"Gürcüstan hələ də demokratik ölkədirmi? Gürcüstan hələ də Aİ-yə üzv olmaq istəyirmi?”. Bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski ölkə parlamentinin üçüncü oxunuşda qəbul etdiyi “siyasi partiyaların qadağan olunmasına dair” qanun layihəsinə münasibət bildirərkən deyib.
Açıq qərəzin hiss olunduğu çıxışında səfir Gürcüstanın birpartiyalı dövlətə çevriləcəyi, siyasi müxalifətin qadağan ediləcəyi, vətəndaş cəmiyyətinin xaricə qaçmağa məcbur olacağı, azlıqların hüquqlarının qorunmadığı təqdirdə Aİ-yə üzvü ola bilməyəcəyini deyib.
Bəli, Aİ-də çoxları belə hesab edir ki, Gürcüstan cəzalandırılmalıdır. Çünki bu ölkə Aİ və ABŞ-dən uzaqlaşaraq Rusiya, Çinlə yaxınlaşıb. Həmçinin bura ötən il Gürcüstanda keçirilən parlament seçkiləri nəticələrinin Avropanın istəklərinə uyğun olmaması, küçə etirazçılarına qarşı olan təzyiqlər və s. daxildir.
Bir sözlə, Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti–Qərb ritorikasında və konspirativ nəzəriyyələrin yayılmasında ittiham edir. Lakin indiyə qədər Tbilisinin “cəzalandırılması” mümkün olmayıb. Çünki Aİ-də belə qərarlar yekdilliklə qəbul edilir. Məsələn, Macarıstan və Slovakiya Gürcüstanı dəstəkləyir. Amma Polşa və digər Baltikyanı ölkələr Gürcüstana qarşı sərt mövqe sərgiləyirlər. Ona görə də ittifaq daxilindəki fikir ayrılıqlarının yekunda kompromislə nəticələnəcəyi məlum deyil.
***
Xatırladaq ki, parlament siyasi partiyaların qadağan olunması ilə bağlı qanunvericilik dəyişiklikləri paketini 80 səslə təsdiqləyib. Layihəyə əsasən, Konstitusiya Məhkəməsi artıq qadağan olunmuş partiyanın bəyan olunmuş məqsədini, fəaliyyət mahiyyətini və tərkibini təkrarlayan partiyanı qadağan edə bilər.
Aİ səfirinin son açıqlamasına hakim partiyadan cavab gecikməyib. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Aİ ilə münasibətlərdən Gürcüstana qarşı siyasi təzyiq aləti kimi istifadə edilir. Nazirin sözlərinə görə, Avrointeqrasiya təkcə Gürcüstanın xarici siyasət prioriteti deyil, həm də xalqın Avropa ailəsinə qoşulmaqla bağlı tarixi və milli istəyidir: “Aİ-yə üzv dövlətlər arasında da bu məsələ ilə bağlı yekdil fikir yoxdur. Bu, təkcə Gürcüstanda deyil, Aİ daxilində də müzakirə mövzusudur. Sağlam yanaşmalar var, lakin təəssüf ki, bu yanaşmalar bəzən dezinformasiya və Gürcüstanın imicinə zərər vuran bəyanatlarla kölgədə qalır”.
Boçorişvili əlavə edib ki, Gürcüstan Aİ-nin əsasını təşkil edən dəyərlərə sadiqliyini dəfələrlə sübut edib və bu sadiqlik təkcə bəyanatlarla deyil, konkret fəaliyyətlərlə özünü göstərib: “Gürcüstan hər zaman Avropanın bir hissəsi olub və müasir Avropa dəyərlərinin fəal müdafiəçisidir. Bizim regionda Qərb dövlətlərinin etibarlı tərəfdaşı olduğumuz dəfələrlə sübut olunub. Bu münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Gürcüstan bu münasibətləri təkbaşına qoruya bilməz – biz avropalı tərəfdaşlarımızdan da eyni anlayış və səmimiyyət gözləyirik”.
***
Baş nazir İrakli Kobaxidze isə bildirib ki, Gürcüstan üçün əsas prioritet məsələ Aİ-yə üzvlükdür: “Bu istiqamətdə müəyyən çağırışlarımız var. Lakin ümid edirik ki, ölkəmizdə və regionda sülhün bərpası ilə Gürcüstanın inteqrasiyası daha intensiv şəkildə həyata keçiriləcək. Müxtəlif ölkələr arasında düzgün münasibətlər, inkişaf üçün əsas məsələ sülhdür. Buna görə də regionumuzda sülhün möhkəmləndirilməsinə diqqət yetirilməlidir.
Hazırda Gürcüstan Aİ ilə münasibətlərlə bağlı gözləmə rejimindədir. Qarşı tərəfin münasibətlərin yenidən qurulması istiqamətində addım atmasını gözləyirik...Bu gün Avropa bürokratiyası təəssüf olsun ki, “dərin dövlət”in təsiri altındadır. Əgər Avropa bu təsiri dəf etməyə nail olsa, münasibətlər bərpa olunacaq. Biz bunu səbirlə gözləyirik. Əminəm ki, münaqişə bitdikdən sonra Gürcüstanın hazırkı hakimiyyətinə qarşı təzyiqlər də azalacaq”.
Bu açıqlamalardan da aydın olur ki, Gürcüstan hakimiyyəti Aİ ilə münasibətləri bərpa etmək üçün Qərbdən qarşılıqlı addımların atılmasını gözləyir.
Bu arada, Gürcüstanla Aİ arasındakı gərginlik fonunda Tbilisi Vaşinqtonla real və konkret nəticələrə əsaslanan strateji tərəfdaşlığı bərpa etməyə hazırlaşır. Baş nazir İrakli Kobaxidze “Imedi LIVE” verilişində deyib ki, ABŞ ilə strateji tərəfdaşlığın yenilənməsinə tam açığıq: “İstəyirik ki, bu münasibətlər konkret nəticələr doğuran, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq olsun. Hazırıq ki, hər iki ölkə üçün konkret yol xəritəsi hazırlayaq, burada həm Gürcüstanın, həm də ABŞ-ın maraqları və faydaları əks olunsun”.
Kobaxidzenin Trampa açıq məktubunda isə bildirilib ki, Gürcüstanın illərlə ABŞ-ın ən çətin regionda ən etibarlı tərəfdaşı olub, İraq və Əfqanıstandakı hərbi missiyalarda iştirak etməklə ABŞ büdcəsinə 2,5 milyard dollar qənaət etdirib. O, ABŞ-ın Gürcüstana ayırdığı real yardımın bu rəqəmlə müqayisədə daha az olduğunu vurğulayıb.
Baş nazir USAID, NED, Soros Fondu və digər qurumların Gürcüstanda radikalizm və ekstremizmi təşviq etmək, Pravoslav Kilsəsinin nüfuzunu zədələmək və dövlət institutlarını zəiflətmək istiqamətində fəaliyyət göstərdiyini, bu proseslərin ABŞ-ın real yardımına daxil olmadığını qeyd edib.
Kobaxidze Tramp Administrasiyasının USAID, NED və digər qurumların “cinayətkar fəaliyyətlərini” tənqid etməsini alqışladığını desə də, Bayden dövründə planlaşdırılmış inqilab cəhdlərinin qarşısını alan Gürcüstan rəsmilərinə qarşı tətbiq olunan sanksiyaların hələ də qüvvədə qalmasını tənqid edib.
Məktubda ABŞ Konqresinin qəbul etdiyi və Gürcüstan xalqına qarşı “düşmən mövqeyi” kimi qiymətləndirilən “Dostluq aktı” da tənqid olunub. İ.Kobaxidze bu sənədi Corc Oruellin “düşmən dostdur” modeli ilə müqayisə edib və bildirib ki, bu akt ABŞ-ın Gürcüstana münasibətdə inamı daha da zəiflədir. Sənəddə aktın saxta ittihamlara əsaslandığı, Gürcüstana və gürcü xalqına düşmənçilik ruhunda tərtib olunduğu xüsusi qeyd olunub. Vurğulanıb ki, “Meqobari aktı” Gürcüstanda əhəmiyyətli demokratik geriləmənin yaşanması, hökumətin avroatlantik inteqrasiyanın qarşısını alması, Gürcüstanın Rusiya, Çin və “digər avtoritar rejimlərlə” qeyri-münasib əlaqələr qurması kimi yalan iddialara əsaslanıb.
Baş nazir ABŞ administrasiyasının Gürcüstanla strateji tərəfdaşlığı yenidən quracağına ümid etdiyini vurğulayıb. O, Tramp rəhbərliyini “dərin dövlət”ə qarşı mübarizədə səmimi olmağa çağıraraq, bu prosesin Gürcüstan–ABŞ münasibətlərində dönüş nöqtəsi ola biləcəyini bildirib.
Baş nazir açıq şəkildə bildirib ki, ölkəsi ABŞ ilə münasibətləri normallaşdırmaqda maraqlıdır.
Pünhan ƏFƏNDİYEV
XQ