Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən səhralaşma üzrə COP16-da COP29-da təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirilib. Mərasimdə Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov çıxış edərək uğurla başa çatan COP29-da beynəlxalq sülhə xüsusi diqqət ayrıldığını qeyd edib.
COP29-un Azərbaycan sədrliyinin noyabrın 15-də xüsusi Sülh, Yardım və Bərpa Günü keçirdiyini xatırladan Xüsusi tapşırıqlar üzrə səfir mövzu ilə əlaqədar Bakı Çağırışının qəbul edilməsinin əhəmiyyətinə də toxunub. E.İskəndərov daha sonra bildirib: “Əvvəlki COP-larda da iqlim – sülh qovşağı müzakirə olunub. Lakin COP29-da zəruri təşəbbüsləri bir araya gətirən Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi həm iqlim fəaliyyətinin, həm də beynəlxalq sülhün inkişafı sahəsində beynəlxalq aləmin Azərbaycana göstərdiyi etimadın nümunəsidir. Bu mərkəz ümumi əhalisinin sayı 450 milyondan artıq olan, iqlim böhranı və münaqişələrin dağıdıcı nəticələrinə məruz qalan, xüsusilə həssas ölkələrə beynəlxalq dəstək və yardımın göstərilməsində aparıcı rol oynayacaq”.
Bakı İqlim və Sülh Mərkəzinin bir sıra BMT institutları və beynəlxalq yardım qurumları ilə əməkdaşlıq haqqında razılıqlar əldə etdiyini qeyd edən E.İskəndərov bildirib ki, bütün bu nəticələr COP29-un “Sülh COP-u” kimi tarixdə qalacağını deməyə əsas verir.
Qeyd edək ki, COP29-da yaradılmış Bakı İqlim və Sülh Mərkəzində Azərbaycan İngiltərə, Almaniya, İtaliya, Misir, BƏƏ və Uqanda ilə əməkdaşlıq edir. 29-cu iqlim konfransında qəbul edilmiş Bakı İqlim və Sülh Çagırışına əsasən, sözügedən mərkəzin daimi katibliyi Azərbaycanın ev sahibliyi ilə paytaxtımızda fəaliyyət göstərəcək.