Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki tarixi rolu ölçüyəgəlməzdir.
Ulu öndər üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu.
1969–cu ilin dekabrında Azərbaycan SSR Ali Sovetinin VII sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul etdi. 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq tibbi avadanlıqlar sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə evsahibliyi etməsi artıq ənənəvi hal aldı.
Bu kimi tədbirlərin Bakıda keçirilməsini təşkil edən ümummilli lider ölkəmizin səhiyyə sahəsinin dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.
Ulu öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin olduqdan sonra səhiyyə sisteminə də nəzarət edirdi. Sovet İttifaqının məşhur tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, onların diqqətini ölkəmizə cəlb etməklə Azərbaycan səhiyyəsinin inkişafına zəmin yaradırdı.
Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin dahi siyasəti nəticəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sistemi də xilas edildi. Səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.
1994-cü ildə Azərbaycanla BMT-nin Uşaq Fondu arasında imzalanan Əməkdaşlıq Proqramına uyğun olaraq, uşaq ölümünün digər bölgələrə nisbətən yüksək, sağlamlıq göstəricilərinin isə aşağı səviyyədə olduğu Quba rayonunda islahatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində Masallı, Lənkəran, Cəlilabad və Salyan rayonlarında da böyük uğurlar əldə olundu.
2000-ci ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan hərbi-tibb fakültəsi yaradıldı. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin fakültənin məzunları olan qəhrəman həkimlərimizin yüzlərlə əsgərin həyatını xilas etdiyinin şahidi olduq.
Bu gün Azərbaycan səhiyyəsi ulu öndərin yürütdüyü siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.
Müasir dövrümüzdə səhiyyədə gündən-günə inkişaf edən, əhalinin bir sıra ehtiyaclarını asanlaşdıran yeni-yeni xidmətlər yaradılmaqdadır. Bu xidmətlərdən biri də avtomatlaşdırılmış elektron xidmətləridir. Avtomatlaşdırılmış elek-tron xidmətlərin tibb sahəsində də tətbiq olunması Azərbaycanın əsas prioritetlərindəndir. Bu mənada səhiyyənin ASAN modeli olan Yeni Klinikanı misal göstərmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinika 2020-ci il martın 28-dən tarixindən fəaliyyət göstərir. İstər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verən avadanlıqlarla quraşdırılan tibb müəssisəsinin kollektivi həm pandemiya, həm də Vətən müharibəsi dövründə böyük əzmkarlıqla işləmişdir.
Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, ümummilli liderin ideyalarının həmişəyaşar olduğunu bir daha təsdiqləyir.
Cavid PAŞAYEV,
“Yeni Klinika” publik hüquqi şəxsin direktoru vəzifəsini icra edən