Mark Endeveld
(əvvəli qəzetin ötən saylarında)
Sarkozist Luvrierdən kiçik məsləhət
“Necə eləyim ki, özümü xalqa tanıtdırım?”. Əsas sual budur! Onun populyarlığı, mediatik strategiyası və mətbuatla əlaqəsi, eləcə də böyük patronlarla münasibətləri stolun üstündə hazırdır. Arvadı Brijit də, demək olar ki, səhərdən axşama kimi onun yanındadır. Fransız dili müəlliməsi (Brijit) təbii ki, ərinin kabinetinə yaraşıq vermək üçün gəlmir. O, hadisələrə fikrini bildirir, iclaslara rəhbərlik edir və kimin nə vaxt və kimdən sonra çıxış edəcəyini planlaşdırır. Bu iclaslara dəvət olunan qonaqlar çox tez dərk edirlər ki, fransız dili müəlliməsinin varlığı, həqiqətən, vacibdir və Emmanuel üçün çox böyük əhəmiyyət kəsb edir. Bununla belə, Yelisey sarayına prezident Holland üçün işləməyə dəvət olunan bu cavan oğlanın real ambisiyaları haqqında hələ ki, heç kim heç nə bilmir. Onun özü də, hələlik, planlarını heç kimə açıqlamır. Düzdür, hərdənbir Fransua Hollandın bu gənc əməkdaşı bəzən öz ambisiyalarını gizlədə bilmir. Yelisey sarayını tərk etməmişdən bir neçə gün əvvəl kabinetindəki iş yoldaşlarına yarızarafat, yarıciddi deyir ki: “Gələn dəfə mən bura qayıdanda, böyük qapıdan içəri girəcəm”. O, yəqin, 2017-ci il haqqında düşünür... kim bilir, bəlkə elə 2022-ci il haqqında da...
Emmanuel Makron səbirsizdir. Elə o vaxtdan həm solçuları tumarlayır, həm də sağçıları. Çünki o, bazar günləri təşkil etdiyi görüşlərə həm sağçı partiyasından olanları, həm də solçu partiyadan olan prezidentin (Holland) yaxın adamlarını – məsələn, dövlət başçısının mətbuat xidmətində çalışan Filip Qranqon, Robert Zarader, sorğu aparan Bris Tantüriye, eləcə də Havas şirkətinin əməkdaşları İsmael Emelien və Jil Finşelşteyn kimi adamları dəvət edir... Prezident Hollandın iqtisadiyyat üzrə məsləhətçisi Emmanuel Makronda heç bir kompleks yoxdur. Və bir gün onun abırsızlığı o dərəcəyə çatır ki, 2007-ci ildən 2012-ci ilə qədər Nikola Sarkozinin Yelisey sarayında sadiq mətbuat məsləhətçisi olmuş Frank Luvrieri də bazar axşamları təşkil etdiyi iclasların birinə dəvət edir.
Makron Hollanddan əvvəlki dövrdə prezident aparatında işləməkdən imtina etsə də, indi Sarkozinin çevrəsindəkiləri özünə tərəf çəkməkdən çəkinmir... Holland prezident seçiləndən sonra Yelisey sarayını tərk edən Luvrier, indi Sarkozinin yaxın dostu Moris Levinin rəhbərlik etdiyi Pulicis şirkətində çalışır. Bazar axşamlarındakı iclasların iştirakçıları qarşısında Luvrier ilə Makron yaxın olduqlarını gizlətmirlər. Onlar bir-birinə “sən” deyə müraciət edir, görüşəndə qucaqlaşıb öpüşürlər. Ona görə də tamamilə təbiidir ki, 2016-cı ilin əvvəlində İqtisadiyyat naziri Makron özünün gələcək prezidentlik kampaniyası üçün kommunikasiya direktoru axtaranda, Moris Leviyə zəng vurub xahiş edir ki, Frank Luvrieri onun ixtiyarına versin. Çünki prezidentliyə can atan gənc nazir yaxşı bilir ki, Luvrierin siyasi jurnalistlər arasında çox yaxşı əlaqələri var. Düzdür, o vaxt nazirin bu istəyi baş tutmasa da, 2019-cu ilin yanvar ayında Emmanuel Makron Sarkozist Luvrierdən bir daha xahiş edir ki, Yelisey sarayına qayıdıb onun çevrəsinə qatılsın.
Makron 2013-cü ildən başlayaraq, Parisdəki əsas lobbi agentliklərindən biri olan Tilder agentliyinin rəhbəri Matias Leridonun köməyi ilə Fransanın məşhur şirkətlərinin böyük patronlarını mütəmadi olaraq şam yeməyinə dəvət edir. Matias Leridon həm də Medef (Fransadakı bütün şirkətlərin həmkarlar birliyi. Missiyası şirkətlərin marağını qorumaqdır) təşkilatının prezidenti Pier Qatt azın kommunikasiya üzrə müşaviridir. Bazar axşamlarında təşkil etdiyi bu görüşlərdə Makron iclas iştirakçılarının qarşısında prezident Fransua Hollandı tənqid etməkdən çəkinmir və iddia edir ki, ölkədə əldə edilən bir çox iqtisadi uğurların müəllifi şəxsən onun özüdür. Fransua Hollandın beş illik prezidentlik dövrünün ilk illərindən Emmanuel Makron əlinə fürsət düşən kimi, yaxın çevrəsi daxilində respublika prezidentini tənqid edir. 2014-cü ilin may ayının sonunda – istefa verməsindən doqquz gün əvvəl – Kopenhagendəki Bilderberq qrupunun yığıncağında, Makron söz alıb hamının qarşısında Fransua Hollandın yürütdüyü siyasət haqqında ağzına gələni danışır. JDD qəzeti, 3 dekabr 2017-ci il) Bu kiçik “teatrda” tamaşa həmişə iki hissədən ibarət olur: Hollandın uğursuzluqları və Makronun uğurları.
San-Lui-Dö-Qonzaqın kölgəsində
Beləliklə, bu Makronlar cütlüyü Yelisey sarayına gəlməmişdən xeyli əvvəl belə müxtəlif şəbəkələrdən intensiv şəkildə istifadə edirdi. 2007-ci ildə nikah kəsdirəndən bəri Parisin 15-ci rayonundakı mənzillərində, Emmanuel ilə Brijit lazımlı adamları tez-tez evlərinə şam yeməyinə dəvət edirlər. Parisin 16-cı rayonunda, adlı-sanlı katolik təmayüllü San-Lui-dö-Qonzaq liseyində fransız dilindən dərs deyən Brijit Makron ərinin istifadəsi üçün şəxsi telefon kitabçasını yüksək vəzifəli və rütbəli şəxslərin nömrələri ilə doldurur. Benjamin Franklin küçəsində yerləşən, hamının “Franklin” adlandırdığı, Yezuitlər tərəfindən idarə olunan bu lisey sosial müxtəlifliyin məbədidir. Bir vaxtlar indiki iqtisadiyyat naziri Brüno Lö Merin anası Vivian Fradan dö Belabr tərəfindən idarə edilən bu təhsil ocağında, əsasən, Paris burjuaziyasının uşaqları təhsil alır. Brüno Lö Mer özü də Fransa Bankının indiki direktoru Villeroy dö Qalo da bu liseydə oxuyublar. Keçmiş baş nazir Villpəntin uşaqları, eləcə də keçmiş Baş nazir Balladürün nəvələri də hazırda bu liseydə təhsil alırlar.
Paris burjuaziyasının övladlarının oxuduğu katolik təmayüllü bu təhsil ocağı, əsli Amiən şəhərindən olan, özü də burjua ailəsindən çıxmış Brijit Makrona tam uyğun gəlir. Gələcək birinci xanım siyasi ideyalarını heç kimdən gizlətmir və harada gəldi deyir ki, 2007 və 2017-ci
illərdə prezident seçkiləri zamanı o, Nikola Sarkoziyə səs verib. Emmanuel də arvadından geri qalmır. Brijit Franklin küçəsindəki San-Lui-dö-Qonzaq liseyinə müəllim düzələndən bir il sonra o, Rotşild müəssisəsində investisiya bankiri təyin olunur. Fransız kapitalizminin döyünən ürəyi olan bu bank David dö Rotşild tərəfindən idarə olunur. Bu sonuncunun telefon kitabçası sağçılar partiyasının üzdə olan adamlarının nömrələri ilə doludur (Bax: Müəmmalı cənab Makron). Parisin 8-ci rayonunda, Monso parkının iki addımlığındakı Messin prospektində yerləşən bu nüfuzlu bank ingilis klubuna oxşayır – orada nadir hallarda qadın görə bilərsən.
Məhz elə o zaman Makron cütlüyü Avropanın ən varlı iş adamı – qlobal LVMH lüks liderinin və Carrefour qrupunun sahibi Bernard Arno ilə tanış olur. Franklin küçəsindəki məktəbdə, Brijit milyarder Arnonun üç oğluna – Aleksandra, Frederikə və Jana fransız dili dərsi deyir. “Brijit əvəzolunmaz bir müəllimdir”, – deyə uşaqlarının dərsləri ilə ciddi şəkildə maraqlanan Bernard Arno hər yerdə Emmanuel Makronun arvadını ağızdolusu tərifləyir. Fransa milyonerlərinin dünyası kiçik bir dünyadır – hamı bir-birini yaxşı tanıyır. Ona görə də təbii olaraq, Bernard Arnonun uşaqlarının əvəzolunmaz fransız dili müəlliməsinin sayəsində, onun əri Emmanuel Makron tezliklə Avropanın bu ən məşhur və ən güclü milyarderi ilə tanış olur. Onu da qeyd edək ki, Bernard Arno Rotşild bankının sahibi David dö Rotşild ilə yaxın dostdur. Bundan başqa, Bernard Arno hansı siyasi partiyanı dəstəklədiyini heç vaxt və heç kimdən gizlətməyib. O, həmişə sağçılara səs verib və həm də Nikola Sarkozinin Sesiliya ilə toyunda, Martin Buyq (fransız milyarderi, Buyq Telekom şirkətinin rəhbəri) ilə birlikdə onların şahidi olub. Tanışlıq zamanı gənc Emmanuel Makron özünü milyarderə sevdirə bilir.
(ardı var)