Heydər Əliyev Mərkəzində “İlk qığılcım” sərgisi

post-img

Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələrindən ibarət daha bir sərgi təqdim edib.

AZƏRTAC xəbər verir ki, martın 14-də mərkəzdə bəhreynli rəssam Raşid Al Xə­lifənin “İlk qığılcım” (First light) adlı sərgi­sinin açılışı olub. Bakı sərgisində Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdirilir.

Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əks-etmə” kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Bu, həm də rəssamın Azərbaycandakı ilk sərgisidir.

Sərginin açılışından öncə jurnalistlərə açıqlama verən Raşid Al Xəlifə Bakıda ol­maqdan məmnunluq hissi keçirdiyini söy­ləyib: “Mən çox şadam ki, Bakını gördüm və öz sənət nümunələrimi bu gün Heydər Əliyev Mərkəzində nümayiş etdirə bilirəm. Özümlə gətirdiyim sənət nümunələrinin bəziləri məhz bu sərgi üçün hazırlanıb. Bakını ziyarət etmək mənə bir neçə dəfə tövsiyə olunub. Mən Bakını bu Mərkəzin açılışından sonra görmək istəyirdim və burda öz əsərlərimi nümayiş etməkdən böyük şərəf hissi duyuram”.

Sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxış edərək diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkə­zi hər bir zaman dünya mədəniyyəti nü­munələrinin təbliği istiqamətində fəaliyyət göstərir: “Bu gün müasir incəsənət nü­munələrinin parlaq nümayəndələrindən olan Bəhreyn Kral ailəsinin üzvü, Bəhreyn Milli İncəsənət Şurasının sədri, İncəsənət Cəmiyyətinin ilk prezidenti və fəxri prezi­denti Şeyx Raşid Al Xəlifənin sərgisinin Heydər Əliyev Mərkəzində təşkil olunması mühüm bir hadisədir. Ümid edirik ki, sər­gidən zövq alacaqsınız və xoş təəssüratla ayrılacaqsınız”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söy­ləyib: “Bu gün bu möhtəşəm binada belə bir sərgini ziyarət etmək mənim üçün xoş oldu. Dünyada ayrı-ayrı rəssamlarla gö­rüşmək və onların yaradıcılıq dünyaları ilə tanış olmaq imkanları mənə nəsib olub. Ərəb mədəniyyəti və elminin dünyada özünəməxsus yeri var. Bu sərgi qeyri-a­diliyi ilə fərqlənir. Sərgi bir rəssam kimi mənim üçün, ən yüksək hissləri keçirdiyim sərgidir. Belə bir gözəl sərginin təşkilində əməyi keçən hər kəsə, xüsusən Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm”.

Sərginin kuratorları Stefan Stoyanov çıxış edərək ən böyük arzusunun bu gün gerçəkləşdiyini dilə gətirib: “Mən Nəsimi İncəsənət Festivalı zamanı Bakıda olmuş­dum. Həmin vaxt bu möhtəşəm Heydər Əliyev Mərkəzində də olmuşduq və bina mənə çox böyük təəssürat bağışlamışdı. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev Mərkəzi yeni əsrin ən gözəl memarlıq nü­munəsidir. Mənim üçün artıq arzusunda olduğum anın-Raşid Al Xəlifənin sərgisi­nin bu binada təşkil edilməsi xoşbəxtlik hissi yaradır”.

Sərginin digər kuratoru Yasmin Şa­rabi çıxış edərək bildirib ki, sərgilərdə rəssamın olduqca maraqlı əsərləri var: “Ziyarətçilər burada qeyri-adi paramet­riyanı görmüş olacaqlar. Həmçinin Bəh­reynin özünəməxsus memarlıq hissələrini tərənnüm edən əsərləri və ilahi naxışları özündə daşıyan həndəsi elementləri görə biləcəklər. Şeyx Raşid Al Xəlifə qədimliklə müasirliyi özündə ehtiva edən əsərləri or­taya qoyur. Əsərlər gələcəyə doğru nəzər salır, lakin keçmişi yaddan çıxarmır”.

Şeyx Raşid Al Xəlifə çıxış edərək işti­rakçıları salamlayıb, belə bir gözəl binada fərdi sərgisinin təşkilindən məmnun oldu­ğunu qeyd edib.

“Mən Bəhreynlə Azərbaycan arasında incəsənət sahəsində mübadilə proqramı­nın daha da genişləndirilməsini arzu edər­dim. Mənim sərgimi qəbul etdiyinə görə Heydər Əliyev Fonduna və onun rəhbər­liyinə təşəkkür edirəm”, - deyə rəssam vurğulayıb.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin paytaxtımız­da təşkilinin əhəmiyyətini qeyd edib: “Bi­zim üçün böyük imkandır ki, belə gözəl və möhtəşəm sərgini Heydər Əliyev Mərkə­zində təşkil edə bilmişik. Biz gələcəkdə Bəhreyndə gənc heykəltəraş və rəssam­larımızın birgə mübadilə sərgilərinin təş­kilinə çalışacağıq. Düşünürəm ki, bizim gənc heykəltəraş və rəssamlarımız da bundan bəhrələnəcək”.

Raşid Al Xəlifə əsərlərini onu əhatə edən təbiətdən ilhamlanaraq yaradır. Rəssamın incəsənət nümunələri digərlə­rindən ənənəvi və müasir memarlığın ət­raf mühitlə vəhdəti ilə fərqlənir.

1952-ci ildə Bəhreyn kral ailəsində anadan olan Raşid Al Xəlifə Böyük Bri­taniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb. Karyerasına peyzaj rəngkarlığı ilə başlayan rəssamın həyatında və ətrafındakı dəyişikliklər seç­diyi sahəyə də təsir edib. Ötən əsrin 80-ci illərində Raşid Al Xəlifənin yaradıcılığında efemer incəsənət nümunələrinə daha çox rast gəlinirdisə, 90-cı illərdəki əsərlərin­də abstrakt formalar, digər materiallarla, xüsusən də onun yaradıcılığına xas olan “qabarıq kətan”la eksperimentlər üstünlük təşkil edir. 2000-ci illərdə isə alüminium rəssamın yaradıcılığının mərkəzinə çev­rilir.

Raşid Al Xəlifə müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və bien­nalelərin iştirakçısıdır. Hazırda o, Bəhreyn İncəsənət Şurasının sədridir. Təsis etdiyi RAK Art Foundation isə həm də gənc rəs­samlara dəstək göstərir.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 10-dək davam edəcək.

8-1.jpg

8-2.jpg

Sosial həyat