Yanvarın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2025-ci il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xüsusi məna kəsb edir. Otən il prokurorluq işçiləri üçün də əlamətdar bir il olub, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Prokurorluq tərəfindən də geniş və məqsədyönlü fəaliyyət həyata keçirilib.
Bildirilib ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023-cü ildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 15 aprel 2025-ci il tarixdə elan edilmiş 27-ci müsabiqənin nəticələri üzrə 51 gənc hüquqşünas qulluğa qəbul olunub.
Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş prokuror tərəfindən təqdim olunub.
Tədbirdə çıxış edən Fərhad Bədəlbəyli və Elbay Qasımzadə işə qəbul olunan gənc əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Nərmin Həmzəyeva və Orxan Səhratzadə çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başçısına öz minnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.
Tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
XQ


