Məsuliyyətsizlik

post-img

Dövlətin uğurlu sosial siyasətinə kölgə salmaq cəhdləri

Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla ədaləti və beynəlxalq hüququ gerçəkləşdirən Azərbaycan dövləti bu gün dünyada həm də vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasəti ilə diqqət çəkir.

“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”, – deyən Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə davamlı sosial inkişafı, sosial müdafiə və fəal məşğulluq proqramlarının uğurla davam etdirilməsini, sosial təminat sisteminin getdikcə güclənməsini şərtləndirir.

Bu fikrin təsdiqi olaraq bəzi faktlara diqqət yetirək:

– son 5 ildə Azərbaycanda əlilliyə görə pensiyalar 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb;

– 2018-ci ildə əlilliyə görə sosial ödənişlərin ümumi məbləği 1,2 milyard manat olduğu halda, bu gün həmin rəqəm 2,5 milyard manata yaxınlaşıb. Əlilliyi olan şəxslərə ödənilən məbləğ isə 1,3 milyard manata çatıb;

– bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verilib;

– post-müharibə dövründə müavinət və təqaüdlər orta hesabla 2 dəfəyədək artırılıb;

– şəhid ailə üzvləri: 8818 nəfərə (3323 şəhid, o cümlədən 86 mülki) 17405 xidmət göstərilib;

– 2021-ci ildən indiyədək şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə 16 min mənzil və fərdi ev verilib;

– 2021-ci ildən indiyədək 7 min 700 müharibə əlilinə avtomobil verilib;

– özünüməşğulluğa 12,1 min nəfər cəlb edilib;

– 490 hərbçiyə 599 yüksək texnologiyalı protez, 2232 müharibə əlilinə 61,1 min reabilitasiya vasitəsi verilib.

Azərbaycan dövlətinin uğurlu və davamlı sosial siyasəti ölkəmizin növbəti il üçün büdcə layihəsində daha əhatəli və geniş məzmunda əksini tapıb. Yeni seçilmiş Milli Məclisin bu günlərdə keçirilən komitə və ümumi iclaslarında layihənin əhatəli və konstruktiv müzakirəsi gedir. 2025-cü ilin Dövlət büdcəsi yeni təklif və mülahizələrlə zənginləşdirilir. Mərkəzi və yerli icra qurumlarının daha səmərəli fəaliyyəti, sosial-iqtisadi və mədəni sferalarda uğurların artırılması, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, xalqın rifahının daha da yaxşılaşdırılması üçün söylənən dəyərli, faydalı mülahizələr təqdir olunur, qeydə alınır.

Lakin büdcənin sosial bölümünün müzakirəsi ilə bağlı bəzi deputatların məsuliyyətsiz, məsələyə bələdlikdən uzaq, guya, seçicilərin maraqlarını ifadə edərək söylədikləri səbatsız mülahizələr, ilk növbədə, seçicilərin özündə ciddi narazılığa səbəb olub. Həmin deputatların söylədiklərindən məlum olur ki, onlar müzakirə edilən sosial büdcədə nəzərdə tutulmuş müsbət tədbirlərdən xəbərsizdirlər. Seçicilər və icra qurumları onlara xatırladırlar ki, söylənən iradlar ya əsassızdır, ya da ki, artıq həllini tapmışdır.

Milli Məclisdəki belə arzuolunmaz və seçiciləri həyəcanlandıran müzakirə, istər-istəməz, Azərbaycan parlamentarizminin yaxın tarixinə nəzər salmağa ehtiyac yaradır.

Ümumilli lider Heydər Əliyevin milli dövlət quruculuğunda çoxpartiyalı demokratik parlamentin formalaşdırılması önəmli yer tutur. Sovet epoxasının qürubu və müstəqilliyin ilk illərində yalançı vədlər, populist çıxışlarla xalqı aldadıb millət vəkili olanların parlamenti rinqə çevirdiklərini, ölkənin taleyini şəxsi və qrup maraqlarına qurban verdiklərini ötəri xatırlamaq belə bu gün hamımızda məyusluq yaradır.

Ulu öndərin zəkası və xeyir-duası, xalqın aldığı ibrət dərsi əsasında seçilən ilk demokratik Milli Məclis ölkənin siyasi, iqtisadi, mənəvi böhrandan çıxması, sabitlilin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, hərtərəfli dirçəlişə nail olunması üçün zəruri hüquqi-normativ baza və vətəndaş həmrəyliyi platforması yaratdı. Bütün bunlar sonrakı çağırış parlamentlərin daim təkmilləşən fəaliyyəti ilə Azərbaycanı indiki tərəqqiyə və zəfərlərə qovuşdurdu, müstəqil dövlətçiliyimizin tarixinə demokratizmin təntənəsi kimi yazıldı.

Ötən çağırış parlamentlərin fəaliyyətində bir diqqətçəkən, önəmli məqam isə ondan ibarətdir ki, xalq ali qanunverici qurumda onun maraqlarını qoruyan, dövlətin daxili və xarici siyasətinin uğurlar qazanmasında fəal iştirak edən deputatlara təkrar və dəfələrlə etimad göstərib. Əksinə, onu seçən insanların gözləntilərini doğrultmayan, şəxsi maraqlarını üstün tutan, dövlətçiliyə qarşı zidd addımlar atan, ümumi inkişafa töhfə verməyən elçilərinə isə təkrar etimad göstərməyib. Bir sıra hallarda isə vətənə xəyanət edən, cinayət törədən deputatlar dərhal geri çağırılıb, mandatları əllərindən alınıb və törətdikləri bəd əməllərin cəzasını çəkiblər.

Ötən gün redaksiyamıza daxil olan seçici müraciət və xatırlatmalarında bir ortaq fikir üstünlük təşkil edir: Xalqın adından gərəksiz açıqlamalar vermək, dövlətin uğurlu siyasətinə kölgə salmaq yolverilməzdir. Xalqın etimadından sui-istifadə etmək, naşı və qərəzli mülahizələr söyləmək etimadı itirməyə yönəlib. Onların deputat adına, ləyaqətinə, statusuna uyğun gəlməyən kiçik bir sözü belə seçiciləri məyus edir, narazı salır. Dövlətin sosial siyasətini həyata keçirən mərkəzi icra qurumundan da əsassız ittiham və populist çıxışlarla bağlı açıqlama almışıq.

Bildirilir ki, Milli Məclisin son plenar iclaslarında bəzi deputatların sosial sahə ilə bağlı səsləndirdikləri fikirlər gerçəkliyə yox, şəxsi mülahizələrə, subyektiv yanaşmalara əsaslanır. Bunun təsdiqi olaraq əvvəlcə özünüməşğulluq proqramı ilə bağlı deyilənlərə diqqət yetirək.

Deputat Siyavuş Novruzov iddia edir ki, xəstə mal-heyvanlar insanlara veriləndən 3 gün sonra ölür. Həmin şəxslərin isə bu imkandan yalnız bir dəfə yararlanmaq imkanı var. Kəndliyə iki inəklə bərabər bir illik qarantiya və heyvanın, ən azı, 3 aylıq yeminin də verilməsi zəruridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu iddia ilə bağlı mövqeyi isə belədir: Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramı işsiz şəxslərin məşğulluğunun gerçəkləşdirilməsinə və kiçik biznesə çıxış imkanlarının artırılmasına önəmli dəstəkdir. Proqrama müraciət zamanı əsasən şəhid ailəsinin üzvlərinə, əlilliyi olan və ünvanlı sosial yardım alan şəxslərə, ümumiyyətlə, həssas təbəqədən olanlara üstünlük verilir. Hazırda işsiz və işaxtaran şəxslərə proqram əsasında kənd təsərrüfatı üzrə 4, istehsal və xidmət sahələri üzrə isə 23 olmaqla, ümumilikdə, 27 özünüməşğulluq zərfi üzrə mal və materiallar formasında aktivlər təqdim edilir.

Bildirilir ki, 2017-ci ildə ölkəmizdə özünüməşğulluq proqramının icrasına başlanıb və həmin illə müqayisədə adıçəkilən proqrama cəlb olunan şəxslərin illik sayı 15 dəfəyədək artıb. Özünüməşğulluq proqramına cəlb olunanların sayının isə gələn il artıq 100 mini ötəcəyi nəzərdə tutulub.

Hazırda işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün də özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatların qurulması işlərinə başlanılıb. Həmin sakinlərdən artıq 136 nəfər proqram çərçivəsində mal və materiallarla təmin edilərək onlar üçün kiçik ailə təsərrüfatları qurulub.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunur. Təlimləri bitirdikdən sonra isə biznes planlarına uyğun olaraq mal və materiallarla təmin edilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılır. Proqram çərçivəsində mal və materiallar formasında aktivlər (o cümlədən mal-qara) proqram iştirakçısına o, yalnız bu aktivlərdən məmnun olduğunu bildirdikdə təqdim edilir. Proqram iştirakçısı aktivlərdən razı olmadıqda aktivlər yeniləri ilə əvəzlənir. Vətəndaş razılıq əlaməti olaraq aktı imzaladıqdan sonra ona aktivlər verilir və proses zamanı onun bu aktivlərdən razı qaldığını bildirdiyi videoçəkiliş də aparılır.

Deputat Siyavuş Novruzovun mal-heyvanların xəstə olması iddiasına gəldikdə isə, xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin aktı, heyvanların xəstə olmadığı barədə baytarlıq arayışları və sertifikatları da vətəndaşa aktivlərlə birgə təqdim edilir. Bir ay ərzində aktivlərin keyfiyyətində vətəndaşın günahı olmadan baş verən hər hansı pozuntuya görə zəmanət verilir və belə halda aktivlər 30 gün müddətində dəyişdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsaslanaraq bildirək ki, özünüməşğulluq proqramına cəlb olunanlara aktivlərin verilməsi prosesini əks etdirən video və fotomateriallar, iştirakçıya aktivlərin təhvil verilməsinə dair akt, verilmiş aktivlərin sayı, keyfiyyəti barədə bütün materiallar “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı iştirakçıları barədə məlumat” altbölməsində ictimaiyyətə açıqlanır. Deputat Siyavuş Novruzovun özü də istənilən proqram iştirakçısına verilən mal və materiallarla, aktivlərin təqdimatı prosesi ilə həmin bölməyə daxil olub tanış ola bilər.

Siyavuş Novruzovun hökumətin sosial siyasəti ilə bağlı əsassız narazılığı bununla kifayətlənmir. Deputatın müharibə veteranlarına “canıyananlığı” da diqqət çəkir. İddia edir ki, onlar əlillik təyinatı alan zaman problemlərlə üzləşirlər. Hətta bu fikrində tənqidi “hansısa komputer”in üzərinə yönəldir, müharibə veteranlarına olan “haqsızlığı” texniki qüsurla bağlayır və iddiasına kövrək notlarla nöqtə qoyur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məsələ ilə bağlı faktlara əsaslanan məlumatı Siyavuş Novruzovun həqiqətdən nə qədər uzaq olduğunu göstərir: “44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4,1 mindən çox hərbi qulluqçuya əlillik təyin edilib. Həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, müvafiq hərbi həkim komissiyalarından şəhadətnamə və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edildikdən sonra onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilir. Əlillik təyin edildikdən sonra onlara elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin edilir”.

Təkcə bu fakt – 4,1 mindən çox hərbi qulluqçuya əlillik təyin edilməsi Siyavuş Novruzovun hökumətin bu istiqamətdə siyasəti ilə bağlı narazılığının əsassızlığını aydın göstərir və müharibə veteranlarına “canıyananlığı”nın nə ilə bağlı olması sualını yaradır…

Siyavuş Novruzovun “vətəndaş və deputat çağırışına” qoşulan Milli Məclis üzvlərindən Səyyad Salahlı, Razi Nurullayev və Arzuxan Əlizadə də bilməmiş deyillər ki, möhtəşəm tarixi Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gerçəkləşdirdiyi həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə vurğulanan kateqoriyalara aid vətəndaşlardan ibarət artıq 130 min şəxsə dəstək yönümlü 363 min xidmət göstərilib.

Belə ki, həmin paket çərçivəsində 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,2 min şəxsə birdəfəlik ödəmə təyin olunub, mənzillə təminat proqramı 5 dəfə genişlənib, şəhid ailələri üzvləri və müharibə ilə əlaqədar əliliyi olan şəxslərə 6326 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 68,1 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2232 şəxs 61,1 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 599 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Bu mövzuda “yanğı” ilə danışan adları çəkilən deputatlara xatırladırıq ki, bu gün aparılan siyasətin əsas hədəfi əmək qabiliyyətli insanların, həmçinin sağlam və əmək qabiliyyətli olan müharibə veteranlarının passiv deyil, aktiv vasitələrlə rifahına dəstək göstərməkdir. Sosial dəstək paketi çərçivəsində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 24,4 min şəxsin məşğulluğu təmin edilib. O cümlədən şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 12,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb.

Deputat Razi Nurullayevin “Ünvanlı sosial yardım yoxlaması aparılan zaman soyuducuları açıb yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. Ola bilər ki, həmin ailəyə kimsə bir kisə un, bir kisə kartof gətirib” sözləri heç də onun millətə vəkilliyinin xarakterini müəyyənləşdirmir. Çünki bu fikirlər əsl həqiqətlə səsləşmir, dövlətimizin sosial siyasətinin təhrifinə yönəlib. Halbuki aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması və onların sosial müdafiə tədbirləri ilə əhatə olunmaları danılmaz faktdır. Təkcə orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrin də dövlət tərəfindən ünvanlı sosial yardımla təmin edilmələri ölkədə hamıya məlumdur.

Yeri gəlmişkən, həmin yardımların məbləği ildən-ilə artır. Buna misal olaraq, son 5 ildə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 3 dəfəyədək artaraq bu ilin 1 noyabr tarixinə 468 manata çatıb. Ünvanlı dövlət sosial yardımı həmin yardımı almaq üçün elektron qaydada edilmiş müraciətlərə əsasən və bu müraciətlərə baxılaraq verilmiş qərarlar əsasında təyin olunur. Müraciətlərə baxılması e-sistem üzərindən müxtəlif qurumların e-məlumat bazaları ilə inteqrasiya şəraitində, şəffaf şəkildə həyata keçirilir.

Son illər aparılan sosial islahatlar ünvanlı dövlət sosial yardımına əlçatanlığın daha da artırılmasına imkan verib. Belə ki, ünvanlı yardımın təyinatı şərtləri xeyli yumşaldılıb. Ünvanlı yardım üçün müraciət edən zaman ailədən tələb olunan məlumatların sayı da əhəmiyyətli dərəcədə azaldılıb.

Yeri gəlmişkən, 2024-cü ilin iyun ayından “Ünvanlı yardım” elektron sistemi yenidən qurulub və ünvanlı yardım üçün müraciət edən şəxslərdən artıq bir çox məlumatların qeyd edilməsinə ehtiyac qalmayıb. Həmin məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunmağa başlayıb.

Qeyd edək ki, ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün vurğulanmadığı aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılıb.

Təbii ki, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərə baxılması zamanı ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən ailənin guya qazanına, soyuducusunun içinə baxılması barədə qeyd edilənlər isə əsassızdır. Əyani müayinə ailənin tərkibi və ailənin məişət şəraitinin ailəni təmsil edən şəxsin müraciəti zamanı qeyd etdiyi rəsmi gəlirləri ilə uyğun olub-olmadığının müəyyənləşdirilməsi ilə aparılır. Bütün müayinələr videoçəkilişlə gerçəkləşdirilir.

Bu məqamda deputat Ceyhun Məmmədovun heç bir fakta əsaslanmayan fikrinə də nəzər salaq: “Əgər bir insan qolunu və ya ayağının birini itiribsə, onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur”.

C.Məmmədovun bu fikri heç bir reallığa əsaslanmır. Deputat bilməlidir ki, müvafiq qanunvericiliyə görə, əlillik müddətli və müddətsiz (ömürlük) müəyyənləşdirilir, əzaların amputasiyası və ya sağalmaz xəstəlik kimi geridönməz hallar olduqda isə şəxsə əlillik ömürlük təyin olunur və heç vaxt təkrar müayinəsi aparılmır.

Deputat Jalə Əliyeva isə Zərdab, Kürdəmir və Ucar rayonlarında ən böyük problemin işsizliklə bağlı olduğunu qeyd edir: “Qəbuluma gələnlərin 70-80 faizi işlə bağlı müraciət edir. Regionlarda əmək bazarını tənzimləmək üçün istehsalat müəssisələrinin açılması vacibdir. İşsizliyin aradan qaldırılmasının ən effektiv yolu kənd təsərrüfatının inkişafıdır. Amma az gəlirli ailələr onlara ayrılan pay torpaqlarından effektiv istifadə etmir. İşsizlik kəndlərin demoqrafik balansına da mənfi təsir edir. Gənclər şəhərlərə gəlməyə can atırlar”.

Deputatın bu fikirləri ilə bağlı onu qeyd edə bilərik ki, respublikamızda aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2018-2024-cü illər ərzində 624 min nəfər, o cümlədən bu ilin 10 ayında 137 min nəfər işlə təmin olunub. Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı da proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyədək artıb.

Bu proqramın əhatə etdiyi şəxslərin sayının gələn il 100 mini ötəcəyi gözlənilir. Məşğulluğun təminatında mühüm rola malik olan peşə hazırlığı kurslarının təşkili də davam etdirilir. Xatırladaq ki, 2018-2024-cü illərdə 35 min nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin sosial siyasəti vətəndaşların, ilk növbədə, həssas qrupların qayğı və ehtiyaclarının dolğun ödənilməsinə yönəlib. Bunu görmək istəməyən, yaxud görə bilməyən deputat, görünür, bir şəhid ailəsinin də qapısını açmayıb, bir qazinin də ağrı-acısına şərik olmayıb. Belələri bilməlidirlər ki, seçicilər onlara mandat verdiyi kimi, su bulandıranları, ara qarışdıranları geri də çağıra bilərlər.

XQ-nin analitik qrupu













Siyasət