İtki və Zərərə Cavab Fondu Bakı konfransının töhfəsidir

post-img

Fransanın “La Gazette du Caucase” onlayn nəşrinin yaydığı məqalədə İtki və Zərərə Cavab Fondunun COP29 çərçivəsində fəaliyyətə başlaması ilə qlobal iqlim siyasətində tarixi dönüşün yarandığı bildirilir. Bu nailiyyət inkişaf etməkdə olan ölkələr, kiçik ada dövlətləri və iqlim dəyişikliyinin artan təsirlərindən qeyri-mütənasib dərəcədə əziyyət çəkən həssas icmalar üçün əhəmiyyətli irəliləyiş kimi dəyərləndirilir.

“La Gazette” vurğulayıb ki, COP29-a sədrlik edən Azərbaycanın rəhbərliyi ilə İtki və Zərərə Cavab Fondunun yaradılması qlobal həmrəyliyin güclü ifadəsi oldu. Bu mühüm addım iqlim dəyişikliyi fəsadlarının aradan qaldırılması üçün daha inklüziv və səmərəli həll yollarına böyük ümid verdi.

Məqalədə vurğulanır ki, İtki və Zərər Fondunun yaradılmasının əsası 2022-ci ildə Misirdə keçirilən COP27-də qoyulub. Həmin vaxt ölkələr iqlim fəlakətlərindən ən çox təsirlənmiş dövlətlərə kompensasiya ödənilməsi ilə bağlı tarixi razılığa gəlib. Lakin qəzetin qeyd etdiyi kimi, maliyyə öhdəlikləri və siyasi iradənin real hərəkətlərə çevrilib – çevrilməyəcəyi ilə bağlı şübhə qalırdı.

Nəşr daha sonra qeyd edir ki, COP28-in BƏƏ-də keçirilməsi bu istiqamətdə əhəmiyyətli bir mərhələ olsa da, Azərbaycanın sədrliyi ilə keçən COP29 İtki və Zərərə Cavab Fondunun tam fəaliyyətə başlamasına əlverişli şərait yaratdı.

“La Gazette” vurğulayır ki, İtki və Zərərə Cavab Fondu yalnız maliyyə vasitəsi deyil, həm də tarixi ədalətsizliyin etirafıdır. İnkişaf etmiş ölkələr istixana qazı emissiyalarını gücləndirən tərəflər olaraq indi resursların yenidən bölüşdürülməsi mexanizmləri vasitəsilə qasırğalar, daşqınlar və quraqlıq kimi fəlakətlərdən ən çox zərər çəkmiş ölkələr qarşısında məsuliyyət daşıyırlar.

Prezident İlham Əliyevin kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələrin problemlərinə diqqət ayırması Azərbaycanın bərabərlik və inklüzivliyə sadiqliyini vurğulayır.

“La Gazette”, həmçinin qeyd edir ki, 2025-ci ildən etibarən bu fondun iqlim dəyişikliyinə davamlılığı artırmaq məqsədilə layihələri maliyyələşdirməyə başlaması gözlənilir. Bu layihələrə dağıdılmış infrastrukturun bərpası, köçkünlərə yardım və həssas bölgələrdə adaptasiya potensialının gücləndirilməsi daxildir. Nəşr bununla yanaşı, sözügedən fondun innovativ maliyyə mexanizmlərini stimullaşdırmaq potensialını da xüsusi qeyd edir.

Yuxarıda qeyd edildiyi kimi, İtki və Zərərə Cavab Fondunun yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınıb. Əsas məqsəd isə bu maliyyə qurumunun iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək olub. BƏƏ-də keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub. COP29 Sədrliyi tərəfindən isə İtki və Zərərə Cavab Fondunun fəaliyyətinin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, bu istiqamətdə İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlığa başlanılıb.

Cari ilin sentyabrında İtki və Zərərə Cavab Fondu İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı adıçəkilən qurumun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru təyin edilib. COP29 çərçivəsində isə İtki və Zərərə Cavab Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərərə Cavab Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.

Çoxtərəfli İnkişaf Bankları (MDB-lər) 2030-cu ilə qədər iqlim tədbirlərinə illik 170 milyard ABŞ dolları töhfə verməyi, bunun 120 milyard ABŞ dollarının aşağı və orta gəlirli ölkələrə yönəldiləcəyini açıqlayıblar.

İtki və Zərərə Cavab Fondunun 2025-ci ilə qədər maliyyə ayırmağa hazır olmasını təmin edərək, töhfə verən tərəflərin razılaşmalarını və vədlərini əldə edib, həmçinin Filippinlə ev sahibi ölkə müqaviləsinin imzalanması və Dünya Bankı ilə ev sahibi və qəyyumluq müqavilələri imzalanması təmin edilib.

 

Ekologiya