Siyasi balansın iqtisadi mexanizmə verdiyi yeni dizayn

post-img

Azərbaycan ABŞ-ın özəl sektorunun maraq dairəsinə daxil olub

Müasir beynəlxalq sistemdə nəqliyyat xətləri artıq ticarətin texniki infrastrukturu funksiyasını aşaraq dövlətlərin geosiyasi çəkisini ölçən əsas indikatorlardan birinə çevrilib. Bu gün “böyük güclər” klassik hərbi-siyasi alyans modelindən daha çox, iqtisadi arteriyalar üzərindən qurulan təsir mexanizmlərinə üstünlük verirlər. Bu konfiqurasiyada TRIPP xətti Azərbaycanın regional rolunu logistika ölkəsi statusundan çıxarıb, Avrasiyanın iqtisadi və siyasi arxitekturasını formalaşdıran aktora çevirən yeni nəsil güc platformasına dönür.

ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı müzakirə olunan mövzular əsasən tranzit və loqistika məsələlərini əhatə edirdi. XİN-də keçirilən görüşdə tərəflər TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-ın özəl sektor nümayəndələrinin müvafiq infrastruktur və logistika əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediblər.

ABŞ özəl sektorunun ölkəmizə yönələn marağı reallığın iqtisadi proyeksiyasıdır və Vaşinqtonun regiona dair uzunmüddətli strategiyasının biznes xətti üzərindən icra olunduğunu açıq şəkildə göstərir. Tramp marşrutu Qara dəniz – Xəzər – Mərkəzi Asiya – Çin oxu üzrə formalaşan ticarət axınlarının əsas qovşağını təşkil edir. Avropa İttifaqının “Global Gateway”, ABŞ-ın “Partnership for Global Infrastructure and Investment (PGII)” təşəbbüsləri kontekstində bu xətt artıq alternativ dəhliz anlayışı kimi deyil, Rusiyadan yan keçən əsas strateji marşrut kimi qəbul edilir.

Vaşinqton üçün bu xəttin siyasi əhəmiyyəti enerji təhlükəsizliyi, sanksiya risklərinin neytrallaşdırılması, Çindən ticarət asılılığının şaxələndirilməsi və regionda qərb yönümlü iqtisadi blokun möhkəmləndirilməsi kimi bir neçə əsas prioriteti eyni vaxtda birləşdirir. ABŞ özəl biznesinin Azərbaycan bazarına daxil olması isə bu geosiyasi dizaynın bu sektor üzərindən institusionallaşdırılması anlamına gəlir.

Azərbaycanın liman, dəmir yolu və avtomobil magistralları üzərində apardığı modernləşmə proqramları TRIPP xəttini Qafqazın əsas logistikasına, onurğa sütununa çevirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükötürmə qabiliyyətinin mərhələli şəkildə 25 milyon tona, konteyner dövriyyəsinin isə 500 min TEU-dan yuxarı səviyyəyə yüksəldilməsi hədəfi, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasının regional paylama mərkəzi kimi formalaşdırılması ABŞ-ın logistika operatorları, infrastruktur fondları və sənaye konsorsiumları üçün ölçüləbilən investisiya bazası yaradır. Bu, artıq perspektiv diskursu yox, konkret maliyyə planlaması ilə müşayiət olunan real layihə portfelidir.

Enerji kontekstində Azərbaycanın mövqeyi TRIPP-in siyasi təhlükəsizlik dayağını təşkil edir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya yönələn təbii qaz axınları, Qara dəniz üzərindən planlaşdırılan yüksək gərginlikli kabel xətləri, Xəzər hövzəsində genişlənən külək və günəş layihələri ABŞ enerji şirkətləri üçün regionu “yaşıl enerji bazası” kimi təqdim edir. Vaşinqton bu platforma üzərindən Avropanın enerji şaxələndirmə xəttini möhkəmləndirir, eyni zamanda, Rusiya qazına alternativ arxitekturanın iqtisadi əsaslarını gücləndirir. Azərbaycan bu prosesdə tranzit ölkə rolunu aşaraq enerji diplomatiyasının əsas düyün nöqtəsinə çevrilir.

Siyasi müstəvidə ABŞ özəl sektorunun fəallaşması iki paralel xətti birləşdirir. Bir tərəfdən, bu, regionda qərb kapitallı infrastrukturun genişlənməsi ilə Moskva və Pekin təsirinin balanslaşdırılmasına xidmət edir. Digər tərəfdən, Cənubi Qafqazda iqtisadi təhlükəsizlik kəmərinin formalaşdırılması Vaşinqtonun regional sabitlik doktrinasının praktik mexanizminə çevrilir. Azərbaycanın təqdim etdiyi hüquqi sabitlik, sərmayələrin qorunması mexanizmləri, vergi güzəştləri, arbitraj imkanları və vahid pəncərə sistemi ABŞ fondları üçün aşağı riskli bazar modeli yaradır.

Bu model artıq beynəlxalq maliyyə institutlarının da diqqət mərkəzindədir. ABŞ-ın İnkişaf Maliyyə Korporasiyası (DFC), Ticarət və İnkişaf Agentliyi (USTDA), eləcə də böyük infrastruktur fondları Azərbaycanı Orta Dəhliz üzrə layihələrin mərkəzi icra platforması kimi nəzərdən keçirir. Liman, dəmir yolu, sənaye parkları, rəqəmsal logistika, “ağıllı gömrük” və “yaşıl nəqliyyat” sahələrində texnoloji modernləşmə xətti üzrə formalaşan layihələr regionda qərb texnologiyalarının normativ standart kimi yerləşdirilməsi missiyasını daşıyır.

Prezident İlham Əliyev bu layihənin önəmindən bəhs edərkən vurğulayıb: “Bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq... Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər”.

TRIPP marşrutu ətrafında qurulan əməkdaşlıq Azərbaycan–ABŞ münasibətlərində klassik diplomatik çərçivəni aşan yeni mərhələnin konturlarını formalaşdırır. Bu mərhələ ticarət statistikasının artımından daha geniş məna daşıyır: Cənubi Qafqazda siyasi balansın iqtisadi mexanizmlər üzərindən yenidən dizaynı, Avrasiyanın yeni logistika xəritəsində Azərbaycanın mərkəzi aktor kimi möhkəmlənməsi və ABŞ özəl sektorunun regiona institusional girişinin təmin olunması anlamına gəlir. TRIPP bu mənada Vaşinqtonun Avrasiya strategiyasının görünən iqtisadi onurğa sütunudur.

Tacir SADIQOV
XQ

Siyasət