Enməzlik qübbəsinin sakini...

post-img

Məşhur fransız alimi Lui Pasterin belə bir aforizmi var: “Elmin Vətəni yoxdur, lakin alimin Vətəni olmalıdır”. Füzuli rayonunda dünyaya göz açan Hətəm Quliyev ADU-nun (BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda könül verdiyi geologiya və geofizika elminin sirlərinə mükəmməl yiyələnmişdir. Elmi fəaliyyətini bir müddət Kiyev şəhərində davam etdirəndən sonra ötən əsrin 80-ci illərində akademik Midhət Abbasovun dəvəti ilə Vətənə qayıtmışdır. Elmi fəaliyyətini AMEA-nın Dərin Neft Quyuları İnstitutunda çalışarkən dünyanın əksər ölkələrində elmi məruzələrlə çıxışlar etmişdir. Hətəm müəllim həm respublikamızın, həm də xarici ölkələrin nüfuzlu elmi qurumlarında təmsil olunmuşdur. 

Akademik Hətəm Quliyevin üzə­rində yaşayıb, yaratdığımız yer kürəsinin və kainatın geofizik struk­turlarının proqnozlaşdırılması, qanu­nauyğunluqların aşkarlanması sahə­sində xüsusi xidmətləri olmuşdur. Vaxtilə onun elmi naliyyətləri haqqın­da Ukrayna Elmlər Akademiyasının Geofizika İnstitutunun direktoru, aka­demik B.Starostenko, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, həmin akademiyanın Geosferlərin Geodi­namikası İnstitutunun elmi rəhbəri B.Aduşkin, Norveçin Bergen Univer­sitetinin geofizika üzrə fəxri professo­ru Karsten M.Stortbedet, Beynəlxalq Geofizika Cəmiyyətinin prezidenti, BP şirkətinin baş geofiziki Leon Tom­sen və başqa dünyaşöhrətli elm xa­dimləri və mütəxəssisləri dəyərli fikir söyləmişlər.

Hətəm müəllimin adının məna­sı“qanun verən, qət edən, əliaçıq, səxavətli” deməkdir. O, ilk dəfə ümumdünya geofizika nəzəriyyələr sisteminin yenillənmiş modelləri­nin xətti xüsusiyyətlərini ixtira etmiş dahi şəxsiyyət, görkəmli elm xadi­mi olduğu qədər də dərin ədəbiyyat, incəsənət, musiqi, folklor bilicisi idi. Haqqında yazılan xatirələrdən gö­rünür ki, Hətəm müəllim zamanında heç vaxt insanlardan öz isti, doğma münasibətini, səxavətini əsirgəmə­yib, hər zaman onların qeydinə qalıb. Qələm dostum, şair-publisist Əbülfət Mədətoğlu “İç dünyamın adamları” kitabında yazır: “…Hətəm müəllim kimi insanları Allah doğulduğu elə, obaya, yurda, məmləkətə böyük sev­giylə hədiyyə edir. Onların timsalında həmin el-obaya, məmləkətə, millətə sayğısını büruzə verir. Hətəm müəl­lim kimi insanlar dünyanın dayanıqlı­ğını, tarazlığını qorumaq üçün doğu­lanlar sırasında da yer tutmağa haqq ediblər...”

Əməkdar jurnalist Əflatun Amaşo­vun təbirincə desək, Hətəm müəllim həm də “Göylərin alimi” idi. Onun düşüncəsi, yanaşması, baxışı son dərəcə fərqliydi. O, hər bir yaşanmış hadisəyə ailə, iş yeri, ölkə, Yer kürəsi, Günəş sistemi, milyonlarla qalaktika­lar prizmasından deyil, daha geniş baxırdı. Çünki o, varlıqla yoxluğun, sonsuzluğun astanasınadək gedib çıxmışdı. Sonsuzluq divarının o tərə­findəki paralel dünyada da nələrin baş verəcəyi barədə elmi mühakimə yürüdə bilmək zənginliyinə malik idi...

İxtisasca jurnalist olan ömür-gün yoldaşı Kəmalə xanım Hətəm müəl­lim barədə yazır: “O, inadkar, mərd idi. Möhkəm iradə sahibi idi. Qərar ver­məkdə tələsməzdi. İnsanları sevirdi. Qohumluqda, yoldaşlıqda sədaqətlili­yi ilə fərqlənirdi. Etibarlı dostları var­dı. Bir sözlə, sözün əsil mənasında, mükəmməl idi. Zamanın gətirdiyi sel özülündən zərrə qədər də olsun qo­para bilməmişdi. Dünyaya vergi idi, dünya onu saxlaya bilmədi, itirdi!”

Əməkdar elm xadimi, akademik Hətəm Quliyev 2021-ci il aprelin 21-də haqqın dərgahına qovuşub. Allah rəhmət eləsin!

Nurəddin ƏDİLOĞLU,
yazıçı-jurnalist

Sosial həyat