Zirehli nəqliyyatda yeni əyləc qəlibləri

post-img

Cənubi Qafqaz regionundakı təhlükəsizlik təhdidləri ordumuzun daim yeni silah və texnikalarla təchiz edilməsi tələbini gündəmdə saxlayır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev çıxışlarında bunu dəfələrlə vurğulayıb, yüksək dəqiqliyə, böyük dağıdıcı gücə, ən başlıcası isə davamlılığa malik texnikaya üstünlük verilməsini vəzifə olaraq qarşıya qoyub.


Texnika və texnologiyanın bugünkü sürətli inkişafı, bir çox sahələrdə olduğu kimi zirehli nəqliyyat vasitələrinə də sirayət edir. Belə ki, adi maşınlardan fərqli olaraq zirehli hərbi nəqliyyat vasitələri kəskin temperatur dəyişmələri, tez-tez istiqamət, sürət dəyişmələri, qəfil dayanma, enişli yollarda sürətli hərəkət və digər manevrlər kimi çox çətin, mürəkkəb istismar şəraitində işlədiklərindən bunlar çox vacibdir. 
Bütün növ zirehli nəqliyyat vasitələrində əsas və məsul qovşaqlardan biri də onların əyləc qəlibləridir. Əyləc qəlibləri böyük sürət, temperatur, sürtünmə və aşınma şəraitində işləyir. Müasir əyləc sistemlərinin sınaq stendləri elə qurulmalıdır ki, sınaqda, təlimdə və real döyüşlər zamanı texnikanın faydalı iş əmsalı yüksək olsun. 
Əyləc sisteminin ən vacib elementi onun əyləc qəlibləridir. Bunların davamlılığına, uzunömürlüyünə ən ciddi mənfi təsir göstərən sürtünmə, yeyilmə və temperaturdur. Bu qəliblər adətən əyləc pedalı işə salınarkən yüksək temperatura qədər (300-3500C-dək) qızır, bu da onların vaxtından əvvəl yeyilərək sıradan çıxmasına səbəb olur. Müxtəlif elmi-tədqiqat laboratoriyaları tərəfindən aparılmış tədqiqat üsulları belə nəticəyə gəlməyə imkan verir ki, əsas tələb qəliblərin işçi temperatur intervalında, daimi sürtünmə rejimində yeyilməyə qarşı davamlılığı saxlamasıdır.
Polad və müxtəlif metal ərintilərindən hazırlanan əyləc qəliblərindən zirehli nəqliyyat vasitələrində istifadə olunması məhz bu səbəbdən özünü doğrutmadığı üçün son illər bu istiqamətdə digər konstruksiya materiallarından, o cümlədən kompozisiya materiallarından geniş istifadə olunur. Milli Aerokosmik Agentliyi, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Pilotsuz uçuş aparatlarının tədqiqi şöbəsinin rəis müavini Adışirin Fərzəliyevin bu barədə dedikləri:
-Əyləc qəliblərinin hazırlanması istiqamətində mövcud texniki ədəbiyyatın hərtərəfli araşdırılması və bu istiqamətdə aparılan tədqiqatların texniki analizindən sonra belə qənaətə gəlmək olar ki, həm iqtisadi, həm də texnoloji cəhətdən ən səmərəli variant termik davamlılığı ilə fərqlənən polimer əsaslı kompozisiya materiallarından istifadə etməkdir.
Bu qəliblərinin polimer əsaslı kompozisiya materiallarından hazırlanması zirehli nəqliyyat avtomobillərinin ümumi kütləsini və qabarit ölçülərini xeyli dərəcədə azaltmağa imkan verir. Eyni zamanda, əyləclərin konstruksiyalarını sadələşdirməyə, onların etibarlılığını, uzunömürlüyünü artırmaqla yanaşı, böyük miqdarda əlvan metal və legirlənmiş polada qənaət etməyə şərait yaradır.
Artıq indi əyləc qəliblərinin alınmasında polimer əsaslı imidoplastlardan istifadə olunması daha məqsədəuyğun hesab edilib.
Müasir maşınqayırma və digər sənaye sahələrində müxtəlif məqsədlər üçün istifadə olunan polimer matrissalı kompozisiya materiallarının tərkibi, onların istifadə sahəsindən asılı olaraq müxtəlif olur. Tərkib həm də bu kompozit materialının hansı şəraitdə, hansı məmulatın hazırlanacağından asılı olaraq müəyyənləşdirilir. Zirehli avtomobillərin əyləc qəliblərinin tərkibinə toxunma formasında doldurucu material kimi şüşəplastiklərdən, karbon plastikdən, borplastiklərdən də istifadə olunur.
Bütün bunlar zirehli hərbi texnikanın həm mobilliyini artırır, həm də onu idarə edən sürücü-mexaniklərdə inam hissini gücləndirir. 44 günlük Vətən müharibəsinin Azərbaycan Ordusunun Böyük Zəfəri ilə başa çatmasında məhz yüksək texnologiyalı hərbi texnikanın və silah sistemlərinin uğurlu tətbiqi mühüm rol oynayıb. Çətin relyefli dağlıq ərazilərdə asanlıqla idarə olunan tanklar, zirehli transportyorlar, piyada döyüş maşınları əsgər və zabitlərimizin çox dadına çatıb, texnika və canlı qüvvə itkisi minimum dərəcədə olub. 
Əməliyyatlarda Azərbaycan hərbi sənayesinin istehsalı olan silah və texnikalardan aktiv istifadə öz bəhrəsini verib. Özü də bizim müasir hərbi texnikamız Vətən müharibəsində ilk dəfə real döyüşlərdə sınaqdan çıxarılıb və bu, uğurlu olub. Onu da qeyd edək ki, gərgin döyüşlərin getdiyi zaman Müdafiə Sənayesi Nazirliyinin müəssisələri fasiləsiz iş rejimində çalışaraq, istifadədə olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə müvafiq bazalar yaradıblar.
Paytaxtımızdakı Hərbi Qənimətlər Parkının ekspozisiyasından da göründüyü kimi, qarşı tərəfin – nankor qonşularımızın bu cür imkanları son dərəcə məhdud olub və onlar köhnəlmiş, özünü doğrutmayan hərbi texnikadan istifadə ediblər.
Yuxarıda qeyd olunan əyləc sistemi yeniləmələri və digər texnoloji həllər sayəsində Müdafiə Sənayesi Nazirliyinin istehsalı mənimsənilmiş döyüş vasitələrindən “Matador” və “Marander” ZDM-lərini, BTR-70 və BRDM-2 transportyorlarını göstərmək olar.
Döyüş əməliyyatlarında, müdafiə və hücum zamanı üstünlük qazandıran zirehli hərbi texnikanın modernləşdirilməsi uğurla davam edir.

Sosial həyat