Kliniki Tibbi Mərkəzin “Xalq qəzeti”nə cavabı ilə bağlı sözardı

post-img

“Xalq qəzeti”nin 28 mart 2023-cü il tarixli sayında dərc olunmuş “Kliniki Tibbi Mərkəzdə xidmət və ya havayı pendir ancaq tələdə olur” sərlövhəli yazı ilə bağlı Kliniki Tibbi Mərkəz Publik Hüquqi Şəxsin (“Semaşko” kimi tanıdığımız) rəhbərliyi tərəfindən redaksiyamıza məktub daxil olub və məktuba əlavədə yazımızda göstərilən xüsuslarla əlaqədar müvafiq izahat işləri aparılıb. Əlbəttə, mərkəzin qəzet məqaləsinə belə həssas münasibətini təqdir edir, alqışlayırıq. Amma onu deməliyik ki, ümumən, cavabda göstərilənləri yazımızda vurğulanmış məsələlərə aydınlıq gətirmək istəyi kimi saymır və buna görə KTM-in mövqeyini olduğu kimi yayımlamırıq. 

İlk məqama keçid alaq. Bəli, yazı­mızda texniki yanlışlıq olub və bunu qə­bul edirik. Müəllif yazıda martın 18-də götürülmüş laborator analizin cavabı­nın martın 25-də hazır olmasına diqqət çəkmək istəyib. Mərkəz isə cavabında bildirib ki, “laborator analizlərin martın 19-da götürülüb 25-də cavab verilməsi fikri həqiqəti əks etdirmir”, çünki analiz­lərin cavabını “e-TABİB” mobil tətbiqi va­sitəsilə, yaxud da its.gov.az, tabib.gov.az internet səhifələrinə daxil olmaqla, elekt­ron qaydada izləmək mümkündür. 

Açığı, belə bir prosedurun həya­ta keçirilməsinə çox sevindik. Çünki “pulsuz həkim” növbəsinə dayanmış şəxslərin əksəriyyəti (yazımızın ərsəyə gəlməsi məhz o növbə səbəbindəndir – red.) mövcud prosedurdan xəbərdar deyillər. Ancaq onların içərisində ca­vabların özlərinin fərdi elektron emai­linə göndərilməsini arzulayanlar var idi. Gördüyümüz qədərilə, bu yenilik KTM-ə hələ gəlməyib. Arzu edirik ki, tezliklə gəlsin. Onu da nəzərə alaq ki, elektron yeniliklərdən tam xəbərsiz olan vətən­daşlarımız var. Yazıda təsvir etdiyimiz növbədə isə belələri daha çox idi. 

Biz çalışırıq ki, ölkədə vətəndaşla­rın sığortası əsasında onlara göstərilən tibbi xidmətin durumu daha da yaxşılaş­sın. Buna görə istərdik ki, vətəndaşlara bayram günlərində də növbəlilik əsasın­da xidmət göstərilsin. Axı tənqidi yazı­mızda da sağlamlığın gözləmədiyini bil­dirmişik. KTM-in cavabından isə məlum olur ki, sağlamlıq da “bayram etməlidir”. Bu halda analiz cavabının gün fərqi ilə mobil tətbiqə, fərdi emailə, yaxud da te­lefona göndərilməsinin heç bir əhəmiy­yəti yoxdur. Çünki indiki halda martın 18-də vətəndaşı analiz üçün göndərən həkim işə martın 25-də çıxır. Digər tərəfdən, gördüyümüz sıxlıq və növbə idi ki, o növbədə insanların əsəbləri tarıma çəkilir, xoşagəlməz ifadələr işlə­dilirdi və yekun nəticədə bu, ölkəmizdə tibbi sığorta sahəsindəki xidmətlə bağlı mənfi təəssürat yaradırdı. Arzumuz bu­dur ki, həmin təəssürat aradan qalxsın. 

KTM xəstəxanaya müraciətlə bağlı sıxlığın olduğunu inkar etmirsə, bunun xəstəliyi ucbatından canını götürüb ora gələn vətəndaşa nə dəxli var? Mərkəz sıxlıq statistikasını bizə deyil, aid oldu­ğu quruma göndərməlidir ki, müvafiq həll variantları tapılsın. Burada sıxlığın rayondan gələn pasientlərin hesabı­na artdığının bildirilməsinin də mənası yoxdur. Pasientləri TƏBİB-in struktur dəyişikliyi, İTS tətbiqinin çətinliyi az ma­raqlandırır. İndiki halda KTM sıxlığı ara­dan qaldırmağı düşünməlidir. Bunun tək yolu isə qeydiyyatçıların sayını artırmaq və onların işinə ciddi nəzarətdir ki, bunu da mərkəz etməyib. 

Martın 28-də gedən yazımızda bil­dirmişdik ki, ASAN xidmətdə, elə qa­pıdaca, vətəndaşlara yaxınlaşıb onları müvafiq sahələr üzrə yönləndirirlər. KTM-də isə bildirilib ki, “vətəndaşın mə­lumatsızlığına xəstəxana məsuliyyət daşımır”. Mərkəz rəhbərliyi onu da deyir (bizə cavabında yazır – red.) ki, müva­fiq lövhələr vurublar, gələnlər zəhmət çəkib baxsınlar. Hörmətli KTM rəhbər­liyi, vətəndaşın məlumatsızlığına yox, məlumatsızlığının doğurduğu duruma görə məsuliyyəti, məhz, siz daşıyırsı­nız. ASAN xidməti bir kənara qoyaq, deyə bilərsiniz ki, icbari tibbi sığortaya yeni keçilib, axı yeni yaradılmış DOST mərkəzləri var, onlarda da vətəndaşlar­la fərdi təmas qurulur. 

Necə ola bilir ki, Kardioloji xəstəxa­nada, ET Mamalıq və Ginekologiya institutunda bu tibb müəssisələrinə üz tutanlara, onlardan nə üçün gəldikləri soruşula, vətəndaşlar müvafiq qaydada yönləndirilə bilir, KTM-də bunu etmək kimsənin yadına düşmür?.. 

Hörmətli KTM rəhbərliyi, cavabı­nızda xəstənin analizlərin nəticələrini elektron qaydada öyrənmək yollarını sadalamaqla yanaşı, onu da bildirirsiniz ki, həkim öz qarşısındakı komputerlə xəstəsini göndərdiyi analizin cavabları­na baxmaq imkanındadır. Əgər həkim xəstənin qan analizlərinin cavabları ilə komputerlə tanış ola bilirsə, o zaman nəyə görə xəstə analiz cavablarını özü gedib götürməlidir? Deyirsiniz ki, analiz vermək üçün ayrıca qeydiyyat məntəqəsi təşkil etmisiniz. Bəlkə bunu edirsiniz, amma həmin an aləm qarış­mışdı bir-birinə. 

Yazımızda göstərmişik ki, printerin katrici işləmədiyindən, xəstələrə ca­vablar kağızda verilmirdi. Deyirsiniz ki, kağız daşıyıcılardan imtina edirsiniz. Beləmi imtina edirsiniz? Elektron xid­mətə keçmək vətəndaşın mobil telefonu ilə komputerin ekranından analiz cava­bının çəkilməsidirmi? Elə buradan da görünür ki, həkimin qarşısında kompu­ter yoxdur, diqqətə çatdırdığınız xidmət işləmir. 

Yenə də bildirək ki, başlıca məsələ vətəndaşların “pulsuz həkim” kimi qiy­mətləndirdikləri sığortalı tibb xidmətinin qurulmasına yanaşmadır. İndi tənqid obyektimiz KTM-dirsə, sabah bir başqa tibb müəssisəsi də ola bilər. Əlbəttə, müsbət tərəfləri də qeyd etməliyik. İn­sanlar hazırda, əvvəllər maddi baxım­dan müşkil saydıqları, bir sıra cərra­hiyyə əməliyyatlarını sığorta hesabına gerçəkləşdirib sağlamlıqlarına qovuşa bilirlər. Ancaq çatışmazlıqları, özü də gözlə gördüyümüz problem və çətin­likləri vurğulamalıyıq ki, vəziyyət daha da yaxşılaşsın. Yazıb agah etməliyik ki, KTM bizə cavabında özünü təmizə çıxarmaq yolu tutmasın, “çox təəssüf ki, vətəndaş bu məntəqəni görməyib” tipli arqumentlər gətirməsin. Nəzərə alaq ki, məsələ, böyük ölçüdə, vətənda­şın nəyisə görüb-görməməsində deyil. Vətəndaş görməyə bilər. Ona anlatmaq lazımdır. 

KTM “Xalq qəzeti”nə cavabında bil­dirir ki, “dərc olunan yazıda növbədə duran hər hansı bir xəstənin halının pis olduğu, növbədə dayana bilmədi­yi qeyd olunub. Bildiririk ki, poliklinik müraciət səhhətində heç bir kənar hal olmayan, təcili və təxirəsalınmaz yar­dımın göstərilməsinə ehtiyac olmayan xəstələr üçün nəzərdə tutulub”. İndi isə 28 mart tarixli yazımızdakı müvafiq hissəni xatırladaq: “Elə bu an iki nəfər gəlir və onlardan biri öz yanındakını göstərərək onun durumunun pis oldu­ğunu, növbədə dayana bilməyəcəyini bildirir. Təbii, həmin şəxsin dedikləri hər hansı əhəmiyyət daşımır. Heç kəs növ­bəyə kənar müdaxiləni istəmir. Elə bu an dövriyyəyə insanlıq məsələləri girir: müsəlmanıq, yezid deyilik, erməni biz­dən yaxşıdır, xəstə adamdır, dayana bil­mir, filan. Təsəvvür edirsinizmi ittihamın miqyasını? Həssas nöqtələrə aramsız mənəvi yaylım atəşləri açılır. Sanki, ora gələnlər sağlamlardır...”.

Yəqin, müqayisə apara bildiniz. KTM xəstələri, belə demək mümkünsə, kateqoriyalara bölürsə, öz işidir. Yəni, mümkündür ki, təcili və təxirəsalınmaz tibbi xidmətə ehtiyac duyanlar və duy­mayanlar olsun. Amma yazımızda qeyd etdiyimiz xüsus başqadır, KTM isə ca­vabında tamam başqa məsələni gün­dəmə gətirir. Biz deməmişik ki, növbə­də kiminsə vəziyyəti pisləşdi. Sadəcə, vətəndaşın növbədə irəli düşmək üçün gətirdiyi arqumenti (bəlkə də yalan da­nışır. Önəmli deyil) vurğulamışıq. O arqumenti ki, orada olan digərləri tərə­findən (görünür, yalan kimi qiymətləndi­rildiyindən) qəbul edilmədi və nəticədə insanlar bir-birinə qarşı xoş olmayan fikirlər səsləndirdilər. Sözümüz ondadır ki, tibbi xidmət düzgün təşkil olunsaydı, belə hal yaşanmazdı. 

KTM-in cavabındakı bir məqama diqqət yetirək: “Əlavə olaraq qeyd et­mək istəyirik ki, qeydiyyatçılar mütə­madi olaraq etik davranış qaydaları ilə bağlı təlimatlandırılır. Ancaq vətəndaş­lar tərəfindən növbədənkənar keçmək cəhdləri, şəxsiyyət vəsiqələrinin göstə­rilməməsi, başqa şəxsin şəxsiyyət və­siqəsi ilə qeydiyyatdan keçmək istəyi və s. kimi hallar baş verir. Bəzən qeydiy­yatçılar təhqir olunur və alçaldılır”. 

Hörmətli KTM rəhbərliyi özü də fərqinə varmadan xəstəxanadakı acı­nacaqlı durumu açıqlığa çıxarır. Təəs­sürat yaranır ki, belə xoşagəlməzliklər tendensiya halını alıb. Günahkar vətən­daşlardır? Qeydiyyatçı niyə təhqir olun­malıdır? Biz ASAN xidmət sahəsində hansısa işçinin təhqir olunduğunu eşit­məmişik, görməmişik. 

Qeyd edək ki, KTM-nin cavabın­da tənqidi yazımıza düzgün nəzər sa­lınmamasını təsdiqləyən başqa bir məqam da var. Məsələn, biz ümumən ölkəmizdə sığortalı tibb xidmətindəki problemlərə nəzərən bildirmişik ki, “Go­ranboy Rayon Mərkəzi Xəstəxanasında növbəyə durmuş bir vətəndaşımız deyir ki, səhər saat 11 olan kimi ona xəstə qəbulunun dayandırıldığını bildiriblər. Söhbət pulsuz xəstə qəbulundan gedir”. 

KTM bu fikrimizə münasibətini açıq­layıb. Əlbəttə, mərkəzin münasibətini nöqsan saymırıq. Hesab edək ki, oxu­cularımız da, biz də maariflənirik. Maa­riflənirik və artıq bilirik ki, “həkim özünün iş saatı müddətində maksimum 25-30 xəstəyə baxa bilər. Əgər saat 11-ə qə­dər qeydiyyatda bu say dolarsa, təcili hal olmadığı müddətdə xəstənin növbə­ti gün müraciət etməsi təklif olunur”. 

Açığı, normalda həkimin gün ərzin­də 25-30 xəstəyə baxmasını da düz­gün saymırıq. Görünür, həm də həkim yetərincə olmadığından, suallar yaranır: xəstə çoxdursa necə? Axı çoxdur və çoxdur ki, növbə də formalaşır. Xəstə nə üçün səhəri gün gəlməlidir? Təcili hal kriteriyası necə müəyyənləşdirilir? İndiki halda belə müəyyənləşdirmə nə dərəcədə lazımdır? Xəstə gəlibsə, xid­mət göstərilməsi, işin sabaha saxlanıl­maması daha faydalı olmazmı? Əvvəlki yazımızda bunları bildirməmişdik. Bil­dirməməli idik?! Belə də davam etsin, eləmi?!

KTM rəhbərliyi “Xalq qəzeti”nə ca­vabında özünün qüsursuz olduğunu və ya heç bir çatışmazlığının olmadığını demək istəmədiyini yazır. Biz də bəyan edirik ki, KTM-ə qarşı qərəzimiz yoxdur. Tibb müəssisəsinin cavabını oxuyan­da sevindik ki, orada son illərdə təcili yardım şöbəsi ilə yanaşı, beş şöbə də açılıb. Bunların içərisində, hətta, dövlət tibb müəssisələrində ilk olan Torokal cərrahiyyə şöbəsi də var. 

Ancaq biz yazımızda bildiməmişik ki, KTM-də müayinə avadanlıqları la­zımi səviyyədə deyil. Halbuki mərkəz bunu da qəzetimizə nöqsan kimi qiy­mətləndirib. Əvvəlki yazımızdakı sitatı təqdim edirik: “Ümumiləşdirmə apa­raraq deyək ki, söylədiklərimiz icbari tibbi sığorta sahəsindəki problemlərin çox kiçik bir hissəsidir. Məsələn, ondan danışa bilərdik ki, vətəndaşlara pulsuz tibbi xidmət göstərən xəstəxanalarda müayinə avadanlıqları lazımi səviyyə­də deyil, onların bəziləri, ümumiyyətlə, yoxdur və insanlarımız məcbur qalıb özəl tibb müəssisələrinə üz tutmalı, pul xərcləməli olurlar”. 

Sonda onu da deyək ki, KTM “Xalq qəzeti”nə cavabında çatışmazlıq və nöqsanların ictimai nəzarət, aparılan monitorinqlərlə təsbit edildiyini, aradan qaldırmaq üçün lazımi tədbirlərin görül­düyünü vurğulayıb. Çox gözəl. Bu yerdə diqqətə çatdıraq ki, qəzet fəaliyyəti də ictimai nəzarətdir və KTM-də gördüklə­rimizə əsasən qeydə alınıb. Biz obyek­tiv tənqid eləmişik və bundan sonra da edəcəyik. Mərkəz isə görünür, fakt de­dikdə qeydiyyat şöbəsindən aldığımız qəbzi, yaxud analizin cavabını, xəstənin adını, soyadını dərc etməyimizi istəyib. Təəssüf ki, bunu edə bilmərik, çünki etik çərçivəyə sığmır. Ancaq KTM lazım bilsə, onun rəhbərliyi ilə birgə bunun və digər gördüklərimizin açıq müzakirəsini keçirə bilərik. O zaman tibb müəssisə­sinin rəhbərliyinə tam agah olacaq ki, söylədiklərimizi havadan götürməmişik. 

Bəli, bilirik ki, mediada yayınlanan həqiqətə uyğun olmayan məlumatlar barədə qarşı tərəfin verdiyi təkzib me­dia subyektində dərc olunmalıdır. Yaxşı olar ki, KTM bunu bizə öyrətmək fik­rindən daşınsın. Mərkəzin rəhbərliyinə xoş olması üçün onu da deyə bilərik ki, onlarda olduğu kimi, bizim də fəa­liyyətimizdə çatışmazlıqlar var. Bunu lap əvvəldə diqqətə çatdırdıq və texniki yanlışlıq iradı ilə razılaşdığımızı yazdıq. Ancaq heç kəs unutmasın ki, biz öz işi­mizi yaxşı bilənlərdənik. 

“Xalq qəzeti”

Sosial həyat