“Nurdan yaranıb nura qovuşan insan”

post-img

“Bakı Konqres Mərkəzi”ndə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Nurdan yaranıb nura qovuşan insan” adlı xatirə gecəsi keçirilib.


Tədbirdə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər dövlət orqanlarının rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın – müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur.
AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib ki, Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir: “Akademik Zərifə ­Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. O, cəmiyyətşünas alim və həkim kimi yeni bir nümunə ortaya qoyub”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.
Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Ülvi keyfiyyətlərə malik olan Zərifə xanım öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. 
1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyeva qeyd edib ki, Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb: “Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara”.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.


“Xalq qəzeti”

Sosial həyat