“Böyük Qayıdış”ın ilk ünvanı olmuş Zəngilan rayonunun Ağalı kəndində 30 ildən sonra ilk dəfə Novruz marafonunun sonuncu çərşənbəsi yurd sevgisi ilə, el qadasında qeyd olundu.
Ağalı sakinlərinin mərkəzi meydanda alovlandırdığı nəhəng tonqalın ətrafında çal-çağır məclisi qurulub. Bayram konsertinə sevilən sənətkarlarla yanaşı, tanınmış hərbi diktor, vətənpərvərlik mahnılarının ünlü ifaçısı Şəmistan Əlizamanlının və qiraətçi Şəhla Əliqızının çıxışları da təntənə və əlvanlıq gətirib.
Xatırladaq ki, Ağalı kəndi Həkəri çayının sol sahilində, axar-baxarlı dağətəyi düzənlikdə yerləşir. Ötənlərdə Ağalı nəslinin ilk məskən saldığı yerə Böyük Ağalı, yaxud Aşağı Ağalı deyilib. Sonradan sakinlər çoxalıb, İkinci və Üçüncü Ağalı kəndləri salınıb. Erməni vandalları hər 3 kəndi yer üzündən silib. Vətən müharibəsindən sonra azad edilən Ağalı kəndinin bərpasına 2021-ci ilin əvvəlində başlanıb və layihə bir ilə başa çatdırılıb.
Ötən il mayın 27-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. İyulun 19-da isə əhalinin ilk qrupunun yeni salınmış Ağalıya köçürülməsinə başlanılıb. Prosesin 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. “Ağıllı” yaşayış məntəqəsi layihəsi ilə yaradılmış Ağalıda sakinlərin normal yaşayışı, məşğulluğu təmin olunub. Ərazidə təhsil, tibb, xidmət və əyləncə obyektləri yaradılıb. Bayram şənliyində bütün bunlardan razılıqla söz açılıb, xoş əhval yaşanıb.
R.TAHİR, “Xalq qəzeti”