Yeni geosiyasi trendlər: Cənubi Qafqaz konteksti

post-img

II məqalə

Alternativ geosiyasi trend

Cənubi Qafqazda I məqalədə vurğuladığımız və mahiyyətcə riskli olan geosiyasi trendlərə alternativ istiqamət artıq formalaşmışdır. Onun təməli II Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən qoyulmuşdur. Bu, öncə tendensiya xarakterli konstruktiv proses idi. Sonrakı mərhələdə ciddi və davamlı trendə çevrilmişdir. 
Burada biz yalnız nəzəri iddia irəli sürmürük, bu cür gedişatın praktiki təzahürünü təsdiq edən faktlar artıq mövcuddur. Azərbaycanın başladığı həmin geosiyasi tendensiya Şuşa Bəyannaməsindən sonra Azərbaycan – Türkiyə tandemi tərəfindən aparılır. Bununla da, Cənubi Qafqazda ümumi səviyyədə iki geosiyasi istiqamətin – risklər yaradan və regionu parçalaya biləcək üç trendlə, konstruktiv mahiyyətli və əməkdaşlığa istiqamətlənmiş bir trendin mübarizəsi özünü göstərir. 
Həmin istiqamətlər arasında fərq ondan ibarətdir ki, risklər daşıyan üç geosiyasi trend qlobal miqyasdan Cənubi Qafqaza “yüklənən” proseslərdir. Onun formalaşdırıcı subyektləri ABŞ, Aİ, Rusiya və İranın timsalında böyük qüvvələrdir. Konstruktiv mahiyyətli alternativ trend isə regional miqyasda meydana gəlmiş, Azərbaycanın təşəbbüsü ilə konkret məzmun almış, hazırda Azərbaycan – Türkiyə tandemi kimi özünü göstərən gücdən ibarətdir.
Deməli, geosiyasi kontekstdə söhbət qlobal miqyasdan regional səviyyəyə olan təsirlərlə regional miqyasdan qlobal miqyasa olan təsirlərin rəqabətindən getməlidir. Bu məqamı Cənubi Qafqaz kontekstində “Yeni Böyük Oyun”un başlıca özəlliyi hesab edirik. Bu rəqabətdə kim qalib gələcək? Bu da indiki mərhələdə tarixi bir sualdır. Səbəbi üzərində düşünmək olar.

Qafqazın geosiyasi tarixində bir ilk

Nəzəri müqayisə aspektində şişirtməsiz belədir. Azərbaycan Vətən Müharibəsində elə bir qələbə əldə etmişdir ki, onun geosiyasi təsiri iki istiqamətdə qlobal miqyasa qədər özünü göstərməkdədir. Yəni real olaraq, bizim “tarixi ilk” adlandırdığımız geosiyasi trendin yaradıcısı özünün praktiki fəaliyyəti ilə Azərbaycan Respublikasıdır. Əgər Azərbaycan hərb, diplomatiya, siyasi liderlik və informasiya sferalarında möhtəşəm tarixi qələbə əldə etməsəydi, Şuşa Bəyannaməsi olmayacaqdı. Şuşa Bəyannaməsi isə yeni geosiyasi trendin rəsmi siyasi, hüquqi və informasiya rəmzidir! 
Regionun geosiyasi tarixində bir ilkə imza atan Azərbaycan Respublikasının başlatdığı yeni trendin əsas əlamətləri aşağıdakılardan ibarətdir:
– regional maraqların ön plana çıxarılması; 
– sabit qalıcı təhlükəsizlik və əməkdaşlıq modeli; 
– regionlararası konstruktiv əməkdaşlığa istiqamətlənmə;
– terrorun hər bir növü ilə prinsipial mübarizə;
– sülhsevər, humanitar və ədalətli əlaqələr sisteminin qarşılıqlı faydalı qazanclar müstəvisinə proyeksiya edilməsi.

Regional maraqların ön plana çıxarılması

XIX əsr boyu özünü göstərmiş “Böyük Oyun”dan başlayaraq, Cənubi Qafqazda geosiyasi proseslərin dinamikasına kökündən təsir edən başlıca məqam regional maraqlara münasibətlə bağlıdır. Yəni öncə “Böyük Oyun”, sonra “Yeni Böyük Oyun”un qurucuları regional maraqları daim arxa plana atmışlar. Hətta, region dövlətlərinin maraqlarını özlərinin maraqlarının təsiri altına salmışlar. Bu prizmadan baxanda Z.Bzejinskinin Qafqazı geosiyasi məkan olaraq Avropa ilə Asiyanın mühüm körpüsü kimi tərif etməsində kollektiv Qərbin maraqlarının tam təmin olunması məqamını əsas götürdüyü şübhə doğurmur. 
Həmin baxımdan “Böyük Oyun”dan “Yeni Böyük Oyun”a keçid qurucu oyunçuların mövqeyində elə bir keyfiyyət dəyişikliyinə gətirib çıxarmamışdır. O halda alternativ geosiyasi güc üçün, ilk növbədə, qlobal miqyasda regional maraqları təmin etmənin ön sıraya çıxarılması prinsipial əhəmiyyət daşımış olur. Hazırda faktiki olaraq məhz bu xətt üzrə Cənubi Qafqazda geosiyasi güclərin mübarizəsi şiddətlənir. 
Azərbaycanın təklif etdiyi “3+3” platformasına da hər şeydən əvvəl bu kontekstdə geosiyasi dəyər vermək gərəkdir. Azərbaycan rəhbərliyinin 1993-cü ilin ikinci yarısından Cənubi Qafqazda sülh, barış, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıqla bağlı etdiyi təkliflərə nəzər salsaq, görərik ki, onların hər birində ilk sıraya regionun maraqları qoyulmuşdur. Bu özəllik hətta “Əsrin Müqaviləsi”nin geosiyasi kontekstinin ana xəttini təşkil edir. Onun qaynağı isə Azərbaycanın yeni enerji strategiyasının məzmun və məqsədindədir. Ulu öndər Heydər Əliyev dəfələrlə ifadə etmişdir ki, “Əsrin Müqaviləsi, o cümlədən Bakı–Tbilisi–Ceyhan neft marşrutu regionun və bütövlükdə, Avrasiyanın enerji xəritəsini dəyişəcəkdir. Bu o deməkdir ki, Azərbaycanın enerji strategiyasının mahiyyətində geosiyasi aspektdə regional maraq çox ciddi yer tutmaqdadır.
Digər nümunə kimi, II Qarabağ Müharibəsindən sonra Prezident İlham Əliyevin hərbi və informasiya strukturunu darmadağın etdiyi Ermənistana sülh və əməkdaşlıq əlini uzatmasını göstərmək olar. Azərbaycan rəhbərliyi məğlub etdiyi düşməni tamamilə məhv etmək xəttini tutmamış, region naminə sülh və əməkdaşlıq təklif etmişdir. 
Bu, Cənubi Qafqazın müasir tarixində orijinal bir hadisədir. Onun fərqli cəhəti ondan ibarətdir ki, son 300 ildə Avrasiya məkanında eyni regionda yerləşən iki dövlətdən təcavüzə məruz qalanı hərb meydanında qalib gəlir və eyni zamanda, məğlub olana sülh, barış və əməkdaşlıq əli uzadır.
Yəni Cənubi Qafqaz kimi bir regionda müasir dönəmdə ilk dəfədir ki, sülh təşəbbüsü qalib region dövləti tərəfindən irəli sürülür. Əlbəttə, əvvəllər də region maraqlarını önə çəkərək analoji təkliflər olmuşdur. Lakin hazırkı situasiyanın fərqi ondan ibarətdir ki, qalib dövlət konkret fayda verən layihələrə məğlub etdiyi təcavüzkar region dövlətini cəlb etmək əsasında sülh, barış və əməkdaşlığın təmin edilməsinə çalışır. Bu, real politikada mühüm özəllikdir. Bundan başqa, region miqyasında humanitarlıqla milli və regional maraqları optimal surətdə uyğunlaşdırmaq cəhdidir. 
Azərbaycan Respublikasının regional maraqları ön sıraya çıxarmasının hüquqi bazası Konstitusiyada və Şuşa Bəyannaməsində ifadə edilmişdir. Şuşa Bəyannaməsində yazılır: “Tərəflər (Azərbaycan və Türkiyə nəzərdə tutulur – FQ.) Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır” və sonra vurğluanır: “Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər”.
Bu müddəalar aydın göstərir ki, Azərbaycan əsaslı və strateji məqamları nəzərə almaqla regional maraqların ön sıraya çıxarılmasına ciddi əhəmiyyət verməkdədir. Həmin məqam bütövlükdə, 2021-ci ildən sonra davamlı geosiyasi xətt kimi inkişaf etdirilir. Hazırda o, sistemli geosiyasi trendin vacib müddəalarından biridir. 
Çox əhəmiyyətlidir ki, Azərbaycan–Türkiyə geosiyasi tandemi regional maraqları aktuallaşdırmağı beynəlxalq hüquq normaları, o cümlədən BMT-nin Nizamnaməsinə uyğun təmin etməyi başlıca fəaliyyət prinsipi kimi qəbul etmişdir. Bu məqam da Şuşa Bəyannaməsində aydın ifadə edilmişdir. Orada preambulada yazılmışdır ki, Azərbaycan və Türkiyə “Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq” və “Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək”…qərara gəlirlər. 
Bununla geosiyasi platforma olaraq regional maraqların ön sıraya çıxarılması əsasında yeni təhlükəsizlik və əməkdaşlıq formulu irəli sürmək imkanı yaranmış olur. Həmin formul da Azərbaycan tərəfdən verilmişdir və “3+3” adlanır. 

Sabit qalıcı təhlükəsizlik və əməkdaşlıq modeli

Praktiki təcrübə göstərir ki, Cənubi Qafqaz üçün, hələlik, ən uyğun, real və perspektivli təhlükəsizlik və əməkdaşlıq formulu “3+3”-dür. Prezident İlham Əliyev 2021-ci ildə İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə “3+3” platformasının geosiyasi mahiyyətini açmış, onun funksiyalarını şərh etmişdir. Dövlət başçısının yığcam ifadə etdiyi fikirlərdə faktiki olaraq həmin formulun geosiyasi trend konteksti adekvat ifadə olunmuşdur. İlham Əliyev bəyan etmişdi ki: “Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək”.
Vurğulanan tezisləri geosiyasi trendin tərkib hissəsi qismində aşağıdakı kimi qruplaşdırmaq olar. 
Birincisi, “3+3” yalnız “müharibədən sonrakı məsələlər” kontekstində əhəmiyyət daşımır, onun funksiyası geniş və uzunmüddətli regional dinamikaya aiddir. 
İkincisi, “3+3”, “ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək”. Bunun anlamı ondan ibarətdir ki, Azərbaycan və Türkiyə həmin formula ciddi əsası olan geosiyasi trekin mərkəzi müddəası kimi baxır. 
Üçüncüsü, “3+3” regionun altı ölkəsi arasında əməkdaşlıq formatı kimi “hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq”. 
Nəhayət, “3+3” “regional əməkdaşlığın mühüm amilinə çevriləcək”. 
Azərbaycan Prezidentinin vurğulanan tezisləri faktiki olaraq Cənubi Qafqazda konstruktiv geosiyasi trendin sabit qalıcı təhlükəsizlik və əməkdaşlıq modelə malik olduğunu təsdiqləyir. Daha əhəmiyyətlisi odur ki, Prezident İlham Əliyev həmin modelin başlıca şərtlərini dəqiq göstərmişdir. Yeni geosiyasi trendin alternativ və konstruktiv xarakterli olması baxımından həmin şərtlər çox əhəmiyyətlidir və onların üzərində geniş dayanmaq zəruridir.

Füzuli Qurbanov, 
XQ-nin analitiki, 
fəlsəfə elmləri doktoru

Siyasət