İnnovasiyalar tərəqqiyə xidmət edir

post-img

Azərbaycanın dayanıqlı inkişaf məqsədləri üzrə həyata keçirdiyi mühüm layihələr həm də texnoloji innovasiyaları daha çox ehtiva edir.   Azərbaycan Texniki Universiteti (AzTU) bu sahənin daha potensiallı ünvanlarındandır. Universitetdə həmin potensialın bir qismini müdafiə sənayesinə cəlb etmək hədəflənib. Çünki regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə  ali təhsil ocağıdır. Burada texnopark və inkubasiya mərkəzləri yaradılmaqdadır. AzTU-nun rektoru, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, professor Vilayət Vəliyevlə söhbətimiz də elə bu və digər məsələlər barədədir.  

 
– Bildiyimiz kimi, universitetiniz müdafiə sənayesində çalışacaq ixtisaslı kadrlar hazırlayır. Xüsusi texnika və texnologiya fakültəsi bu məqsədlə yaradılıb. Onun fəaliyyəti qaneedicidirmi?    
– Son dövrlərdə zamanın çağırışlarına uyğun olaraq, biz müdafiə sənayesi ilə bağlı məsələlərə ciddi diqqət  yetirməyə başlamışıq. Xüsusi texnika və texnologiya fakültəsi Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bu qərarı Azərbaycan Prezidentinin bu sahədə apardığı siyasətin tərkib hissəsi kimi dəyərləndiririk. AzTU müdafiə sənayesinin inkişafı üçün, müdafiə sənayesinin bütün sektorları üzrə çox ciddi tədqiqatlar aparan universitetlərdəndir. İlk növbədə fakültənin kafedralarını təkmilləşdirdik,  “Radioelektron və ­aerokosmik sistemlər”, eləcə də “Xüsusi təyinatlı material və vasitələr” kimi yeni kafedralar yaratdıq. Bu yönümdə müdafiə sənayesi naziri Mədət Quliyevlə konseptual görüşümüz olub. Mədət müəllim AzTU-da müdafiə sənayesi ilə bağlı işlərin getməsində çox maraqlıdır və bu baxımdan bizə xeyli imkanlar yaradıb. Ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müvafiq zavodlarında olmuşuq, “İqlim” İstehsalat Birliyi (İB) və digər müəssisələrlə əməkdaşlıq edirik. 
Bütün bunlar müdafiə sənayesi ilə bağlı işlərimizə müsbət təsir edir. Eyni zamanda MSN-in zavodlarında kafedralarımızın filiallarını açmışıq və həmin müəssisələrdə auditoriyalarımız var. Məsələn, “İqlim”in bir mərtəbəsi AzTU-ya aiddir, dərslərimizin böyük qismi və imtahanlar orada keçirilir – müəllim otağı, proyektlər üçün otaqlar, tələbələrimizə dərs keçmək üçün zallar bizim ixtiyarımızdadır. “İqlim” İB-də müdafiə şuramız fəaliyyət göstərir. Bütün zavodlarda belə imkanların yaradılmasına səy göstəririk.
– Milli müdafiə sənayesinin inkişafına yönələn digər layihələriniz barədə nə deyə bilərsiniz?
– Bir sıra regional layihələrdə iştirak etməyi planlaşdırmışıq. Əsasən üç istiqaməti əsas götürürük. Birincisi, informasiya texnologiyalarının müdafiə sənayesinə konkret tətbiqini ortaya qoyuruq və düşünürük ki, bizim üçün süni intellektin tətbiqi, kibertəhlükəsizlik və robortlaşdırma əsas istiqamətlərdir. Logistika və nəqliyyat sektorunun inkişafında süni intellektin, informasiya texnologiyaları (İT) sistemlərinin, robot texnikasının inkişafına   önəm veririk.  
Azərbaycanda nəqliyyat sektoruna dair mobillik proqramının inkişafı ilə bağlı Nazirlər Kabinetinin müəyyən bir proqramı var və biz orada da iştirak edirik. Bakı şəhərinin ətrafında olan logistika sisteminin qurulması ilə bağlı layihələrimiz var. Təklif etdiyimiz xüsusi texnologiyalar istər-istəməz burada fayda verir.   
Türkiyənin İzmir Texnologiya Universiteti ilə də müdafiə sənayesinin inkişafına yönəlmiş layihəmiz var. Hazırda bu istiqamətdə işlər görülür. Bundan başqa, hidrogen energetikası ilə bağlı layihəmiz də formalaşmaq üzrədir.
Onu da deyim ki, birbaşa müdafiə sənayesi ilə bağlı texnologiyalar, əslində ikili texnologiyalardır. Kadr hazırlığının və tədqiqatlarımızın mülki istiqamətdə aparılması o demək deyil ki, müdafiə sənayesinə töhfələr vermirik və yaxud əksinə. Son dövrlər nəqliyyat sektorunda həyata keçirdiyimiz layihələrdə o qədər mülki yanaşmalar, mülki həllər var ki, bunları da birbaşa müdafiə sənayesinə tətbiq etmək olur.
Universitetin Metallurgiya və ­materialşünaslıq, Maşınqayırma və robototexnika kimi fakültələrinin də müdafiə sənayesində yeri məlumdur. ­Robototexnikanın inkişafı bizim üçün önəmlidir. Pilotsuz uçuş aparatları, elektronika, energetika və avtomatika, informasiya texnologiyaları (IT), informasiya telekommunikasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik kimi sahələr müdafiə sənayesinin istiqamətləridir. Eyni zamanda, bizim İqtisadiyyat və idarəetmə fakültəmiz də bu istiqamətə yönəlib. Universitetin IT sahəsində potensialını müdafiə sənayesinə cəlb etmək istəyirik.  Dizayn, texnologiyaları yeniləmək, mühəndis qrafikası üzrə tədrisi daha da mükəmməlləşdirmək istəyirik. 
– AzTU həm də müasir innovasiyalara uyğun islahatlar həyata keçirir, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində işlər görür…
 – Elədir. Müvafiq səylərimiz zamanı qardaş Türkiyə Respublikasının dəstəyindən istifadə edirik. Türkiyədəki ali təhsil ocaqları artıq dünya universitetlərinə inteqrasiya olunub. Onların  geniş əraziləri, çoxşaxəli institusional strukturu var. Həmçinin, xeyli sənaye bölgələri yaradılıb, texnoparklar qurulub. Sənaye bölgəsi sayılan Qəbzədə yerləşən və kifayət qədər imkanları olan Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzi ilə əməkdaşlıq edirik. Orada AzTU nümayəndələrinin tədqiqat aparması, texnoparkdan, infrastrukturdan istifadə etməsinə şərait yaradılıb. Bir sözlə, üzərində çalışdığımız proqram və layihələr çoxdur və müdafiə sənayesinin inkişafı prioritet götürülür.   
Elm və Təhsil Nazirliyi süni intellekt və kibertəhlükəsizliklə bağlı hökumətin qərarlarından çıxış edərək müvafiq komissiya formalaşdırıb. Bizim universitetimiz də komissiyanın işində ən aparıcı mövqe tutan qurumlardandır. Milli ­Aviasiya Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Gömrük Akademiyası ilə də ciddi əlaqələrimiz var. Yaxın vaxtlarda birgə iş planlarına uyğun hərəkət edəcəyik. Kosmik sənayenin inkişafına yönəlik tədqiqatlar da diqqət mərkəzindədir.  
Nəhayət, qeyd edək ki, AzTU yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı sayılan CDIO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetləri Şəbəkəsinə üzv qəbul olunub. Bu da universitetə geniş fəaliyyət imkanları yaradacaq. Məram budur ki, gələcək mühəndislər biliklərini inkişaf etdirsin, bacarığa çevirsin, yenilik atmosferində işləməyə can atsınlar.


“Xalq qəzeti” 

Sosial həyat