Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün order verib. Rusiya lideri ukraynalı uşaqları deportasiya etməkdə ittiham olunur.
BCM soyqırımı, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və təcavüz cinayətlərinə görə məsuliyyət daşıyanları təqib etmək səlahiyyətinə malik ilk daimi beynəlxalq məhkəmədir. 1998-ci ildə qəbul edilmiş Roma Nizamnaməsi əsasında yaradılan məhkəmə 2002-ci il iyulun 1-də rəsmi olaraq fəaliyyətə başlayıb. BCM-ni Beynəlxalq Ədalət Məhkəməsi ilə qarışdırmaq olmaz. O, BMT-nin rəsmi strukturlarına daxil deyil.
Rusiya BCM-i tanımır və onun təsis sənədi olan Roma Statutunu imzalamayıb. Rəsmi Moskva bəyan edir ki, məhkəmənin qərarlarının hüquqi baxımdan heç bir mənası yoxdur. Rusiya Roma Statutunu ratifikasiya etməyib və ona görə heç bir öhdəlik daşımır.
Xatırladaq ki, Azərbaycan Roma Statutuna qoşulmayıb.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”