Ölkəmiz bir əsrlik yubiley ərəfəsindədir. Ulu öndər Heydər Əliyevin 100 yaşının tamam olacağı mayın 10-dan bizi sayılı günlər ayırır. Bütün Azərbaycan vətəndaşları kimi, ölkəmizin bədən tərbiyəçiləri və idmançıları da bu anlarda may sevincləri yaşayır, ümummilli lideri böyük hörmət və dərin ehtiramla yad edir, xatirəsinə həsr olunan rayon, şəhər, respublika, beynəlxalq miqyaslı yarışlarda həvəslə, mütəşəkkil surətdə iştirak edirlər. Bu, təbiidir. Heydər Əliyev istər Azərbaycan KP MK-nın Birinci katibi, istərsə də ölkə Prezidenti kimi respublikamıza rəhbərlik etdiyi bütün illər ərzində bədən tərbiyəsi və idmanın insan həyatında mühüm əhəmiyyətini dəfələrlə qətiyyətlə bəyan etmişdir.
Ulu öndərin çıxışlarından birində söylədiyi fikir, bir görün, bugünümüzlə necə də səsləşir: "Azərbaycan xalqı milli azadlığına nail olubdur, dövlət müstəqilliyini əldə edibdir. Azərbaycan xalqı bu gün üçün də, gələcək üçün də müsbət nümunələr göstərməlidir. Müsbət nümunələri isə birinci növbədə hər bir insanın və ümumiyyətlə, millətimizin fiziki və mənəvi sağlamlığında görürük. Bu, dövlətimiz, ölkəmiz üçün, xalqımız, hər bir vətəndaşımız üçün ən vacib məsələdir. Ona görə də biz idmana, fiziki hazırlığa, bədən tərbiyəsinə xüsusi fikir veririk və bu sahə bundan sonra da Azərbaycan dövlətinin daim diqqət mərkəzində olacaqdır ".
İndi bir daha əmin olduğumuz kimi, məhz o illərdə idmanımız üçün möhkəm bünövrə yaradılmışdır. Bu gün hər birimizin, bütün millətimizin fiziki və mənəvi sağlamlığı, gümrahlığı, nəcib keyfiyyətlərə yiyələnmək əzmi mühüm şərtdir. Məhz bunların əsasında dövlətimizin qüdrətini və şöhrətini daha da artırmaq vəzifəsi uğurla həyata keçirilir.
Yüksək qayğı və diqqət Azərbaycan idmanının beynəlxalq nüfuzunun gündən-günə güclənməsini təmin edir, ölkəmizə bir-birindən mötəbər yarışların təşkilinin etibar olunmasına hər cür şərait yaradır. Uzağa getməyək, Bakıda yenicə finişə çatmış növbəti Formula 1 Azərbaycan Qran-Prisi bütün dünyanın diqqətini gözəl paytaxtımıza cəlb etmişdi. Planetin ən məşhur sürət ustalarının çıxışları ölkəmizdə idmanın təntənəsinə çevrildi və bu bayramı təkcə Azərbaycan vətəndaşları deyil, Formula 1-in müxtəlif ölkələrdən respublikamıza gətirdiyi yüzlərlə, minlərlə insan böyük maraqla, təşkilatçılara minnətdarlıq hissi ilə izlədi.
Əvvəlki illərdəki kimi, yenə də yürüş hamıda unudulmaz təəssürat yaratdı. Çünki hər şey mükəmməl və möhtəşəm idi. Xarici qonaqların da yekdil fikrincə, Bakı öz ənənələrinə sadiq qalaraq, ona göstərilən yüksək etimadı layiqincə doğrultdu.
Burada xatırlatmaq yerinə düşər ki, 49 il əvvəl – 1974-cü il iyunun 21-də keçirilmiş Azərbaycan partiya fəalları yığıncağında respublikamızda bədən tərbiyəsi – idmanın vəziyyəti və onu daha da yaxşılaşdırmaq yolları barədə açıq və prinsipial söhbət getmişdi. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuş və bütünlüklə bədən tərbiyəsi – idmana həsr edilmiş həmin yığıncaq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sayəsində tezliklə öz müsbət nəticələrini verməyə başladı. Yarım əsr əvvəl baş vermiş həmin tarixi hadisə Azərbaycan idmanına güclü təkan verib, bugünkü nailiyyətlərimizin əsasını qoydu. Bu may günlərində ulu öndərin Azərbaycan idmanında danılmaz xidmətlərini bir daha xatırlamaq, əlbəttə ki, olduqca xoşdur.
Hörmətli həmkarım, hazırda "Xalq qəzeti"nin siyasət şöbəsinin müdiri, Əməkdar jurnalist İttifaq Mirzəbəyli qəzetin 5 fevral 1998-ci il tarixli sayında "19-cu otağın bir ildə iki mükafatı" sərlövhəli yazı dərc etdirmişdir. Həmin məqalə xatırladır ki, 1998-ci il yanvarın sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 1997-ci ilin ən yaxşı idmançılarını, idman jurnalistini və idman teleoperatorunu müəyyənləşdirmişdir. Gənclər Günü münasibətilə keçirilən ümumrespublika toplantısında elan edilən qaliblər sırasında o zaman redaksiyanın beşinci mərtəbədəki 19-cu otağında çalışan bu sətirlərin müəllifi də olmuşdur.
Əlavə edim ki, digər iki qalib hazırda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Dilqəm Quliyev (şəkildə soldan birinci) və o zaman Azərbaycan Dövlət Televiziyasında çalışmış Mehman Mürsəlov idi (soldan üçüncü).
Gənclər Gününə həsr edilən toplantı Bakı İdman Sarayında keçirilirdi. Toplantıdan əvvəl Prezident Heydər Əliyev ilin qalibləri ilə görüşüb, onları təbrik etdi, gələcək fəaliyyətlərində Azərbaycanda bədən tərbiyəsi – idmanın daha da təbliği və inkişafı naminə uğurlar arzuladı, tövsiyələrini verdi...
İndi biz yüz illik yubiley ilində, 2023-cü ilin may ayındayıq. Xatirələrdə dünyanın ən görkəmli dövlət başçılarından biri kimi yaşayan, respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına böyük töhfələr vermiş, olimpiya hərəkatında da xüsusi xidmətləri olmuş, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 1997-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçirilmiş iclasında BOK-un "Olimpiya ləyaqəti" mükafatına layiq görülmüş Heydər Əliyevin həyata göz açdığı 10 may günü lap yaxınlıqdadır.
Son 100 ildə yüzüncü mayımız tamamilə fərqli maydır.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist