Daşkənddə Özbəkistan İnkişaf və Tənzimləmə Agentliyi Asiya İnkişaf Bankı ilə birgə “Regional enerji islahatları: tənzimləyici təcrübələrin gücləndirilməsi” adlı sammit keçirib. Beynəlxalq toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Türkiyədən olan ekspertlər də iştirak ediblər.
Ölkəmizi məclisdə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin şöbə müdirlərii Ağa Hacızadə və Elmar Güləliyev təmsil ediblər.
Özbəkistan İnkişaf və Tənzimləmə Agentliyinin direktoru Şerzod Xocayev bildirib ki, qlobal dəyişikliklər və texnologiyanın sürətli inkişafı şəraitində bizim vəzifəmiz təkcə tendensiyaları izləmək deyil, həm də digər ölkələrin ən yaxşı təcrübələrini nəzərə alaraq strategiyamızı formalaşdırmaqdır. Son 5 ildə respublikada elektrik enerjisinə tələbat 1,6 dəfə artıb. Hazırda bu rəqəm ildə 86 milyard kilovatsaata çatıb. Artan tələbatı ödəmək üçün 2030-cu ilə qədər hasilatın həcmi 135 milyard kilovatsaata çatdırılmalıdır.
Sonra iştirakçı ölkələrin nümayəndələri “Regional enerji islahatları: tənzimləyici təcrübələrin gücləndirilməsi” sammitində çıxış ediblər.
Sammitdə tənzimləyici islahatların əsasları, enerji bazarının dinamikası, davamlı enerjiyə keçid, sənayedə rəqəmsallaşma və innovasiyalar müzakirə olunub.
Ağa Hacızadə təmsil etdiyi agentliyin fəaliyyəti haqqında danışaraq deyib ki, yarandığı gündən agentlik elektrik enerjisi sahəsinin liberallaşdırma yolu ilə yenidən qurulması, həmçinin elektrik enerjisi bazarlarnın yaradılması və bu sahədə dövlət tərəfindən tənzimləmə rəcrübəsini öyrənir. Bununla əlaqədar müxtəlif dövlətlərin, beynəlxalq institutların, təşkilatların və professional birliklərin tənzimləyiciləri ilə sıx əməkdaşlıq qurulub.
Bildirilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Avropa Enerjitənzimləyicilər Şurası kimi beynəlxalq maliyyə İnstitutları, həmçinin xarici dövlətlərin əlaqəli qurumları ilə münasibətlər yaradılıb.
Azərbaycanın və Özbəkistanın energetika nazirlikləri arasında isə münasibətlərin inkişafı ilə bağlı 2023-2025-ci illər üçün Yol Xəritəsi qəbul olunub.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd