini yaşatma­lıyıq”.

1995-ci ildə Azərbaycanın yeni Kons­titusiyasının hazırlanması və qəbulu ərəfəsində Heydər Əliyev azərbaycan­çılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya tamamilə yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiy­yətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı.

Azərbaycanın ən yeni tarixini yara­dan ulu öndər doğma xalqı ilə sıx vəh­dət təşkil edən, azərbaycanlı olmasından daim qürur duyan nadir şəxsiyyətlərdən biridir. Müstəqil dövlətimizin qurucusu və memarı olan bu əfsanəvi şəxsiyyət hər zaman böyük qürur hissi ilə “Mən hə­mişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyirdi. O, Azərbaycan xalqının yetirdiyi elə bir düha idi ki, öz əqli potensialı ilə dünyanı idarə etməyə qadir idi. 

Cəmiyyətdə hakim olan istiqlal arzu­su, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevril­məsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və elmi-mə­dəni dairələrin gündəliyinə çıxarıldı. Bu­nun ardınca, Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafika­sının tətbiqi, milli-mənəvi dəyərlərin qo­runması, inkişafı və azərbaycançılıq ide­yaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılma­sı, 31 dekabrın hər il Dünya Azərbaycan­lılarının Həmrəylik Günü kimi qeyd edil­məsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçir­diyi görüşlər və s. 1993-cü ildən başlaya­raq azərbaycançılıq ideologiyasının döv­lət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi.

2001-ci ildə Bakı şəhərində tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurul­tayının keçirilməsi və minlərlə soydaşı­mızın iştirakı ilə azərbaycançılığın əsas­larının bir daha geniş müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyən olunması milli ideologiyamızın formalaşması və daha da inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.

Azərbaycançılıq ideologiyasının ma­hiyyətini təşkil edən əsaslardan biri də Heydər Əliyev üçün milli-mənəvi dəyərlə­rin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Ulu öndər bununla bağlı qeyd edirdi ki, milli ideologiyamızın konsepsiyası tarixi keç­mişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir.

Ulu öndər Heydər Əliyev Dünya Azər­baycanlıları ilə əlaqələrin daha da sis­temli həyata keçirilməsi və möhkəmlən­dirilməsi üçün 5 iyul 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fər­man imzaladı. İndi dünyanın bir çox ölkə­sində yaşayan azərbaycanlılar müxtəlif məzmun və formada Azərbaycanın inki­şafına öz töhfələrini verməyə çalışırlar. 

Göründüyü kimi, ümummilli liderin azərbaycançılıq ideologiyasının təməlin­də, ilk növbədə, güclü Azərbaycan döv­lətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi, ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması, bu Vətə­ni özünün qürur mənbəyi hesab etmə­si, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qay­daları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır.

Yuxarıda aparılmış təhlildən də gö­ründüyü kimi, azərbaycançılıq ideo­logiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, bütün Azərbaycan xalqının ümumi ma­raqlarının ifadəsinə çevrilib. Belə olan halda, bu ideologiyaya müxalifətdə dur­maq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmaq kimi dəyərləndirilməlidir. Azərbaycançılıq ideologiyası bu anlamda xalqın istəyi, ar­zusu və iradəsi ilə qurulmuş dövlətin, bu dövlətin müəyyən olunmuş daxili və xa­rici siyasət strategiyasının, daimi yaşam və fəaliyyətinin əsasını, başlıca prinsiplə­rini təşkil edir.

Beləliklə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiya­sının fonunda həyata keçirilən strateji tədbirlər milli tərəqqini təmin edən və şərtləndirən fundamental mexanizmə çevrildi. Mübaliğəsiz demək olar ki, ulu öndər Heydər Əliyevin zəngin irsi XX əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcək inkişaf və tərəqqi yolunu müəy­yən edən etibarlı istiqamət göstəricisi ol­maqda davam edəcəkdir.

Heydər Əliyev fəlsəfəsi milli düşün­cəmizin fenomenidir. Azərbaycan xalqı­nın tarixində onun rolu əvəzsizdir. Onun ideya və fikirləri soydaşlarımızın düşün­cəsinə hakim kəsilərək qüdrətli yönüm­ləndirici amilə çevrilmişdir. Fəxr hissi ilə qeyd edə bilərik ki, müasir müstəqil Azər­baycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir! Azarbaycan adlı məmləkət nə qədər mövcuddursa, Hey­dər Əliyevin yaratdığı səhifə tariximizlə birgə yaşayacaqdır.

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əli­yevin düzgün, düşünülmüş siyasəti ölkə­mizi uğurlardan uğurlara aparır. Bu gün Azərbaycan mühüm siyasi, iqtisadi, mə­dəni tədbirlərə ev sahibliyi edir, ən mötə­bər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, həm də idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Bu gün Azərbay­can dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Bütün bu nailiyyətlərin təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu yolundakı nəzəri və praktiki irsinə qiymət verərək demişdir: "1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çün­ki məhz o illərdə dövlətçiliyin əsasları qo­yuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasla­rı-azərbaycançılıq məfkurəsi formalaşdı­rıldı...Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası hazırda öz ta­rixinin ən yüksək inkişaf dövrünü yaşayır. Geridə qoyduğumuz 20 il ərzində ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanılıb, demokratik institutlar möhkəmləndirilib, iqtisadiyyat gücləndirilib, əhalinin rifah halı artmışdır. Ümumilli lider Heydər Əliyevin bizə miras qoyduğu azərbaycan­çılıq məfkurəsi ətrafında birləşən ordu, prezident və xalq birliyi məhz 44 günlük Vətən müharibəsi nəticəsində düşməni məhv edərək 30 illik işğala son qoydu.

2022-ci ilin aprelində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurulta­yında cənab Prezident İlham Əliyev öz nitqində göstərirdi: “Biz bu gün azad Qa­rabağda, azad Şuşada Dünya Azərbay­canlılarının qurultayını keçiririk. Bu qurul­tayın adı zəfər qurultayıdır və bu təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə zəfər adı xalqımı­za çox yaraşır... Bundan sonra Azərbay­can xalqı müzəffər xalq kimi yaşayacaq. Bundan sonra bizim dövlətimiz qalib döv­lət kimi yaşayacaq”.

Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə mo­dernləşən Azərbaycan Respublikası bu il 100 illiyini böyük ehtiramla qeyd etdiyi­miz ulu öndərin işıqlı xatirəsinə ən böyük töhfədir. Milli dövlətimiz durduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində ya­şayacaq, onun nurlu ideyaları daim yolu­muza işıq salacaqdır.

 

Zəfər QURBANOV,
ADAU-nun rektoru vəzifəsini icra edən

Sosial həyat