Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazandıqdan sonra Fransa tamamilə Ermənistanı müdafiə edən siyasət yürüdür. Bu dövlətin parlamentinin hər iki palatasında Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul olunur. Senatın “Artsaxın müstəqilliyini” tanıyan təxribat xarakterli qətnaməsi də onlardan biridir. Sənəd hökuməti Dağlıq Qarabağı tanımağa çağırırdı. Bununla da Paris öz riyakarlığını və təxribatlarını davam etdirdiyini göstərirdi.
Halbuki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyidir. Buna paralel olaraq, rəsmi Paris, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə ikiüzlülüklə inandırmağa çalışırdı.
Bundan başqa, Rusiya sühməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təbii sərvətlərin qeyri-qanuni talan edilərək Ermənistana, bu ölkədən isə Azərbaycan ərazisində qalmış erməni silahlı birləşmələrinə silah-sursatın daşınmasının və şəxsi heyətin rotasiyasının qarşını almaq məqsədilə Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması da Parisin xoşuna gəlmədi. Həmin vaxt Fransa baş verən prosesləri adekvat qiymətləndirməyə deyil, guya “Laçın dəhlizinin bağlanması”, “Qarabağ ermənilərinin blokadaya alınması”, “bölgədə humanitar böhranın yaranması” kimi sərsəm iddialarla Azərbaycana qarşı beynəlxalq səviyyədə kampaniya aparmağa üstünlük verdi. Ölkəmizin neqativ imicini formalaşdırmağa çalışdı.
Eyni zamanda, humanitar yardım adı altında 2 yük maşını Azərbaycan sərhədinə göndərildi, Parisin meri Ann İdalqo Ermənistan – Azərbaycan sərhədi yaxınlığına gəlib binoklla Azərbaycan ərazilərini seyr etdi və Parisə qayıtdı. Onun bu addımı şəkildə suverenliyimizə və qanunlarımıza qarşı açıq hörmətsizlik idi.
Azərbaycan Ordusu tərəfindən birgünlük antiterror əməliyyatı zamanı işğalçı ordunun qalıqları darmadağın edildikdən sonra Parisin riyakarlığı və təxribatları daha intensiv və sistemli xarakter almağa başladı. Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycanın pislənməsi təşəbbüsü ilə çıxış etdi. Ermənilər Qarabağı könüllü tərk etdiyi halda, hay-küy salaraq onlara qarşı güc tətbiq olunduğunu iddia etdi. Əslində, Fransa Senatının qətnaməsində və Fransa rəsmilərinin mütəmadi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, hətta Avropa Şurasının İnsan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da qeyd edildi ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan, Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarı olub.
Onu da qeyd edək ki, hazırda Paris İrəvanı silahlandırmaqda və ona anti-Azərbaycan xarakterli siyasi dəstək verməkdə davam edir. Bununla iki dövlət arasında münasibətlərinin normallaşdırılmasına zərbə vurur, Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir.
Aprelin 14-də isə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro daha irəli gedərək bəzi anti-Azərbaycan iddiaları səsləndirdi. Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən bildirdi ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh mətni imzalanmalı, Bakıda saxlanılan erməni məhbuslar azad edilməlidir: “Azərbaycana gəlincə, sərhəddə artan gərginlikdən son dərəcə narahatam. Ümid edirəm ki, yerdə dislokasiya olunmuş Avropa missiyası vəziyyəti effektiv şəkildə izləmək və bu gərginliyi cilovlamaq üçün gücləndirilə bilər”.
Nazir sərhəddə kəşfiyyat məlumatları toplamaqla məşğul olan missiyanı gücləndirmək niyyətlərini açıq-aydın səsləndirib. Görünür, son aylar Ermənistan –Azərbaycan şərti sərhədində ciddi münaqişəli halın baş verməməsi Fransa tərəfini narahat edib. Paris müxtəlif vasitələrə əl ataraq Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır. Bu, fransalı siyasətçilərin daim Ermənistanın yanında olduqlarını göstərir. Ona görə də rəsmi Paris təmsilçisindən yeni yalan, ikiüzlü, təxribat xarakterli açıqlamalar gəlir.
Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun və bu ölkənin Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd edir və pisləyirik: “Fransanın siyasətindəki ikili yanaşma – sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur.
Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu, Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsinin tamamilə ziddinədir”.
Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir: “Bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır”. Fransanın bu cür müdaxiləsi cinayətkarları qoruyur, cəzasızlığa xidmət edir”.
O da məlumdur ki, müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilmiş erməni əsilli şəxslərin azadlığa buraxılması tələbinə gəldikdə isə bu cinayətləri araşdırmaq və mühakimə etmək Azərbaycanın haqqıdır. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyir və məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübut edir.
A.Hacızadə bildirib ki, Fransa neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb: “Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir.
“Sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoyulmalıdır”,– deyə mətbuat katibi vurğulayıb.
Sonda onu da qeyd edək ki, Fransa digər dövlətlərin daxili işlərinə qarışmaqdansa, ilk növbədə öz ölkəsində baş verənlərə qiymət verməlidir. Siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, Fransa parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırmalıdır. Təkcə Azərbaycanla bağlı deyil, dənizaşırı ərazilərdə və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən də əl çəkməlidir. Unutmamalıdır ki, Cənubi Qafqazda sülhün kökləri nə Parisdədir, nə də Vaşinqtonda. Azərbaycandadır!
Pünhan ƏFƏNDİYEV
XQ