Teatr Forumu – milli səhnənin sabahına baxış

post-img

Heydər Əliyev Mərkəzində Azərbaycanın mədəniyyət tarixi üçün əhəmiyyətli hadisə – “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” adlı Teatr Forumu keçirilib. Ölkəmizdə birinci dəfə keçirilən və dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri forumdan teatr sahəsində çalışan hər kəsin böyük gözləntilərinin olması təsadüfi deyildi. İki gün davam edən tədbirdə çox sərbəst və demokratik şəkildə hər kəsə öz fikirlərini bölüşməyə imkan yaradılıb. Bunu tədbirdə iştirak edən teatr ictimaiyyətinin nümayəndələri də təsdiqlədilər. 

Forumda “Teatrların fəaliyyətində fandrayzinq alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri”, “Milli teatrın inkişaf strategiyası”, “Audito­riya tələbinin formalaşdırılması və tama­şaçı axınının stimullaşdırılması”, “Mar­ketinq və reklam strategiyası”, “Prodüser institutunun milli teatr məkanında tətbiqi”, “Çağdaş teatr prosesində müstəqil teatr­ların rolu”, “Teatrın aktual məsələlərin ef­fektiv təbliğat platforması kimi rolu”, “Sis­temin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir teatr sənətində festival hərəkatı, region teatrlarında kadr potensialı” mövzularında çıxışlar dinləni­lib, müzakirələr aparılıb. 

Tədbir iştirakçılarından Xalq artisti Nurəddin Mehdixanlı forumun əlamətdar yubileylə bağlı toplantı olduğunu vurğu­layıb. İllərdən bəri yığılmış məsələlərin müzakirə edildiyini, həll yolları axtarıldığı­nı deyən N.Mehdixanlı bildirib ki, forumun Azərbaycanın mədəniyyət tarixində ciddi dönüş nöqtəsi olacağına ümid edir. 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdi­yev təmsil etdiyi sənət ocağının da foru­ma təkliflərlə gəldiyini bildirib. Qeyd edib ki, Teatr Forumunun keçirilməsi vacib bir yenilikdir: “Musiqili Teatr tərəfindən də tək­liflər irəli sürülüb və ümidvarıq ki, onlara baxılacaq”.

Mingəçevir Dövlət Dram Teatrının di­rektoru, Əməkdar artist İntiqam Soltan Azərbaycan teatrının problemləri ilə bağlı maraqlı diskussiyaların aparıldığını dilə gətirib. Milli səhnəmizin problemlərinin olduğunu qeyd edən İ.Soltan deyib ki, te­atrlarla bağlı bir sıra qanunlar və onların icrasında boşluqların olmasını etiraf et­mək lazımdır. Mədəniyyətdə islahatların aparılması teatrlardan başlanmalıdır. O, forumun bu sahədə müəyyən işlərin baş­lanması və icrası üçün yeni imkanlar yara­dacağına əmin olduğunu bildirib. 

Abdulla Şaiq adına Azərbaycan Döv­lət Kukla Teatrının direktoru, Əməkdar incəsənət xadimi Rəşad Əhmədzadə isə forumun ümumi problemlərə baxış, yeni strategiyaların müəyyənləşdirilməsi, çağdaş səhnə, sənət tendensiyalarının tədqiqinə və tətbiqinə təkan verəcəyiniə ümid etdiyini deyib. 

Forumda aparılan fikir mübadiləsi və müzakirələrdə səslənən təkliflər “Azər­baycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tədbirlər planında nəzərə alınacaq. 

L.QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat