Albaniyanın Tirana şəhərində Azərbaycan–Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib.
Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasdan əvvəl İşçi Qrupunun həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Albaniyanın Baş nazirinin müavini – infrastruktur və energetika naziri Bellinda Balluku arasında ikitərəfli görüş olub.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
İşçi Qrupunun iclasında ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının rolundan, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyaya və Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana səfərlərinin əhəmiyyətindən bəhs edilib. İşçi Qrupu çərçivəsində birgə fəaliyyət və bu əməkdaşlıq formatının Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi planı, Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ilə bağlı siyasi qərar Azərbaycan-Albaniya əlaqələrini dərinləşdirmək niyyətinin təzahürü kimi qeyd olunub.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təchizatının diversifikasiyasında və enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan TAP layihəsinin üzvləridir. Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın dəstəyi ilə yerli qazpaylayıcı sistemin qurulması TAP-ın Albaniya üçün faydalarını artıracaq perspektivlərdir: “Korça şəhərinin qazlaşdırılması layihəsi ilkin texniki-iqtisadi əsaslandırılma mərhələsindədir. Qaz şəbəkəsinin qurulacağı təqdirdə nəinki ölkənin enerji balansı şaxələnəcək, həm də Balkan regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində birgə iştirak edəcəyik. Həmçinin SOCAR-ın Albaniyada fəaliyyətinə və enerji əməkdaşlığımıza töhfə verəcək bir sıra yeni layihələr üzrə də hazırda intensiv məsləhətləşmələr aparılır”.
“Xalq qəzeti”