COP29 prezidenti COP16 konfransında

post-img

Ər-Riyadda iqlim maliyyələşdirilməsi müzakirə edilib

COP29-un “X” sosial şəbəkəsindəki hesabında verilən paylaşımda Ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayevin COP16 prezidenti Abdel Rəhman Əl-Fadli, eləcə də Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim üzrə elçisi Adel Əl-Cubeyr ilə iqlim maliyyələşdirilməsini müzakirə etdiyi bildirilib.

Xatırladaq ki, COP29 prezidentinin bu görüşü Ər-Riyadda keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində keçirilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev səhralaşmaya qarşı mübarizə üzrə COP16 çərçivəsində keçirilən Maliyyələşmə üzrə Nazirlər Dialoqunda isə COP29 çərçivəsində torpaqların deqredasiyası, səhralaşma və quraqlıq problemlərinin həlli ilə bağlı mühüm irəliləyiş əldə olunduğunu vurğulayıb.

COP29 prezidenti daha sonra bildirib: “Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası elm və siyasət platformasının məlumatlarına görə, torpaqların deqredasiyası, səhralaşma və quraqlıq hər il qlobal iqtisadiyyata, təxminən, 10 trilyon dollar ziyan vurur. Bu problemlər ekosistemlərə, qida təhlükəsizliyinə və icmaların rifahına ciddi təsir göstərir.

Bakıda COP29 çərçivəsində bu çağırışların həllində mühüm irəliləyiş əldə edilib. Əsas uğurlardan biri İtki və Zərər Fondunun fəaliyyətə başlaması olub. Bu fond iqlim dəyişikliklərindən, o cümlədən quraqlıqlardan ən çox təsirlənən ölkələrə vacib maliyyə dəstəyi göstərəcək. Bu, iqlim itkisi və zərəri probleminin həllində böyük bir irəliləyişdir və həssas icmalara torpaqların deqredasiyasının nəticələri ilə mübarizə aparmağa kömək edəcək”.

M.Babayev vurğulayıb ki, COP29-un daha bir mühüm nailiyyəti iqlim dəyişikliyinə qarşı ən həssas ölkələri dəstəkləmək üçün yeni iqlim maliyyələşdirilməsi hədəfi ilə bağlı tarixi razılaşmanın əldə edilməsi olub. Bu razılaşma çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə illik 100 milyard dollardan 2035-ci ilə qədər 300 milyard dollara qədər 3 dəfə artırılacaq, dövlət və özəl mənbələr hesabına isə illik 1,3 trilyon dollar səfərbər ediləcək. Bu, torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılması səylərinin gücləndirilməsi üçün mühüm bir mərhələdir. Biz qəbul etməliyik ki, torpaqların bərpası uzunmüddətli investisiyalar tələb edir. Bu layihələr hər zaman dərhal nəticə verməsə də, uzunmüddətli perspektivdə onların ekosistemlər və icmalar üçün faydaları çox böyükdür.

Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri bildirib ki, COP29 çərçivəsində “Harmonia” Bakı İqlim Təşəbbüsü istifadəyə verilib: “Bu təşəbbüs kənd icmalarını, qadınları və gəncləri dəstəkləməyə yönəlib. Əsas məqsəd çoxtərəfli və milli inkişaf bankları arasında əməkdaşlığı gücləndirməklə iqlimə davamlı kənd təsərrüfatının inkişafıdır. Təşəbbüs maliyyə çatışmazlığının aradan qaldırılmasına, torpaq eroziyasının qarşısının alınmasına, davamlı kənd təsərrüfatı metodlarının təşviqi vasitəsilə fermerlərin dəyişən iqlimə uyğunlaşmasına dəstək verməyə hədəflənib”.

Nazir əlavə edib ki, COP29-un digər mühüm nailiyyəti Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə tətbiq olunmasıdır. Bu, torpaqların və meşə təsərrüfatının bərpası üçün dövlət və özəl investisiyaları cəlb edərək beynəlxalq karbon bazarlarına çıxış imkanı yaradır, maliyyə mexanizminin tam potensialını reallaşdırmaq üçün əsas maneələrin aradan qaldırır.

Yeri gəlmişkən, Paris Sazişinin 6-cı maddəsində iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının gerçəkləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının həyata keçirilməsi nəticəsində xərclərin ildə 250 milyard dollara qədər azalcağı gözlənilir.

COP29 Sədrliyi isə Tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Gələn ilin fevral ayında təqdim ediləcəyi planlaşdırılan növbəti nəsil etibarlı və şəffaf karbon bazarlarının yaradılması dünyanın 1,5 dərəcə hədəfinə çatmaqda mühüm əhəmiyyət daşıyır.

İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınması kimi məsələləri əhatə edir. Ekspertlərin fikrincə, bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Eyni zamanda, həmin maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsini şərtləndirir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP16 çərçivəsində keçirilən Maliyyələşmə üzrə Nazirlər Dialoqunda çıxışında, həmçinin bildirib ki, özəl sektorun iştirakını təşviq etmək üçün uyğun siyasət, tənzimləmə və maliyyə stimulları vasitəsilə əlverişli şəraitin yaradılması olduqca əhəmiyyətlidir. Dövlət maliyyələşdirilməsi, o cümlədən qrantlar, subsidiyalar və vergi güzəştləri torpaqların bərpasına yönəlmiş uzunmüddətli layihələrin başlanmasına töhfə verə bilər. Bu layihələr həm ekoloji, həm də sosial uğurların gerçəkləşdirilməsini şərtləndirir.

 



Ekologiya