Həmin gün ulu öndər Heydər Əliyevin tapşırığı ilə parlamentin xüsusi sessiyası keçirilmiş, erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı barədə geniş müzakirələr aparılmışdır. Deputatlar “Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə” komissiyasının təklifinin müzakirəsindən sonra xüsusi qərar qəbul etmişlər. Sənəddə deyilir:
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqırımı günü”nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin.
***
Azərbaycan parlamentinin dünya azərbaycanlılarına ünvanladığı müracıətdə deyilir:
Əziz soydaşlar, yurddaşlar və həmvətənlər!
Əcdadlarımızın və bizim müqəddəs Vətənimiz olan Azərbaycan torpaqlarında – müstəqil Azərbaycan Respublikasının ərazisində 6 ildir ki, müharibə gedir. “Böyük Ermənistan” xülyası ilə erməni xalqının başını dumanlandırmış Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri müxtəlif ölkələrin irtica qüvvələri tərəfindən aşkar və gizli şəkildə dəstəklənərək ölkəmizin 12 rayonunu zəbt etmişdir. Düşmən kənd və şəhərlərimizi viran qoyur, ulu yurdlarımızda ağlasığmaz cinayətlər, bəşər tarixində bənzəri olmayan vəhşiliklər törədir. Xocalı soyqırımı bunun təkzibolunmaz sübutudur.
1992-ci il fevralın 26-da Xocalı şəhərinin və onun sakinlərinin başına gətirilən ağır faciə, XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 26-da törədilmiş Xocalı faciəsi xalqımıza qarşı törədilmiş soyqırımı – genosiddir. Şəhərin 5 min nəfər dinc əhalisindən 335 nəfər şəhid olmuş, o cümlədən, 6 ailə məhv edilmiş, 421 nəfər yaralanmış, 150 nəfər itkin və ya girov düşmüş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Xocalı şəhəri talan edilmiş, yandırılmış və 3 məktəb, 1 xəstəxana, 3 tibb məntəqəsi, 3 klub, 3 uşaq bağçası və dikər tikililər tamamilə dağıdılmışdır. Xocalı şəhəri məhv edilən zaman dövlət əmlakına və şəxsi əmlaka milyardlarla zərər dəymişdir.
Bu il Xocalı faciəsinin ikinci ildönümü Azərbaycanda dövlət tədbiri səviyyəsində keçiriləcək və xalqımız tərəfindən hüznlə yad ediləcəkdir. Azərbaycan Respublikasının Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmək haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi bütün dünya azərbaycanlılarına ünvanladığı bu müraciəti ilə ümumi Vətənimiz Azərbaycana bağlı olan hər bir soydaşımızı, yurddaşımızı və həmvətənimizi fevralın 26-nı “Xocalı soyqırımı günü” kimi keçirməyə çağırır. Milli Məclis əmindir ki, bütün dünya azərbaycanlıları onun bu çağırışına qoşulacaq, ermənilərin törətdiyi təcavüzkarç işğalçılıq müharibəsində xalqımızın başına gətirilən müsibətləri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün imkanını əsirgəməyəcək və bununla da Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda mübarizəmizə qoşulacaqlar.
(Bu müraciət Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1994-cü il fevralın 24-də qəbul edilmişdir.)
“Xalq qəzeti”

