Novruzgülü – nərgizgülü

post-img

Bənövşə, novruzgülü kimi nərgizgülü də bahar bayramının – Novruzun müjdəçisi sayılır. 

Floranın quşqonmaz çiçəklilər dəstəsinin nərgizkimilər fəsiləsinə aid nərgizgülü (lat. Narcissus) fərqli güldür. Qarın bağrını dəlib yavaş-yavaş yuxarı boylanan nər­gizgülü latınca hərfi mənada süd çiçəyi deməkdir. 

Azərbaycanın, istisnasız ola­raq, bütün bölgələrində yetişən, xoş ətirli, şux görunuşlü nərgizgü­lünün Şimal ölkələrində qırxa yaxın növü var. Ana vətəni Avropa olan bu bitkiyə daha çox İspaniya və Portuqaliyada rast gəlinir. Arıların köməyilə tozlanır. 

Xalq arasında, guya, vaxt­sız-vədəsiz çiçəklədiyi hesab olu­nan bu gül haqqında saysız-he­sabsız əfsanə dolaşır. Həmin əfsanələrin birində deyilir ki, Adəm və Həvva Allah tərəfindən cənnət­dən qovulduqda Yerdə qış fəsli olub. Soyuqdan üşüyən və ağla­yan Həvvanın halına qarın altında­kı bitkilər çox acıyırlar. Və onlardan bir neçəsi, o cümlədən nərgizgülü Həvvaya təskinlik verməkdən ötrü tez çiçək açıb yerin üzünə çıxır. Bunu görən Həvvanın doğrudan da qəlbi sevinir, həm də Tanrı tərə­findən günahının bağışlanacağına ümidi artır. 

Bəli, qədim dövrlərdən qar­dələn–nərgizgülü yeni günün, isinən torpağın, eyni zamanda ümidin rəmzi sayılır. Qardələn haqqında polyak, rumın, alman xalqlarının da gözəl əfsanələri, rə­vayətləri var. Göytürk türkcəsində isə qardələnə "Karluğaç" deyilir.

Narcissus Türkiyənin Egey bölgəsində istixana şəraitində ye­tişdirilir. Yarpaqları, çiçək sapları bir-birinə bənzəsə də, ləçəkləri bəyaz, sarı, narıncı, çəhrayı rəng­lərdə olan növlərinə daha çox rast gəlinir. 

 

Hazırladı: İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Sosial həyat