İnformasiya mübarizəsində mühüm silah – Vikipediya

post-img

Bir çox azərbaycanlının evində sovet ensiklopediyasının nüsxələri var. İndi Milli Ensiklopediyamız da işıq üzü görüb. Lakin bir ensiklopediya da var ki, bunların hamısından daha çox əlçatandır. Bu, vikipediya adlanır. Vikipediya internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan azad onlayn ensiklopediyadır. 

Layihənin tarixi 1999-cu ildən başlasa da, 2001-ci ilin 15 yanvar tarixindən inter­netdə fəaliyyət göstərməyə başlayır. Ensik­lopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensik­lopediya) sözlərindən yaranıb. Qısası tez, tezləşdirilmiş ensiklopediya, hamının daxil olub məlumat götürə biləcəyi onlayn məkan. Burada hər mövzuda, hər hansısa şəxsiyyət barədə məqalələr yaratmaq imkanları var. 

Məqalələr necə yaradılır?

Mütəxəssislər qeyd edirlər ki, əslində, vikipediyada məqalələrin yazılması olduqca asandır və HTML səhifələrindən fərqli olaraq xüsusi biliklər tələb etmir. Mündəricatın ya­radılması, keçid və şəkillərin əlavə edilməsi, şablonlar və digər funksiyalar avtomatlaşdı­rıldığından məqalələri qısa müddət ərzində asanlıqla yaratmaq mümkündür. Şərtlərdən ən əsası budur ki, hər zaman neytral mövqe­dən çıxış etmək və yazılan məqalələrin mən­bəyini göstərmək lazımdır. Bu idarə­çilərin və oxucuların sizin məqalənizə olan etimadını artıracaq və mümkün mübahisələrin qarşısını alacaq. Mən­bələri “Mənbə”, “Xarici keçidlər”, “İstinadlar” başlıqlı bölüm(lər)də sadalamaq lazımdır. Qeyd edək ki, burada vacib məqamlardan biri müəl­lif hüquqlarıdır. Əgər əlavə etdiyiniz məqalə, şəkil və ya media faylının bir neçə il sonra ensiklopediyadan xaric olunmasını istəmirsinizsə, müəllif hüquqlarının qaydalarına riayət et­mək gərəkdir. 

Hazırda vikipediya dünyada iş­lənən dillərin, demək olar ki, hamısın­da, dəqiq desək, 281 dildə məqalələri özündə birləşdirir. Lakin bu, o demək deyil ki, məlumatlar bütün dillərdə var. Bu, həmin ölkənin, xalqın virtu­al maariflənməyə marağına, həmin resurslarla işləmə həvəsinə də bağlı olan məsələdir. Bəs azərbaycandilli seqmentdə vəziyyət necədir? İş aparı­lırmı? Bu məsələdə inzibati resurslar köməyə gəlirmi? 

Beləliklə, vikipediya platforma­sına informasiya mübarizəsində yer alan mühüm vasitələrdən biri kimi yanaşmaq lazımdır. Məlumatların çoxaldılmasını vikipediya rəhbərliyi də istəyir. Onlar, hətta Azərbaycan dilində vikipediya istifadəçilərinə müraciət də ünvanlayıblar. Müraciət­də təklif olunur ki, azərbaycandilli vikipediyanın zənginləşdirilməsinə, orada məqalə sayının artırılmasına hamı öz töhfəsini versin. Odur ki, belə mütərəqqi virtual maarifləndirmə trendindən geri qalmaq olmaz! 

Elnur Eltürk,
AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi: 

– Öncə onu qeyd edək ki, azad ensiklopedi­ya olan vikipediya könüllülük prinsipi əsasında formalaşıb və mənbələr çoxaldıqca yaradılan məqalələrin də zənginliyi artır. Əlbəttə, yaxşı olar ki, vikipediyanın dirçəlməsi üçün inzibati resurs­lardan istifadə edilsin və bu geniş şəkildə tətbiq olunsun. Yəni vikipediyaya bir sənət, bir ideo­loji iş kimi baxmaq lazımdır. Amma, əlbəttə ki, mütəxəssislərin, məlumatlı insanların bu sahədə töhfə verməsində fayda var. 

Bu, gün vikipediyanın Azərbaycan və xarici dil bölmələrində sistemli fəaliyyəti özünü göstə­rir. Bu, onu göstərir ki, könüllülər, idarəçilər öz üzərlərinə düşən işi həyata keçirirlər. Hər gün on­larla məqalə yaradılır və redaktəyə ehtiyacı olan yazılar əsaslı şəkildə zənginləşdirilir. Təkcə 2022-ci ildə Azərbaycan dilli bölmədə 300 milyondan çox izlənmə olub. Artıq bu günə qədər 191 min məqalə yaradılıb. Yaxşı nəticədir. Nə qədər çox məqalə yaradılarsa, doğma dilimizdə istənilən mövzunu əlçatan edər. Bir zamanlar eşidirdik ki, ana dilimizdə məqalələr yoxdur və olsa da, zəif­dir. Ancaq bu gün bunu demək olmaz. Artıq geniş məzmunlu, ciddi mənbələrə söykənən məqalələr çoxdur. Vikipediyada keyfiyyətlə kəmiyyətin uzlaşdırılmasına üstünlük verilməlidir. Xüsusilə xarici dil bölmələrində Azərbaycan mədəniy­yətinə, tarixinə, ədəbiyyatına və mövzulara aid məqalələrin yaradılması həqiqətlərimizin dünya­ya çatdırılması baxımından çox əhəmiyyətlidir.

Anar TURAN, “Xalq qəzeti”

elnur11.jpg

Sosial həyat