Hər ötən gün Ermənistanı kiçildir

post-img

Türkiyəli ekspert bunun səbəbini xarici təsirlərin artmasında görür

Antalya Diplomatiya Forumunda bu gün dünyanın üzləşdiyi qlobal problemlərin yalnız diplomatik yolla, danışıqlar vasitəsilə həll edilməsinə çağırışları eşitdık. Bu mesajların məhz Türkiyədən səslənməsinin simvolik mənası var. Çünki münaqişələrin baş verdiyi və onların həllinin axtarıldığı önəmli nöqtədə yerləşən Türkiyə müxtəlif dövlətlər arasında anlaşılmazlıqların çözülməsinin açarı rolunu oynayır. Ankara bütün dünyaya barış təklif edir. Antalya Diplomatiya Forumunun qayəsi məhz bundan ibarət idi.

Beynəlxalq nüfuzu və statusu ildən-ilə artan, dünyanın 140 ölkəsindən 450-yə yaxın nümayəndənin qatıldığı budəfəki forumda daha çox Afrika, Yaxın Şərq və Balkanlardan olan nümayəndələrin eyni platformadan çıxış etmələri diqqəti çəkən məqam idi. Müzakirələrin daha çox “Qlobal Cənub” mövzusuna fokuslanması, bu zaman Qərbin tutduğu mövqe və yeritdiyi siyasətin tənqidə məruz qalması müşahidə edilirdi. Panel müzakirələrdəki çıxışlarda dünyada artan geosiyasi gərginlik, qlobal bərabərsizlik və texnoloji transformasiyaların yaratdığı qeyri-müəyyənliklər kimi amillərə işarə edildi, bu problemlərin birgə səylərlə həlinin vacibliyi qeyd olundu.

Birmənalı olaraq qeyd etməliyik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqi foruma öz damğasını vurdu. Türkiyə lideri çıxışında qonşu ölkələrlə yaxşı əlaqələr quran Türkiyənin ətrafında “sülh və təhlükəsizlik kəməri” yaratmağa çalışdığını xüsusi vurğuladı.

50-dən çox panelin keçirildiyi forumda, həmçinin miqrasiya və deportasiya, insan alveri, terrorizm, iqlim dəyişikliyi və rəqəmsallaşma kimi bir çox məsələ müzakirə mövzusu oldu. Mövzuların qloballığına və dərinliyinə baxmayaraq, forum iştirakçıları bu platformadan əsasən ikitərəfli əlaqələrin qurulması üçün istifadə etdilər.

“Cənubi Qafqazda regional əməkdaşlıq: gərginliklər və imkanlar” adlı paneldə Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri bir araya gəldilər. Panel, faktiki olaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında açıq diplomatik müzakirəyə və gərgin anlara səhnə oldu. Erməni nazir yenə köhnə “bayatını” oxudu: “Sülh sazişini imzalamaq üçün hər şey hazırdır, yalnız zaman və məkanı müəyyənləşdirmək qalıb”. Amma buna cavab olaraq Ceyhun Bayramov həmkarına xatırlatdı ki, Ermənistan konstitusiyasında bu gün də Azərbaycanın ərazi bütövlüyünə iddialar aradan qaldırılmayıb və bu, sülh niyyəti ilə daban-dabana zidd siyasi mövqedir: “Bu, fundamental ziddiyyətdir və əsas problemdir”.

Türkiyənin Hacı Bayram Vəli Universitetinin dosenti, siyasi ekspert Levent Ersin Orallı Ermənistan və Azərbaycan XİN rəhbərlərinin gərgin keçən dialoqunu XQ üçün şərh edərkən bildirdi:

– Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü ilkin şərtləri qəbul edərək masaya oturub sənədi imzalayacaqsa, bu, Ermənistan dövləti üçün üçün bir mövcudluq məsələsinə çevriləcək. İrəvan bunu anlamalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Bu isə sözdə deyil, ölkənin əsas qanununu dəyişdirməklə edilməlidir. Sabah Ermənistanda hakimiyyət dəyişə bilər, yeni hakimiyyət əldə olan qanunlara əsaslanacaq. Kim təminat verə bilər ki, yeni iqtidar 30 il əvvəlki işğalçılıq hərəkətlərini təkrarlamayacaq? Bu baxımdan Ceyhun Bayramovun Mirzoyana verdiyi sərt cavab Azərbaycanın qətiyyətli və dəyişməyən diplomatik duruşu deməkdir.

Bəli, bu gün sülh sazişinin imzalanmasının Azərbaycandan daha çox Ermənistana lazım olduğunu başa düşürük. Amma Azərbaycanın ortaya qoyduğu və əsaslandırdığı şərtlər mütləq nəzərə alınmalıdır. Ermənistan 30 ildir müstəqildir. Ötən müddətdə nə əldə edib? Hər ötən gün kiçilən bir Ermənistan görürük. Daşnaklar, revanşistlər xəyali Hayastan yuxuları görür, ortada isə lobbilərin, imperialist dövlətlərin oyuncağına çevrilmiş bir Ermənistan müşahidə edirik. Yəni faktiki olaraq, kənar qüvvələrin əsirinə çevrilmiş, İrəvan tərəfindən idarə oluna bilməyən bir Ermənistandan söhbət gedir. Bu dəyişməyincə sülh də olmayacaq.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət