4 mindən çox şəxsə evlərdə sosial xidmət göstərilib

post-img

Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 min 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub. Onlardan 2 min 176 şəxsə agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Həmin şəxslərdən 181 gənc müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.

Son 3 ayda tənha ahıl və əlilliyi olan 4 min 159 şəxsə isə evlərində (səy­yar) sosial-məişət xidməti göstərilib. Bu dövrdə 448 imtiyazlı şəxs agentlik tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunub. 

Tərtər və Ağcabədidə “Məşğulluğa Dəstək Layihəsi”

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihə­si” çərçivəsində Tərtər və Ağcabədi ra­yonlarında ictimai dinləmələr keçirilib. Məqsəd məlumatlılığı artırmaq, nəzər­də tutulmuş hədəf kateqoriyalarını la­yihəyə cəlb etməkdir. 

Öz biznesini qurmaq istəyən işax­taran və işsiz şəxslərin iştirakı ilə ke­çirilən görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə mə­lumatlar verilib. Proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb.

Tədbirdə iştirakçıları maraqlandı­ran suallar cavablandırılıb, eləcə də la­yihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.

Əlilliyi olanlar üçün peşə kursları təşkil edilib 

Dövlət Məşğulluq Agentliyi və Əlilli­yi olan Sahibkarlar Təşkilatı İctimai Bir­liyi tərəfindən daha 100-dək şəxs üçün 6 peşə hazırlığı kursu təşkil edilib. Ma­sallı rayonu üzrə 25 nəfər əlil şəxsin cəlb edildiyi peşə kurslarına mediatur olub.

Masallı Sənaye Məhəlləsində yer­ləşən müəssisədə təşkil olunan kurslar dərzi və xalçaçılıq istiqamətləri üzrədir. Media nümayəndələri kursların təşkil olunduğu müəssisədə tədris prosesi ilə tanış olublar. Onlara agentlik tərə­findən aparılan peşə hazırlığının təşkili işləri barədə məlumat verilib. Bildirilib ki, agentlik tərəfindən əmək bazarının tələblərinə cavab verən 175 peşə və ixtisas üzrə kurslar təşkil edilib. Agen­tıiyin, həmçinin Bakı, Gəncə və Göy­çayda üç peşə hazırlığı mərkəzi də fəaliyyət göstərir. 

Peşə kurslarının səmərəli təşkili və nəticəyönümlü olması üçün sosial tərəfdaşlıq müstəvisində işəgötürən­lərlə fəal əməkdaşlıq həyata keçirilir. Bu da kursları bitirənlərin yeni yiyələn­dikləri peşələr üzrə işlə təminatında mühüm önəm kəsb edir. Kurslara cəlb olunan müdavimlərə peşə kursu müd­dətində minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir və kursları uğurla başa vuran şəxslərin işlə təmi­natına dəstək göstərilir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”





Sosial həyat