Energetika naziri Pərviz Şahbazov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbətdə bu ölkənin ətraf mühit naziri Viriato Kassama, energetika və təbii sərvətlər nazirliklərinin, neft şirkətinin nümayəndələri də iştirak ediblər.
Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafı məqsədilə enerji sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib. Qvineya-Bisau Azərbaycanın neft-qaz, geoloji kəşfiyyat, enerji keçidi və dekarbonizasiya sahələrindəki təcrübəsinə maraq göstərib, potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Qonaqlara Azərbaycanın ənənəvi enerji üzrə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri, o cümlədən 12 ölkəyə qaz tədarükü barədə məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan enerji keçidi və dekarbonizasiya sahələrində irəliləyişlər əldə edir və qısa müddətdə 2 milyard dollardan çox investisiya cəlb edərək quraşdırılmış enerji gücündə bərpaolunan enerjinin payını 33 faizə yüksəldən layihələrin reallaşma mərhələsində olması bunun sübutudur.
Tədbirdə yeni qanunvericilik bazasının formalaşdırılması, beynəlxalq investorlarla birbaşa və hərrac yolu ilə əməkdaşlıq, eləcə də Azərbaycanla Türkiyə, Avropa və Mərkəzi Asiya arasında “yaşıl” enerji interkonnektorlarının yaradılması kimi milli və regional miqyaslı enerji keçidi kursu müzakirə edilib. Bununla yanaşı, COP29-un enerji təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb.