BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Ər-Riyadda keçirilən səhralaşma üzrə COP16 çərçivəsində “Torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılması üçün dövlət və özəl maliyyənin səfərbər edilməsi” mövzusunda Maliyyələşmə üzrə Nazirlər Dialoqunda çıxışı zamanı COP29-un dünya ölkələrinin razılığı ilə iqlim maliyyələşdirilməsi hədəfinə nail olduğunu bildirərək bu konfransı əsl dönüş nöqtəsi kimi dəyərləndirib.
İcraçı katib vurğulayıb ki, bu hədəf reallaşdırılsa, insanlıq üçün bir növ sığorta olacaq: “Biz bilirik ki, Yer üzündə həyatı dəstəkləyən sistemlər təhlükə altındadır. Torpaqların bərpası, quraqlığa qarşı dayanıqlılığın artırılması və iqlim dəyişiklikləri bir-biri ilə sıx bağlıdır. Buna görə də bu sığortanın hərtərəfli olmasını, investisiyaların qarşılaşdığımız çağırışları həll etməsini və sığorta ödənişlərinin tam və vaxtında yerinə yetirilməsini təmin etməliyik”.
Saymon Stil qeyd edib ki, torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın gücləndirilməsi üçün tələb olunan resursların səfərbər edilməsinin vaxtı çatıb: “Bu, torpaq resurslarının davamlı idarə edilməsinə, təbiətə əsaslanan həllərə, meşələrin bərpasına, həmçinin icmaların, kiçik fermerlərin, kiçik və orta müəssisələrin dəstəyinə sərmayə qoyulması deməkdir. Onlar kənd təsərrüfatları vasitəsilə dolanışıqlarını təmin edərək, adaptasiya etməyə hazırdırlar. Dünyanın müxtəlif yerlərindəki yerli icmaların təcrübələrindən öyrənməliyik. Onların yaradıcılığı uğurlar gətirir və bu, genişləndirilə bilər. Dövlət maliyyəsi çoxtərəfli inkişaf bankları və özəl investisiyalar burada mühüm rol oynayır. Bu müxtəlif maliyyə axınları birgə işlədikdə, daha böyük təsir yarada və daha çox insana kömək edə bilər”.