“Nəlbəkidə fırtına yaradanlar”ın arzusu ürəyində qalır

post-img

ABŞ-nin “dirijor çubuğu”nu Avropada qələmlə sındırırlar

Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, unutmasınlar ki, həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, Azərbaycan cəmiyyəti daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil. Biz 30 il işğala məruz qalmışıq və Qərbdə Ermənistan işğalını pisləyən olmadı.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bir müddət əvvəl Azərbaycan jurnalistləri yazmışdılar ki, OCCPR deyilən təşkilat – Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi feyk qurumdur. Feyk olması cəhənnəmə, yaradıldığı gündən bəri Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin əlində alətə çevrilmişdir. Yəni təmtəraqlı adı olan bu qurumdan ölkəmizə qarşı informasiya müharibəsində bir vasitə kimi istifadə olunur.

Son zamanlar isə Avropanın kütləvi informasiya vasitələri yazırlar ki, Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə araşdırmasında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCPR-nin kimə mənsub olduğu, maliyyə mənbələri, əsl məqsəd və məramı ifşa edilib. Konkret olaraq göstərilir ki, bu qurum ABŞ tərəfindən Ağ evin rəqiblərinə qarşı silah kimi istifadə edilir.

Maraqlı məqamlardan biri də odur ki, ABŞ-nin “gizli silah”ını ifşa edənlərdən biri elə Birləşmiş Ştatlar kimi anti-Azərbaycan mövqedə dayanan Fransanın təmsilçisidir. Bu sətirləri qələmə almaq üçün “Mediapart”ın bəzi araşdırmalarına baxmaq istədim. Məlum oldu ki, 2008-ci ildə Fransua Bonne, Jerar Deporta, Lorana Modyui və Edvi Plenel ad-soyadlı dörd fransız jurnalistinin yaratdığı bu internet nəşr, sözün həqiqi mənasında, özünün siyasi tədqiqatları ilə məşhurdur.

Politoloq Pyerra –Andre Tağıyevanın fikrincə, fransız, ingilis və ispan dilində yayılan bu nəşr Fransa siyasətçiləri üçün qara kabusa çevrilmişdir. Onlar, həqiqətən, Fransa rəhbərliyinin çox ciddi siyası skandallarının üstünü açaraq cəmiyyətə təqdim etmişlər. Məsələn, onlar sübut ediblər ki, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2007-ci ildə Liviya lideri Müəmmar Qəddafidən, guya, seçkidəki təbliğatını təşkil etmək üçün 50 milyon avro vəsait almışdı. “Mediapart” soruşurmuş ki, demokratik ölkədə xalqdan gizli halda xaricdən alınan həmin vəsait hara getdi?

Yaxud bu sayt dövlət rəsmilərinin bir-birinin telefon danışıqlarını dinləməsi, eləcə də keçmiş nazir Jerom Kayuzakın ciddi korrupsiya əməlləri və İsveçrə bankındakı vəsaiti barədə olduqca əhatəli faktlar ortaya qoymuşdu. Belə olan halda “Mediapart”ın “OCCPR ABŞ-nin əlində silahdır” qənaətinə inanmayan qalarmı? Bizcə yox. Üstəlik, fransız jurnalistlər bu tədqiqatları Avropanın bu qəbildən olan digər nəşrləri ilə birlikdə aparıb və yekunlaşdırıblar.

Əslində, OCCRP-in feyk qurum olduğunu, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitə kimi istifadə edildiyini biz hamıdan, hətta fransız həmkarlarımızdan da yaxşı bilirik. Çünki Azərbaycanın beynəlxalq aləmdəki istənilən uğurundan dərhal sonra bu qurum vay-şivən qoparır ki, bu Cənubi Qafqaz respublikasında korrupsiya halları baş alıb gedir. Sonra məlum olurdu ki, korrupsiya halları ABŞ və Avropa ölkələrində istənilən MDB ölkəsindəkindən qat-qat artıqdır.

Məlum məsələdir ki, ABŞ-dəki korrupsiyanın və rüşvətxorluğun ağır fəsadlarını ən çox hiss edən ölkələrdən biri Azərbaycandır. Heç kəsin yadından çıxmayıb. Ötən əsrin doxsanıncı illərində işğalçı Ermənistan Azərbaycan ərazilərinin xeyli hissəsini qəsb edəndə ABŞ rəhbərliyi işğala məruz qalmış Azərbaycanı “Azadlıq aktına 907-ci düzəliş” adlı saxta sənədlə cəzalandırmış, Ermənistana isə hərbi, texniki, maddi yardım göndərmişdi. Bu ədalətsizlik, haqsızlıq göydən düşmüşdümü?. Yox! Bu haqsızlıq ABŞ-dəki erməni diasporunun və lobbisinin vəsaiti ilə satın alınmış insanlar tərəfindən törədilmişdi. Yəni öz nəfsinə sahib çıxa bilməyərək rüşvət alan, bütün dünyanın gözü qarşısında olan “ağa qara deməyi” vicdanına sığışdıran insanlar hansı üzlə “Azərbaycanda korrupsiya faktları var” deyə bilirdilər?

Yaxud, bu satılmışlar Azərbaycanda hansısa at oğrusunun, məişət zəminində kimisə döyən, öldürən şəxsin cəzalandırılması zamanı dərhal vay-şivən qaldırırlar ki, insan hüquqları pozuldu. Ancaq dövlət səviyyəsində vəhşilik edərək Xocalı soyqırımı törədiləndə, yaxud İrəvanın mərkəzində parlament binası gülləbaran ediləndə insan hüquqları Qərbdə heç kəsin yadına düşmür. Çünki dilləri qısadır. Satılıblar. Erməni diasporu bəzi ABŞ və Qərb siyasətçilərini mal bazarından qoyun-keçi kimi nəğd pulla alır. Elə isə korrupsiya əməlləri kimdədir?

Yeri gəlmişkən, bu ilin yayında ABŞ-də korrupsiyada təqsirli bilinən ermənipərəst senator Bob Menendes müstəqil namizəd kimi seçkidən çəkildiyini və siyasi karyerasına son qoyduğunu bildirmişdi. Xatırladaq ki, bu adam ömrü boyu rüşvətxor və korrupsioner olsa da, axır ki, bu il çökdürüldü. Nyu-York Məhkəməsi onu qəsbkarlıqda, ədalət mühakiməsinə mane olmaqda, Misir və Qətərlə əlaqəsi olan iş adamlarından xidmət müqabilində rüşvət almaqda təqsirli bilib. Onun Nyu-Cersidəki evində axtarış zamanı Federal Təhqiqatlar Bürosunun agentləri evdə gizlədilən təxminən yarım milyon dollar məbləğində nağd pul, həmçinin təxminən 150 min dollar dəyərində qızıl külçələr və dəbdəbəli “Mercedes-Benz” kabrioletini istintaqa təqdim etmişdilər. İndi təkrarən soruşuruq, korrupsiya hansı ölkədədir?

Qoy danışsınlar. Ölkəmizə qarşı hansı iftiranı, cəfəngiyyatı səsləndirirlərsə, səsləndirsinlər. Onsuz da atdıqları bütün oxlar indiyədək olduğu kimi, bundan sonra da daşa dəyəcək. Çünki onların əzmək istədikləri Azərbaycan otuz il əvvəldə qalıb. Azərbaycana qarşı hürən çox olsa da, indi heç kəs bizimlə diktə ilə danışa bilməz.

Bu məqamda başqa bir faktı da yada salaq. Söhbət könüllü olaraq erməni nökərinə çevrilmiş ABŞ konqresmeni Frank Peloninin Bakıdan qaçmasından gedir. Bizim Bakıda keçiriləcək COP29 tədbirinə dünyanın hər yerindən qonaq dəvət etməyimizdən həvəslənərək, Azərbaycana gələn Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıbmış.

Lakin Bakı Hava Limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni jurnalistlərin suallarını cavablandırmayıb.Yəni öz ölkəsində oturub xalqımızı təhqir etməsi az imiş kimi, paytaxtımızda da bizə qarşı hörmətsizlik elədi. Ona görə də yerli QHT rəhbərləri və ictimai fəallar bu erməni nökərinin qalacağı hotelin qarşısına toplaşdılar. Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişərək, otelə getməyib, qəfil COP29-da görünüb. Burada da yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər vəsait alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Üstəlik, ABŞ-nin qanunvericilik orqanından olan təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ora da qatılmayıb. Azərbaycanın bir qrup qəzəbli QHT rəhbəri və ictimai fəallarının “Pellone, rədd ol!”, “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni otelə mühafizəçilərinin və yerli hüquq-mühafizə orqanlarının köməyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edərək, xəlvəti şəkildə Bakıdan qaçıb. Həmin gün həmkarlarımızdan biri yazmışdı: “Rüşvətxorluğun, satılmağın nəticəsi budur, Peloni!”

Yəni Azərbaycana qarşı danışanlara dövlətimiz də, Prezidentimiz də, xalqımız da necə lazımdırsa, o şəkildə cavab verir. O ki qaldı xaricdəki bədxahlarımıza içəridən xəbər göndərən, məlumat ötürən “özümüzünkülərə” – onlara adamın yazığı gəlir. Məsələn, Xədicə İsmayıl adlı bir “xəbərçi” var. Aman Allah, bir adama neçə milyon soydaşı nifrət edə bilər? Bu adam, sözün həqiqi mənasında, bədbəxtdir. Uzun illər onunla eyni “cəbhədə” olanların hamısı artıq xeyli müddətdir ki, haqqın, ədalətin harada olduğunu görüb, öyrəniblər və dəstəkləyirlər. Xədicə isə hələ də bataqlıqdan çıxa bilmir.

Sonda xatırladaq ki, dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl maraqları olan və məqsədlərinə çata bilməyən Corc Soros, erməni fondları və s. bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatının – yuxarıda onun azərbaycancasını da yazmışıq – adından verilən feyk hesabatlara uyaraq ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyalarında bilavasitə iştirakçı qismində çıxış edən bəzi KİV-lər Azərbaycan haqqında ortaya atılmış yalan iddianı tirajlamaqla hansı ünvanlara “xidmət göstərdiklərini” gizlədə bilmirlər.

Hamıya gün kimi aydındır ki, OCCRP-nin büdcəsinin Avropa İttifaqı, Avropa ölkələri, xüsusilə ABŞ-dən aldığı vəsait hesabına formalaşdırılır. Yaydığı materiallar isə ABŞ kəşfiyyatı tərəfindən “kəşf edilir”. Yəni bizim üçün gizli qalan heç nə yoxdur.

İttifaq MİRZƏBƏYLİ

Siyasət