“Körfəz strategiyası”:  regional və qlobal əməkdaşlıq

post-img

Azərbaycan–Bəhreyn diplomatik münasibətləri nə vəd edir?

Azərbaycanın Bəhreynlə diplomatik münasibətlər qurması Körfəz regionundakı mürəkkəb geosiyasi dinamikaya yeni baxış bucağı gətirir. Yaxın Şərq siyasi müstəvisi qlobal güclərin maraqlarının toqquşduğu məkan olmaqla yanaşı, daxili rəqabətlər və regional balans axtarışları ilə də xarakterizə olunur. Məhz bu kontekstdə Bakı–Manama xətti özündə həm gələcək perspektivləri, həm də strateji mesajları birləşdirir.

Azərbaycanın diplomatik gündəliyində Bəhreynin xüsusi yeri tədricən daha aydın görünür. Bəhreyn Körfəz Əməkdaşlıq Şurasının üzvü olaraq regional proseslərdə fəal iştirak edən ölkələrdən biridir. Təşkilat çərçivəsində iqtisadi, təhlükəsizlik və siyasi koordinasiya mexanizmləri mövcuddur və Azərbaycan üçün Bəhreynlə münasibətlərin qurulması bir növ “qapı effekti” yaradır.  İkitərəfli münasibətlər Bakının Körfəz dünyasına daha asan çıxış əldə etməsinə, regional diplomatik dairələrdə nüfuzunu möhkəmləndirməsinə imkan verir. Əlavə olaraq, Bəhreynin balanslı və praqmatik diplomatiya xətti Azərbaycanın xarici siyasət fəlsəfəsi ilə uzlaşır, bu isə tərəflərin əməkdaşlığını təbii və strateji cəhətdən məntiqli edir.

Eyni zamanda, Bəhreynlə əməkdaşlığın iqtisadi dəyəri də xüsusi diqqət çəkir. Yaxın Şərqin maliyyə mərkəzlərindən biri hesab edilən bu ölkə bankçılıq, investisiya və kapital bazarları baxımından inkişaf etmiş infrastruktur təqdim edir. Belə imkanlar Azərbaycan üçün yeni maliyyə tərəfdaşları ilə işləmək, iri həcmli layihələrə sərmayə cəlb etmək baxımından əhəmiyyətlidir. SOCAR və digər enerji layihələrində Bəhreyn investorlarının iştirakı regional təşəbbüslərin maliyyə dayanıqlığını daha da gücləndirə bilər. Digər tərəfdən, Bəhreynin son illərdə tətbiq etdiyi “ağıllı iqtisadiyyat” modeli Azərbaycanın öz iqtisadi idarəçilik təcrübəsini zənginləşdirməsi üçün mühüm nümunə ola bilər.

Bəs təhlükəsizlik müstəvisində bu münasibətlər hansı əhəmiyyəti daşıyır? Qeyd edə bilərik ki, Yaxın Şərq regionunda davamlı sabitlik yoxdur və Körfəz ölkələri terrorizm, dini radikalizm və xarici təsirlərin yaratdığı təhdidlərə məruz qalır. Azərbaycan da eyni asimmetrik təhlükələr fonunda öz təhlükəsizlik siyasətini qurur. Bəhreynlə əməkdaşlıq Bakıya regional təhlükəsizlik mexanizmlərinə qoşulmaq, informasiya mübadiləsini gücləndirmək və strateji tərəfdaşlıq konturlarını genişləndirmək imkanı verir.

Bəhreyn tarixən şiə əhalisinin çoxluq təşkil etdiyi, lakin siyasi hakimiyyətin sünni monarxiyanın əlində olduğu bir ölkədir. Belə bir tarixi və demoqrafik balans səbəbindən Manama–Tehran münasibətləri zaman-zaman gərginliklərlə müşayiət olunub. Azərbaycanın isə İranla həm qonşuluq münasibətləri, həm də dini və mədəni bağlar mövcuddur. Bəhreynlə diplomatik əlaqələrin qurulması burada balanslaşdırılmış diplomatiyanın nümunəsi kimi çıxış edə bilər. Bakı diqqətli və praqmatik yanaşma nümayiş etdirərək həm İranla qonşuluq əlaqələrini qoruyur, həm də Körfəz ölkələri ilə strateji əməkdaşlığa addım atır. Təbii ki, bu addım Azərbaycanın xarici siyasətdə “hər iki cəbhə ilə işləmə” bacarığını və çevik diplomatik manevr qabiliyyətini daha da gücləndirir.

Digər mühüm aspekt isə Səudiyyə Ərəbistanı amilidir. Bəhreyn uzun illərdir ki, bütün platformalarda Səudiyyə Ərəbistanının yaxın müttəfiqi kimi çıxış edir. Hətta bəzi siyasi müşahidəçilər onu Ər-Riyadın “strateji uzantısı” adlandırırlar. Azərbaycan üçün Bəhreynlə münasibətlərin qurulması Səudiyyə ilə əməkdaşlığı dərinləşdirmək üçün əlavə körpü rolunu oynaya bilər. 

Qlobal güclərin Körfəzdəki maraqları fonunda Azərbaycan–Bəhreyn münasibətləri hansı məna daşıyır? Aydındır ki, ABŞ, Çin və Rusiya kimi böyük güclər Körfəz regionunda maraq mübarizəsi aparır. Azərbaycan isə bu güclərlə paralel şəkildə əməkdaşlıq edən və balans saxlayan ölkədir. Bakı–Manama xəttinin açılması Azərbaycanın qlobal güclərlə münasibətlərində əlavə diplomatik manevr sahəsi yaradır. Məsələn, ABŞ-ın təhlükəsizlik baxımından dəstəklədiyi Bəhreynlə münasibətlər Bakının Qərblə siyasi dialoquna müsbət impuls verə bilər. Eyni zamanda, Azərbaycan Bəhreyn üzərindən Çin və Hindistan bazarlarına Körfəz istiqamətindən çıxış qapıları tapa bilər.

Mədəni və ideoloji baxımdan isə bu tərəfdaşlığın bir sıra perspektivləri var. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu amil isə ortaq mənəvi dəyərlər və mədəni zəmin üzərində diplomatik əlaqələrin daha möhkəm qurulmasına şərait yaradır. Azərbaycan “İslam həmrəyliyi” siyasətinə xüsusi önəm verir və Bəhreynlə əməkdaşlıq bu xətti gücləndirir. Bununla yanaşı, humanitar diplomatiya sahəsində – turizm, təhsil və mədəniyyət layihələri üzrə yeni müstəvilər açıla bilər.

Azərbaycanın Bəhreynlə diplomatik münasibətlər qurması onun xarici siyasətində yalnız ənənəvi tərəfdaşlarla kifayətlənmədiyini, əksinə, müstəqil şəkildə yeni geosiyasi vektorlar açdığını nümayiş etdirir. Azərbaycanın bu addımı Bakının uzun illərdir ardıcıllıqla həyata keçirdiyi “balanslaşdırılmış xarici siyasət” kursunun daha bir bariz nümunəsi kimi dəyərləndirilə bilər.

Strateji müstəqillik yalnız böyük güclərin maraqları arasında manevr etmək bacarığı ilə ölçülmür. O, həm də kiçik, lakin regional və qlobal siyasətdə xüsusi çəkisi olan dövlətlərlə qurulan çoxşaxəli əməkdaşlıqlarla möhkəmlənir. Bəhreynlə münasibətlər məhz bu mənada diqqət çəkir: Azərbaycan göstərir ki, onun diplomatik gündəliyi yalnız Rusiya, ABŞ, Avropa İttifaqı və ya Çin kimi iri aktorlarla məhdudlaşmır. Bakı, eyni zamanda, Körfəz kimi həssas və strateji əhəmiyyətli regionda kiçik, amma təsir imkanlarına malik ölkələrlə də əlaqələr qurur.

Həmin siyasət özündə bir neçə mühüm mesaj daşıyır. Qlobal diplomatiya baxımından, Azərbaycan beynəlxalq münasibətlərdə “seçici tərəfdaşlıq” modelindən çıxış etməyib, əksinə “universal əməkdaşlıq” prinsiplərinə üstünlük verir. Regional sabitlik kontekstində isə Bakı göstərir ki, Yaxın Şərq və Körfəz məkanında yalnız böyük güclərin dəstəyi ilə deyil, həm də yerli aktorların iştirakı ilə balans yaratmaq mümkündür. Siyasi imic baxımından isə Azərbaycanın müstəqil qərar qəbul etmə qabiliyyəti daha aydın görünür; ölkə öz diplomatik xəritəsini genişləndirərkən heç bir qlobal gücün təsiri altında hərəkət etmir.

Beləliklə, Azərbaycan–Bəhreyn münasibətləri Bakının strateji müstəqilliyini nümayiş etdirən simvolik məqamdır və bu  addım Azərbaycanın beynəlxalq siyasətdə “yalnız regional oyunçu” deyil, daha çox “qlobal diplomatik aktor” olduğunu təsdiqləyir.

Azərbaycan–Bəhreyn diplomatik münasibətləri yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də ölkənin regional və qlobal siyasətdə mövqeyini möhkəmləndirən strateji addımdır. Bu əlaqələr Bakı üçün İranla balanslaşdırılmış siyasət yürütmək, Səudiyyə Ərəbistanı ilə tərəfdaşlıq xəttini gücləndirmək, Körfəz Əməkdaşlıq Şurası ilə inteqrasiya imkanları yaratmaq və qlobal güclərlə manevr sahəsini genişləndirmək kimi bir sıra üstünlüklər təmin edir. Nəticədə, Azərbaycan Körfəz siyasətində strateji mövqelərini möhkəmləndirir və Cənubi Qafqazın qlobal diplomatiyada yeni “qovşaq mərkəzi” kimi rolunu gücləndirir. Bu isə birmənalı olaraq ölkəmizin regionda həm siyasi, həm də iqtisadi nüfuzunu artırır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Siyasət