Prezident İlham Əliyev ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bərpaolunan enerji ilə bağlı bir sıra məqamlara da münasibət bildirib.
Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanı “yaşıl enerji” potensialını reallaşdırmaq istiqamətində atdığı addımları dəyərləndirdirərək Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin ötən ilin dekabrında Buxarestdə məlum imzalanma mərasimində iştirak etməsinin bunun bariz ifadəsi olduğunu söyləyib. Ölkə rəhbəri daha sonra deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaolunan enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamışıq. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzində planlaşdırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”.
Dövlətimizin başçısının diqqətə çatdırdığı bütün bu fikirlər Azərbaycanın Avropa üçün vacib “yaşıl enerji” təchizatçısına çevrilməsi yolunda atdığı uğurlu addımlardan xəbər verir. Bu məqamda onu da xatırladaq ki, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ölkəmizin quruda 27 giqavatt enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavatt enerji potensialı mövcuddur. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük layihələr, habelə investisiyalar tələb edir.
Azərbaycanın bərpaolunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislərin vaxtaşırı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq bərpaolunan enerji mənbələri sahəsində bir sıra mühüm investisiya müqavilələri imzalayıb. Ölkəmizdə günəş və külək enerjisi stansiyalarının tikintisinə başlanılıb.
Xarici investorlarla birlikdə Günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrdən danışarkən, qeyd edək ki, onlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. Bu şirkət mövcud sahədə Azərbaycan üçün əsas və güvənilən tərəfdaşlardan biridir. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacağı nəzərdə tutulub
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Azərbaycanın bərpaolunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislərin vaxtaşırı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün həyata keçirdiyi siyasət, uzaqgörən siyasi qərar və qətiyyətli addımların ardıcıllığı, bir-birini tamamlaması nəinki Azərbaycanın eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat yaradır.
Respublikamızda bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində icra olunan layihələr xüsusilə diqqət çəkir. Son dövrlərdə “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərini imzalanması bunun bariz ifadəsidir. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır.
Naxçıvandan söz düşmüşkən, qeyd edək ki, Azərbaycanın ayrılmaz bir hissəsi olan bu coğrafi ərazinin zəngin günəş enerjisi potensialı, “yaşıl enerji” mərkəzinə çevrilməsi və burada 1500 MVt gücündə xarici investisiya layihələri ilə bağlı planlar hazırda diqqət mərkəzindədir. Ümumilikdə ölkə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan üzrə yaradılacaq “yaşıl enerji”nin əhəmiyyətli bir hissəsinin Türkiyə və Avropa istiqamətində ixrac edilə biləcəyi imkanları müzakirə olunur.
Yeri gəlmişkən, yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 meqavata çatıb. Bununla da ötən illə müqayisədə 392,4 meqavat və ya 4,9 faiz artım yaranıb.
Hazırda respublikada elektroenergetika sistemində ümumi gücü 6642 meqavat olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 meqavat olan 30 su elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 meqavat gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 meqavat olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 faizini təşkil edir.
Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”