I MƏQALƏ
XXI əsrin ilk onilliklərində türk məsələsi
Hazırda dünya siyasətində türk faktoru haqqında çox danışılır. Dünyanın yeni geosiyasi düzəninin formalaşması kontekstində türk dövlətlərinin yeri və rolu ilə bağlı proqnozlar irəli sürülür. Burada ifratçılıq hallarına rast gəlinir. Türk dövlətlərinin inteqrasiya perspektivini şişirdən yanaşmalarla yanaşı, tam pessimist gələcəkdən bəhs edənlərə qədər geniş spektrli mövqelər özünü göstərir.
Tarix özündə alternativlər daşıyır, lakin bir ssenari üzrə reallaşır. Türk dövlətlərinin müasir qlobal geosiyasətdə yeri və rolu haqqında da müxtəlif fikirlərin irəli sürülməi tamamilə təbiidir. Çünk Türk dünyası keçən əsrin 90-cı illərinin əvvəllərindən bu günə qədər maraqlı “geosiyasi yol” qət etmişdr. Buna görə də, əslində, dünya miqyasında türk dövlətlərinin aktual mövzulardan birinə çevrilməsi müasir dövrün sifarişi təsirini bağışlayır. Onun bir neçə səbəbini vurğulamaq olar.
Birincisi, Azərbaycan və Mərkəzi Asiya türk dövlətləri müstəqilliklərini əldə edəndə, sovetlərdə bir yedə olmalarına rəğmən müstəqillik məkanında faktiki olaraq bir-birindən siyasi və geosiyasi aspektlərdə uzaq “məsafədə” idilər. Onlar bir-birinin siyasi nəbzini və geosiyasi mənsubluqlarını belə “duymaqda” çətinlik çəkirdilər. Türkiyə xaric, türk dövlətlərini MDB-dən başqa birləşdirən “məkan”ın geosiyasi obrazı mövcud deyildi. Türkiyə isə XX əsrin son onilliyində Azərbaycan və Mərkəzi Asiya dövlətlərinə daha çox Qərbin “geosiyasi gözü” ilə baxırdı.
Burada, əlbəttə, Türkiyə milli təfəkkürünün möhkəm təsiri olan siyasi dairələr istisnadır. Onlar Azərbaycanla səmimi yaxınlaşma uğrunda fəaliyyət göstərirdilər və onun bir neçə nümunəsi vardır. Lakin həmin cəhdlərin heç biri dayanıqlı və davamlı olmadı, hətta özündə ziddiyyətli məqamlar daşıdı. O dərəcədə ki, Türkiyədə həmin dövrdə müəyyən dairələr Azərbaycana qarşı qərəzli addımlar atmağa cəhd göstərdilər.
Lakin Heydər Əliyevin öncə Naxçıvandakı fəaliyyəti, sonra isə Azərbaycana rəhbərlik etməsi Türk dünyasında siyasi və geosiyasi vəziyyəti əsaslı dəyişməyə başladı. Ulu öndər öncə Türkiyə ilə münasibətləri həqiqi qardaşlıq və müttəfiqlik istiqamətinə yönəltdi. Bunun fonunda Mərkəzi Asiya türk dövlətləri ilə tədricən müsbət əlaqələr inkişaf etdirilməyə başladı. Türkmənistan isə uzun müddət Xəzər dənizindəki neft-qaz ehtiyatları ilə bağlı Azərbaycanla əməkaşlığa laqeyd yanaşmaqda idi. Bunun belə olması üçün Rusiya və İran ciddi fəaliyyət göstərdilər. Ancaq yenə də rəsmi Bakının təşəbbüsləri və səbri ilə Mərkəzi Asiya dövlətlərinin siyasi gündəminə “türk ab-havası” tədricən gəlməyə başladı.
2009-cu il Naxçıvan Bəyannaməsi bu istiqamətdə Türk dünyasında münasibətlərin real məzmun alması baxımından həlledici hadisə oldu. Onda dünya anladı ki, türk dövlətləri XXI əsrdə birləşə bilərlər. Sonra II Qarabağ müharibəsi, Şuşa Bəyannaməsi və nəhayət, Qarabağ Bəyannaməsi türk dövlətlərinin birliyinin mümkünlüyünün “vizit kartları” oldu.
Bununla son 300 idə ilk dəfə olaraq qlobal geosiyasətdə türk faktorunun yeri və rolunun müəyyənləşməsi məsələsinin vaxtının çatdığını açıq və ya gizli olaraq siyasi dairələr qəbul etdi. Məsələnin bu tərəfini düzgün təsəvvür etmək üçün son 150-200 ildə türk xalqları və dövlətlərinə olan münasibətin müəyyən aspketlərinə qısa nəzər salaq.
XIX əsr və imperiyaların savaşı
Səfəvilər imperiyası çökdürüləndən sonra Osmanlının dağıdılmasına Qərb imperialist dairələri yeni həvəslə girişdilər. Paralel olaraq, Səfəvi ərazisini bölüşdürmək uğrunda amansız siyasi, hərbi və ideoloji toqquşmalar intensivləşdi. Burada daha çox Rusiya imperiyası XIX əsrin birinci yarısında ərazi məsələsində qazandı. Ruslar qacarlarla müharibələrdə Azərbaycanın şimal hissini işğal etdilər. Ancaq Qərb imperialist dairələri daha hiyləgər və uzaqgörən üsul seçdilər. Onlar türklərn yaşadıqları ərazilərdə antitürk ideoloji bazasını formalaşdırdılar. Onun ən qabarıq nümunəsi ermənilərdə terror və ultramillətçi radikal əhval-ruhiyyə yaradan “harda türk-müsəlman görsən, öldürmək haqqındır” kimi antibəşəri şüarının ermənilərin beyinlərinə yeridilməsi ilə bağlıdır. Əlbəttə, bu prosesdən ruslar kənarda deyildilər. Lakin XIX əsrin ikinci yarısına qədər aparıcılıq Qərb imperialist dairələrinin təbliğat maşınına məxsus idi.
İndiki geosiyasi mənzərə baxımından da maraqlısı bütün bu işlərin türk dövlətçiliyi ilə yanaşı, türk kimliyini də məhv etməklə əlaqəli olmasından ibarətdir. Məsələnin bu tərəfini nəzərə almasaq, hazırda qlobal geosiyasətdə Türk dünyasının hansı səbəblərə görə birləşmək və bir daha tarixdə yaşadıqları dəhşətlərin təkrar olunmaması üçün fəallıq göstərmək istədiklərini içdən duya bilmərik. İmperialist dairələrin 200 illik antitürk fəaliyyətləri türklərə “məcburi tarixi seçim” etməyi diktə etmişdir. Türk dövlətləri üçün inteqrasiya proesində bu məqamın psixoloji rolunu kənara qoymaq olmaz.
Türklərə yaşadılan zülmlər onların həmişə dövlətçiliyə çox həssas olan şüurlarında izi indi də silinməyən siyasi, geosiyasi, psixoloji və mədəni “seçim zonası” formalaşdırmışdır. Məhz buna görə də türklər “bizim türk ailəsindən başqa kimsəmiz yoxdur” deyirlər. Qərb və Rusiyanın imperialist dairələri bir neçə əsr türk dövlətçiliyinə, kimliyinə və mədəniyyətinə antiinsani münasibət göstərməsəydilər, təbiətən bəşəri olan türklər başqa seçim edə bilərdilər. Lakin artıq tarixi gerçəklikdən kənara çıxmaq xəyal dünyasına qapılmaq demək olardı.
Beləliklə, artıq XIX əsrin son onilliyinə Qərb və Rusiya imperialist dairələri erməniləri ideoloji radikallaşdıraraq onlarda terrorçu şüurunu birbaşa antitürk aspektində formalaşdırdılar. XIX əsrin son beş ilində bir neçə erməni terror təşkilatı yaradıldı. Lakin bu təşkilatlar bir mərhələnin sonu idi. Ona qədər imperialsit dairələr həm türk torpaqlarını işğal edirdilər, həm də demoqrafik vəziyyəti kardinal dəyişirdilər.
Onlar amansızcasına türkləri İrəvvanda, Naxçıvanda, Zəngəzurda və digər yerlərdə öncədən “ideoloji zəhər” verdikləri ermənilərlə qətlə yetirdir, sonra isə boşalan məkanlara erməniləri yerləşdirirdilər. Ermənilər Qacar imperiyasından və Osmanlıdan köçürülürdü. Bununla bir neçə siyasi və ideoloji hədəfə istiqamətlənirdilər ki, onlar yekun halında geosiyasi məqsəd alırdı. Belə ki, ermənilərin türk (əsasən, Azərbaycan) torpaqlarına soyqırımı və qətliamlarla yerləşdirilməsi fonunda üç istiqamətdə ideoloji təbilğat aparılırdı.
Birincisi, türk dövlətçiliyi “mədəni, sivil” dünyaya düşməndir (həm də dini düşməndir) və o, məhv edilməlidir.
İkincisi, onları “qədim erməni xalqının “Böyük Ermənistan”ı əvəz etməlidir.
Üçüncüsü, buna ermənilərin nail olması üçün türklərin gəlmələr obrazı qondarılmalıdır və onun fonunda hayların demoqrafik üstünlüyü yaradılmalıdır. Bu proses həm də regionda ermənilərin lap qədimdən mədəniyyətlərinin mövcud olduğu “tarixi faktlarla” sübut edilməsi ilə müşayiət olunmalıdır.
Belə nəticə çıxarmaq olar ki, XIX əsr boyu Cənubi Qafqazda, Anadoluda və digər türk diyarlarında imperialistlərin apardıqları antiinsani fəaliyyətlərdə başlıca məqsəd regionun tarixən formalaşmış geosiyasi arxitekturasını dəyişməkdən ibarət olmuşdur. Bunun üçün vəhşi erməni qul psixologiyasından yararlanaraq geniş bir ərazidə böyük ziddiyyətlər yarada bilmişlər. Artıq XX əsrin ilk onilliyində bu prosesi xaricilərin ciddi dəstəyi ilə formalaşdırılmış erməni terror təşkilatları şəbəkəsi aparırdı.
...Nələrə nail olmuşlar?
Bizim üçün nə qədər ağrılı olsa da, Qərb və Rusiya imperialist dairələri uzun illər dövlətçiliyimizə, kimliyimizə və mədəniyyətimizə ciddi zərbələr vurmuşlar. Onlar bizi fiziki cəhətdən yox etməklə yanaşı, mənəvi-əxlaqi dəyərlərimizə, ailə həyatımıza, məişət vərdişlərimizə, psixoloji özəlliklərimizə, kollektiv səviyyəsində identikliyimizi müəyyən etməyimizə qənim kəsilmişlər.
Tarix boyu dövlətlər quran bir etnosun müstəqil yaşaya bilməsinə özündə şübhələr yaratmışlar. Onlar türkləri elə hüquqi və mədəni çərçivəyə salmağa çalışmışlar ki, biz yalnız yad dövlət və cəmiyyətin dominantlığı altında mövcud ola biləcəyimiz haqqında düşünək, onu qəbul edək.
Real siyasət və geosiyasət meydanında isə dövlətçilik və milli kimlik baxımından üç illüziya yaratdılar. Birincisi, türklər gəlmə, erməni yerlidir. İkincisi, Cənubi Qafqazda yalnız ermənilər sivil, mədəni, hüquqi dövlət və cəmiyyət yarada bilərlər. Üçüncü, azərbaycanlılar, ümumiyyətlə, dövlət qura bilməzlər, onlar yalnız ticarətlə məşğul olmağı və qanunları pozmağı bacarırlar.
İmperiyanın yaratdığı bu uydurma obrazın beynəlxalq aləmə proyeksiyası bizim üçün acınacaqlı idi. Dünya dəlilsiz-sübutsuz qəbul edirdi ki, Cənubi Qafqazda “əsl dövlət ermənilərdədir”, o məkanda “həm də azərbaycanlılar da vardır”. Buradan isə bir sıra dairələr Cənubi Qafqazın geosiyasi arxitekturasını əbədiləşdirərək, onun dəyişməz olduğu ilğımını yaratmaq kimi niyyətlərə düşmüşlər və indi də müəyyən kəsimdə bu ədalətsiz və əsassız təsəvvür davam edir. Guya, Vətən müharibəsinə qədər mövcud olan regional geosiyasi mənzərəni qətiyyən dəyişmək olmaz, o, əbədi qalmalıdır və s.
Azərbaycan xalqı keçən əsrin 90-cı illərinin ortalarından yad dairələrin bu niyyətlərini də puç elədi. Burada əsas rolu ulu öndər Heydər Əliyev oynadı.
İndi Türk dünyasının qlobal geosiyasətdə yeri və rolunun yenidən dizaynlaşması qarşısında sonuncu tezis ciddi əngəl olaraq qalır. Xüsusilə, Cənubi Qafqazda Azərbaycan faktorunu geosiyasi əhəmiyyəti baxımından bu, önəmli məqamdır. Tarix və nəzəriyyə nə deyir?
Dəyişməz geosiyasət xülyası
Bu məsələ Cənubi Qafqazda Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsindən sonra süni olaraq aktuallaşdırılmağa çalışılır. Əsasən rəsmi Tehran tez-tez “qırmızı xətt” çəkir, ondan bəhs edir və təhdid etməyə çalışır. İran rəhbərliyinin arqumenti də ciddi şübhələr doğurur – guya, minillər burada İran – Ermənistan əlaqələri olub və onları indi dəyişmək mümkün deyildir. Söhbətin hansı İran və hansı Ermənistandan getdiyini bundan danışanların “tarixi vicdanının” öhdəsinə buraxırıq. Lakin Səfəvilərin mövcud olduğu yüz illərdə bu regionda müstəqil erməni dövlətinin olduğunu göstərən xəritəyə rast gəlinmir. Bundan başqa, kimlərinsə əbədiləşdirmək istədiyi geosiyasi görüntü XIX əsrin əvvəllərindən başlayaraq Qacarların ruslara müharibəni uduzmaları əsasında formalaşmışdır. Bununla yanaşı, sovetlərə qədər bir mənzərə, sovetlər dönəmində isə başqa mənzərə mövcud idi. Çar Rusiyası dövründə indi İran adlandırılan ərazinin sərhədləri ilə XX əsrdə Sovetlərin meydana gəlməsi ilə formalaşan geosiyasi mənzərə çox fərqlidir. Məsələn, Sovetlər dönəmində İran – Ermənistan–SSR münasibətlərini kim formalaşdırırdı? Həmin dövrdə indi “əbədi geosiyasi arxitektura”dan dəm vuran Tehran, bir zamanlar Səfəvilər ərazisinə aid olan torpaqların Kreml tərəfindən ermənilərə peşkəş edilməsinə niyə cınqırını çıxarmırdı? Axı bu, onun indi qışqırdığı “geosiyasi mənzərə qırmızı xəttimizdir” iddiasına tam zidd idi?
Və ya, çox uzağa getməyək, Qarabağda azərbaycanlıların mədəni, dini, tarixi abidələri məhv ediləndə, Tehranın indi “dəyişməz” saydığı əraziləri xristian ermənilər zəbt edəndə “əbədilik” pozulmurdu? Şübhə etmirik ki, müdrik İran xalqı bizim sualları qərəzli saymır!
İndi qlobal miqyasda geosiyasi mənzərə dəyişir, Cənubi Qafqazda bu, niyə əbədi qalmalıdır? Deməli, əslində, rəsmi Tehranın bu iddiası ciddi geosiyasi niyyətlərdən və planlardan xəbər verir. Ancaq necə ki, Səfəvilərdən sonra Cənubi Qafqazın geosiyasi arxitekturası iki dəfə yeniləşdi (Çar Rusiyası və SSRİ-i dönəmlərində), indi də yeniləşməyə məhkumdur. Ancaq bu dəfə, o, türk geosiyasi ssenarisi üzrə dəyişməkdədir. Əsas məsələ də bundan ibarətdir!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru