“Şimal–Cənub” marşrutunda yaşıl işartı

post-img

Bu transmilli daşımaları ləngidən Tehrandır

“Şimal–Cənub” beynəlxalq nəqliyyat marşrutunun orta və uzunmüddətli perspektiv üçün inkişafı strategiyası tam başa çatdırılmayıb. Bu transmilli marşrutun bütün seqmentlərinin birləşdirilməsi və yük daşımalarının paylanması, əsasən, Rusiya ərazisində həyata keçiriləcək. Bu amili nəzərə alaraq, yerli dəmir yolu şəbəkəsində yenilənmə və modernləşmə kimi işlərin aparılmasına ehtiyac duyulur.

Yüklərin Azərbaycan ərazisindən tranziti üçün xüsusilə vacib sayılan Dərbənd dəmir yolu keçid məntəqəsinin təkmilləşdirilməsi, eləcə də Samur II sərhəd stansiyasının tikintisi (2030-cu ilə qədər həyata keçirilməsi planlaşdırılır) kimi məsələlər öz həllini tapmalıdır. 2023-cü ilin statistikasına nəzər yetirək: Rusiya–Azərbaycan Samur–Yalama keçidindən 8 milyon ton yük, o cümlədən 43 min konteyner daşınıb. İrəlidə bu həcmin dəfələrlə artırılması perspektivi var. Deyəsən, Rusiya ona böyük gəlirlər vəd edən “Şimal–Cənub” beynəlxalq nəqliyyat marşrutunun işə salınması üçün qollarını çırmayıb.

Kremlin rəsmi məlumatına görə, Prezident Vladimir Putin beynəlxalq marşrutun inkişafına nəzarəti Baş nazirin müavini Vitali Savelyevə həvalə edib. O, Qazaxıstana dövlət səfəri ərəfəsində Savelyevi özünün “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla nəqliyyat dəhlizinin idarəetmə strukturu kimi inkişafı üçün xüsusi işçi qrupu yaradılıb. Deyilənə görə, Vitali Savelyev Rusiya “nəqliyyat şəbəkəsinin” ən nüfuzlu simalarından biri sayılır. Hər halda, onun Rusiya iqtisadiyyatının bu seqmentində təsiri kifayət qədər böyükdür. Bu təsirin dairəsi mülki aviasiyadan dəmir yolu sisteminə qədər uzanır. Yəni, onun prezidentin xüsusi nümayəndəsi kimi “Şimal–Cənub” layihəsini “durğunluq nöqtəsindən” tərpədəcəyinə ümidlər yaranıb.

ARAYIŞ: 1990-1996-cı illərdə Vladimir Putin Sankt-Peterburq meriyasında xarici əlaqələr komitəsinin sədri olduğu zaman V.Savelyev SSRİ–Amerika birgə “Dialoq-İnvest” müəssisəsinə, 2009-2020-ci illərdə isə “Aeroflot” aviaşirkətinə rəhbərlik edib. V.Savelyevin rəhbərliyi dövründə “Aeroflot” dünyanın ən böyük 20 hava daşıyıcısı sırasına daxil olub. Sonra o, Rusiya Nəqliyyat Nazirliyinə rəhbərlik edib. 2024-cü ilin mayında V.Putinin fərmanı ilə Rusiya Federasiyası Baş nazirinin müavini təyin edilib. Cari ilin iyun ayından isə V.Savelyev həm də “Rusiya Dəmir Yolları” ASC İdarə Heyətinin sədri statusundadır.

Aydın məsələdir ki, belə təsiredici “baqajla” V.Savelyev üçün “Şimal-Cənub” marşrutunun inkişafı ilə bağlı əsas fiqurlarla, ilk növbədə, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri və bu dövlətlərin iqtisadi və nəqliyyat blokunun nazirləri ilə ünsiyyət qurmaq asan olacaq. V.Savelyevin rəhbərlik etdiyi işçi qrupunun tərkibinə Rusiyanın Nəqliyyat naziri Roman Starovoyt, Prezidentin müşaviri İqor Levitin (keçmiş nəqliyyat naziri), “Rusiya Dəmir Yolları”nın baş direktoru Oleq Belozerov və nəqliyyat nazirinin müavini Dmitri Zveryev daxildirlər.

* * *

Bir sözlə, “Şimal–Cənub” layihəsi, nəhayət, Moskva üçün icra strukturları və koordinasiya mərkəzləri üzərində idarəetmənin üst strukturu rolunu oynayacaq kifayət qədər ciddi alətə çevrilir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı qəzetimizə danışarkən Kremlin yeni təyinatının Rusiya hökumətinin “Şimal–Cənub” marşrutuna diqqətinin və bu qovşağın əhəmiyyətinin göstəricisi olduğunu vurğuladı: “Doğrudur, Vitali Savelyevin səlahiyyətləri Rusiya ərazisinə aiddir. Yəni, beynəlxalq nəqliyyat dəhlizinin Rusiya ərazisindən keçən hissəsində mövcud yolun təkmilləşdirilməsi, ikinci, üçüncü xətlərin çəkilməsi planları var. Texniki modernləşdirmə kimi məsələlərin operativ həlli üçün məhz Baş nazirin müavininin Prezident Vladimir Putinin xüsusi nümayəndəsi təyin edilməsi faktının özü çox şey deyir. Bu beynəlxalq marşrutun Azərbaycan ərazisindən keçən hissəsində heç bir problem yoxdur. Biz bütün işləri layihədə göstərilən müddəti qabaqlayaraq həyata keçiririk. Onu da nəzərə çatdırım ki, Azərbaycan İran Astarasına qədər yolları çəkib, körpüləri, terminalları da inşa edib. Əsas problem İran tərəfindədir. Rəsmi Tehranın Rəşt–Astara yolunun inşasını ləngitməsi marşrutun işə düşməsini də uzadır. Məhz İranın təqsiri ucbatından bu strateji layihə illərlə süründürməçiliklə müşayiət olunur. İndi Vitali Savelyevin işi sürətləndirmək üçün iranlı həmkarlarına nə dərəcədə təsir göstərə biləcəyini deyə bilmərik. Əlbəttə, burada həm də Prezidentin xüsusi nümayəndəsinin nüfuzundan söhbət gedir. Bütün hallarda Rusiya hökumətinin bu marşruta artan diqqəti ondan xəbər verir ki, Şimal–Cənub onun üçün çox vacib layihədir. Bu nöqteyi-nəzərdən, Moskva Bakı ilə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir”.

R.Musabəyov Rusiya və Azərbaycanın birgə səyi ilə İran ərazisində inşaat işlərinin sürətlənəcəyinə ümid etdiyini dilə gətirdi: “Layihə təkcə Rəşt–Astara marşrutunun çəkilməsi ilə bitmir. Axı, oradan Əmirabad limanına kimi olan mövcud yolların da yenilənməyə ehtiyacı var. Rusiya burada çalışır ki, həmin ərazidən keçən yollar daha geniş və sürətli olsun. Yəni, qatarlar Rusiyadan Azərbaycan ərazisindən keçərək qısa vaxtda İranın müvafiq limanlarına və Fars körfəzinə çatsın. Bir daha demək istərdim ki, bu məsələlər öz həllini İran ərazisində tapmalıdır. Bu işlərin öhdəsindən gəlməkdə Savelyevə uğurlar diləmək istərdik. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizinə alternativ olacaq Araz boyu dəmir və avtomobil yolunun inşası yekunlaşmaq üzrədir. Sadəcə, Tehran artıq sözdən konkret əmələ keçməlidir. Əsas masələ bundan ibarətdir”.

Şimaldan Cənuba uzanacaq dəmir və avtomobil yolları üzərində yaşıl işığın görünməyə başladığını söyləyə bilərik. Bu qlobal layihə Rusiyanın iqtisadi fəaliyyətindən kənara çıxan, onun müttəfiqləri və tərəfdaşlarını birləşdirəcək kəmərin bir hissəsi olan, onların da məsuliyyət dairəsini müəyyən edən böyük işlərin icrasını nəzərdə tutur. “Şimal–Cənub” beynəlxalq nəqliyyat marşrutunu reallaşdıracaq inkişaf qrupu bir neçə istiqamətdə hərəkət etməlidir. Bu beynəlxalq layihəyə Azərbaycan dəmir yolu seqmenti üçün marşrutu həyata keçirməkdən ötrü tamhüquqlu texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması, həmçinin Şimal istiqamətini inkişaf etdirən tikinti və strukturların konsorsiumunun formalaşdırılması üçün lazımi addımların atılması daxildir.

Bundan əlavə, “Şimal–Cənub”un iqtisadi zonasında infrastruktur təminatı və logistik mühitin inkişafı problemləri də həll edilməlidir. Mövcud büdcə vəsaitləri daxilində, bəzi hallarda isə özəl biznes şəbəkəsinin iştirakı ilə mövcud yük axınlarının monitorinqi və darboğazlığın aradan qaldırılmasının sistemli təhlili aparılmalıdır.

* * *

Avrasiya İnkişaf Bankının analitik monitorinq məlumatlarında göstərilir ki, 2023-cü ildə Azərbaycan ərazisi vasitəsilə Rusiyadan İrana 0,52 milyon tondan çox yük və 1,7 min konteyner daşınıb. Bu zaman üç avtomobil keçid məntəqəsi – Yaraq– Qazmalar, Tagirkent–Qazmalar və Novo-Filyadan istifadə olunub. Bu göstərici 2020-ci illə müqayisədə üç dəfə artım deməkdir.

Rusiyanın “Şimal–Cənub” layihəsini uzunmüddətli nəqliyyat qovşağı kimi nəzərdən keçirdiyinə diqqəti yönəldən siyasi analitik Fərhad Məmmədov Moskvanın qarşıdakı on-on beş il ərzində Qərblə münasibətlərini normallaşdırmasının real olmadığını bildirdi: “Rusiya Cənubun nəhəng bazarlarına çıxmaqdan ötrü quru yollardan yararlanmağı və bu zaman “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinə xüsusi önəm verir. Həmin dəhlizin iki qolu Cənubi Qafqaz bölgəsinə düşür. Söhbət Dərbənddən Azərbaycana, buradan İran ərazisinə keçəcək dəmir yolundan gedir. İkinci qol Abxaziyadan Gürcüstana, oradan Ermənistana, daha sonra İrana aparan marşrutdur. Bu layihələrin reallaşması qarşısında iki problem durur. Birinci problem Abxaziya ərazisindən yolun hələlik bağlı olmasıdır. İkinci isə Azərbaycanla Ermənistana bağlı məsələdir ki, burada da problem öz həllini gözləyir. Avtomobil yoluna gəldikdə isə Gürcüstana Yuxarı Larsdan marşrut mövcuddur. Sonra marşrut yenə Azərbaycan ərazisindən keçir. Yəni, Cənubi Qafqaz Rusiyanın transmilli “Şimal–Cənub” layihəsində iki seqment üzrə mövqeyə malikdir. Alternativ dəmir yolunun yaxın gələcəkdə işə düşəcəyi real görünmür. Avtomobil yolu dediyimiz marşrut üzrə fəaliyyət göstərə bilər. Lahihənin növbəti halqası Xəzər dənizi vasitəsilə İrana çıxışdır. Bu plan Rusiyanın dəniz limanlarının inkişafı strategiyasında öz əksini tapıb. Amma bunun üçün təkcə Rusiya ərazisində yox, eyni zamanda, İranın limanlarına da külli miqdarda sərmayə qoymaq lazımdır. Bu vəsaitin hansı mənbələrdən əldə ediləcəyi ərtafında müzakirələr hələ də davam edir”.

Xəzərin Şərq sahilində də maraqlı proseslərin getdiyini qeyd edən F.Məmmədov hazırda Qazaxıstan və Türkmənistan ərazilərindən dəmir yollarının çəkilişinin aktual olduğunu dedi: “Burada əsas məqamlardan biri bu yolun Özbəkistandan keçməklə, Əfqanıstana çıxış əldə etməsidir. Maraqlıdır ki, keçən həftə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kabula səfərində bu barədə danışıqlar apardı. Nümayəndə heyətinə, bizim yaxşı tanıdığımız, baş nazirin müavini Overçuk da daxil idi. Bu, Moskvanın Talibanla münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət Dumasında Talibanın terrorçu təşkilatlar siyahısından çıxarılması məsələsinin gündəliyə salınması təsadüfi sayıla bilməz. Danışdığımız layihələr fonunda iqtisadi yanaşmadan savayı, həm də siyasi səylər göstərmək lazımdır. Rusiya Mərkəzi Asiyaya, oradan Hindistana çıxışda siyasi çətinliklə üzləşməyəcək. Amma sərmayə baxımından Moskvanın Çin kimi nəqliyyat infrastrukturuna çoxmilyardlıq maliyyə yatırımaq imkanı yoxdur. Onun üçün ən optimal variant layihələrə cəlb olunan ölkələr də reallaşmada iştirak etsinlər. Məhz bu müstəvidə ən məqbul vəziyyətdə olan ölkə Azərbaycandır. Çünki öz ərazisindən keçəcək yollara özü sərmayə qoyur. Bununla da beynəlxalq nəqliyyat marşrutlarında rəqabətə dözümlü tərəf Azərbaycan sayılır”.

* * *

Hazırda Rusiya–Azərbaycan nəqliyyat infrastrukturu ildə 9-12 milyon ton həcmində yük axını və tranzitdaşıma qabiliyyətinə malikdir. “Şimal–Cənub” beynəlxalq dəhlizi vasitəsilə yük daşımalarının artımını qorumaq üçün “Rusiya Dəmir Yolları” ASC müəyyən yüklərin daşınması üçün tətbiq etdiyi güzəştlərin müddətini 2025-ci ilə qədər uzadıb. O cümlədən qara metalların Azərbaycanla sərhəddə yerləşən Samur sərhəd-keçid məntəqəsi və daha sonra Azərbaycan–Gürcüstan sərhədindəki Böyük Kəsik–Qardabani sərhəd keçid məntəqəsi vasitəsilə daşınmasına 50 faiz endirim tətbiq edilib. Hazırda Azərbaycan Rusiya ilə sərhəd zonasında marşrut xəttinin yenidən qurulması, Rusiya isə Dərbənd–Samur hissəsində və Dərbənd sərhəd-keçid məntəqəsində layihə-axtarış, tikinti-quraşdırma işlərini həyata keçirir. Marşrutun yükkeçirmə qabiliyyətinin 2027-ci ilin sonuna kimi 20 milyon tona çatdırılması planlaşdırılır.

Beləliklə, Şimaldan Cənuba yüklərin Azərbaycan vasitəsilə daşınması reallaşmağa doğru gedir. Qalır Tehranın bu beynəlxalq haba qoşulması...

İmran BƏDİRXANLI
XQ

 





Siyasət