Keşiş Baqrat “qış yuxusu”ndan imtina etdi

post-img

O, yenidən pozuculuq fəaliyyətinə başladı

Son ay yarım ərzində Ermənistanda baş verən bir sıra hadisələr, o cümlədən, parlamentdə istintaq komitəsinin rəhbəri Argişti Karamyanla hakim “Mülki müqavilə” partiyasını təmsil edən deputat Ovik Aqazaryan və Narek Zeynalyan arasında yaşanan qarşıdurma, onların az qala əlbəyaxa dava etməsi Hayastanda daxili siyasi gündəmin əsas məsələləri olaraq qalmaqdadır.

Yada salaq ki, baş nazir N.Paşinyan yaranmış böhrandan çıxış yolunu onların hər ikisi ilə yollarını ayırmaqda gördü. Karamyan bəzi vəzifəli şəxslərlə birlikdə noyabrın 18-də istefa verdi. N.Zeynalyan da baş nazirin hakim fraksiyanı tərk etməklə bağlı tapşırığını dərhal yerinə yetirdi. “Üsyankar deputat” O.Aqazaryan isə baş nazirin istefaya getmək “xahişini” rədd etdi. O, son günlərə qədər müqavimət göstərməyə davam edirdi. Nəhayət, dekabrın 4-də hakim partiyanın idarə heyəti yığışaraq O.Aqazaryanı sıralarından xaric etdi. Bununla bağlı yayılan məlumatda bildirildi ki, O.Aqazaryan idarə heyətinin qərarı ilə dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə”dən çıxarılıb.

Yaşanan bütün bu qalmaqallar iqtidarın nüfuzuna ciddi zərbə vurdu. Nəzərə almaq lazımdır ki, Ermənistanda 2026-cı ildə növbəti parlament seçkiləri keçiriləcək. Əgər seçkilərin keçirilmə vaxtına hər hansı dəyişiklik edilməzsə, o zaman 2026-cı il iyunun 20-də növbəti parlament seçkiləri baş tutmalıdır. Beləliklə, aydın olur ki, növbəti seçkilərə, təxminən, il yarım vaxt qalıb. Belə bir vəziyyətdə hakim komanda daxilində qalmaqalın yaşanması, iqtidarı təmsil edən şəxslərin qanunverici orqanda az qala əlbəyaxa olması heç bir iqtidar, o cümlədən, daxili və xarici siyasətdə yol verdiyi səhvlər üzündən uğursuzluğa düçar olan Paşinyan hakimiyyəti üçün arzuolunmazdır. İnsident, eyni zamanda, iqtidara müxalif olan qüvvələrin daha da aktivləşməsində mühüm rol oynadı. Müxalifət nümayəndələri son günlərdə verdikləri müsahibələrdə, sosial şəbəkə hesablarında etdikləri paylaşımlarda bu məsələyə münasibət bildirirlər.

Məsələn, siyasətçi və ictimai xadim Narek Malyan deyir ki, O.Aqazaryanın “Mülki müqavilə” fraksiyasını tərk etməsinə rəğmən, deputat mandatını qoruyub saxlaması hörmətə layiqdir: “Mənim ona münasibətimin necə olmasından asılı olmayaraq, cənab Aqazaryan əməli təkrar olunmağa layiq fenomenə çevrilib. “Mülki müqavilə” fraksiyasını tərk edən hər bir deputatın hərəkəti, xüsusilə indiki mühüm mərhələdə müxalifətin verdiyi yüzlərlə müsahibədən daha vacibdir. Bu fikir pafosdan uzaqdır və istənilən real müxalifətçi üçün rasional yanaşmadır”.

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına qarşı çıxan, bu ilin aprelində Qazax rayonunun işğal altındakı kəndlərindən dördünün ölkəmizə təhvil verilməsindən sonra “Vətən naminə Tavuş” adlı qondarma hərəkat yaradan, daha sonra onun adını “Müqəddəs mübarizə”yə dəyişən, sərhədyanı bölgədən piyada İrəvana yollanan erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan da sanki himə bənd imiş. O, bu günlərdə xüsusi canfəşanlıq edir. Etdiyi çağırışda bildirib ki, “Müqəddəs mübarizə” qalib sonluğa qədər davam edəcək. Baqrat N.Paşinyan iqtidarını “qeyri-qanuni idarəçilik” adlandırıb. Erməni xalqının bu gün “öz dövlətinə birbaşa təhlükə yaradan, xalqa yalan danışan bir hökumətə malik olduğunu” deyib: “İndi hər zamankından da aydındır ki, bu iqtidar bütün istiqamətlərdə – istər daxili, istərsə də xarici siyasət sahəsində Ermənistan dövlətçiliyinin məhv edilməsi istiqamətində məqsədyönlü siyasət aparır. Biz məhz belə bir dövrdə yaşayırıq. Bununla belə bu gün yaşayan və fəaliyyət göstərən biz mövcud reallığı və tarixin axarını dəyişmək gücünə malikik”.

Arxiyepiskop hərəkatın tezliklə aktiv fəaliyyətə keçəcəyini və mübarizənin həlledici mərhələsinin başlayacağını bildirib. Qalstanyan, həmçinin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryana müraciət edərək onu açıq görüşə dəvət edib. Deyib ki, görüş zamanı Asryana sərhəddə baş verənlərlə bağlı ətraflı məlumat verəcək. O, vurğulayıb ki, baş qərargah rəisinin çağırışa cavab verməməsi, onu sadəcə olaraq, yalnız vəzifə və pulun maraqlandırdığı anlamına gələcək: “Biz inanırıq ki, zabit şərəfi anlayışı hələ tam ölməyib, reaksiya gözləyirik”.

Özünü din xadimi adlandıran bu şəxs dekabrın 6-da isə İrəvandakı “Respublika” meydanında “İradə” təşəbbüsünün oturaq aksiyasında iştirak edib. Qeyd edək ki, bu təşəbbüs Qarabağdakı keçmiş separatçı rejimin həbs olunmuş və hazırda barələrində ədalət mühakiməsinin çıxaracağı hökmü gözləyən “qlavarları”nın qaytarılmasına nail olmaq (?) məqsədilə yaradılıb. Aksiyada çıxış edən keşiş Azərbaycanı düşmən adlandırıb. Deyib ki, “soydaşlarımızın hələ də düşmən həbsxanalarında olması sadəcə olaraq qəbuledilməzdir”.

Bununla belə, N.Paşinyanın başçılıq etdiyi ölkədə yaşayanların hər birinin həbsdə olduğunu sözlərinə əlavə edib: “Bu gün hər birimiz cəzaçəkmə müəssisəsindəyik, həbsdəyik və bunun ən yaxşı təsdiqi telefon söhbətidir (Deputat O.Aqazaryanın telefonunun müsadirə olunmasını nəzərdə tutur–S.H.). Bu o deməkdir ki, biz həbsdə yaşayırıq. Buna görə də həbsxanadan çıxıb azadlığımıza qovuşmalıyıq. Məndən tez-tez soruşurlar ki, bütün bunlar necə və nə vaxt bitəcək? Sizi inandırıram ki, bu, bizim çox vaxtımızı aparmayacaq. Biz bu yolla gedirik və bu yolda məqsəd qələbəmiz olmalıdır. Paşinyan iqtidarının yenilməz olmasına dair əfsanəni unudun”.

Ancaq B.Qalstanyanı ittiham edənlərin də sayı az deyil. Onlardan biri politoloq və ictimai xadim Stepan Danielyandır. O, Kanada vətəndaşlığı ilə bağlı “srbazan”a qarşı iddialar qaldırıb. Danielyan media mənsublarını və blogerləri “köməyə çağırıb” və arxiyepiskopa ictimai sual verib: “Hörmətli jurnalistlər, blogerlər, mən ictimaiyyəti həqiqətən də narahat edən bir sıra problemləri səsləndirməyə başlayıram. Beləliklə, Baqrat “srbazan”dan aşağıdakı sadə suala ilk aydın cavab alan jurnalist və ya bloger ictimaiyyət adından 50 min dram mükafat alacaq. Məbləğ az görünə bilər, çünki hazırda ictimaiyyətin imkanları buna çatır. Cənab Qalstanyan, mübarizənizin nəticəsinə inanırsınızsa, nə üçün Böyük Britaniya hakimiyyəti altında olan Kanada vətəndaşlığınızdan imtina etmirsiniz? Bu sualı ona verəcək hər kəsə təşəkkür edirəm”.

Göründüyü kimi, Qalstanyan özünü erməni xalqının “xilaskarı” kimi təqdim etməyə çalışsa da, əslində, siyasi oyunbazlıqla məşğuldur. Bu siyasi oyunbazlıq son nəticədə Ermənistanda 20 il hakimiyyətdə olmuş Qarabağ klanının yenidən iqtidara qaytarılmasına yönəlib. Heç də təsadüfi deyil ki, arxiyepiskop bir müddət öncə klanın iki əsas nümayəndəsi – sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşmüşdür. Bu barədə məlumat yayan erməni teleqram kanalları keşişin sabiqlərlə hansı məsələləri müzakirə etdiyini açıqlamamışlar. Erməni mənbələri onu da yazırlar ki, Baqratın ölkənin birinci prezidenti Levon Ter-Petrosyanla görüşü hələlik alınmayıb. Bu faktın özü bir daha göstərir ki, keşişin siyasi oyunlarından Ter-Petosyan da xəbərdardır və ona “stavka” etmək niyyətində deyil. Eləcə də onun sabiqlərlə görüşlərinin üzərindən sirr pərdəsinin qalxmaması bir sıra şübhəli məqamların carçısıdır. Son parlament seçkilərində erməni xalqından birbaşa dəstək ala bilməyən Qarabağ klanının cildini dəyişərək, başqa ad altında hakimiyyətdə zühur etməsinə isə haylar çətin ki, imkan versinlər.

Səxavət HƏMİD
XQ

Siyasət